AZ EN RU

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidən qurulub

1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada  təhsilin inkişafına töhfələr vermişdir. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, müasir maddi-texniki baza və tədris şəraiti yaradılmışdır.

Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, məktəbdə kompüterlər, döşəmə, istilik və elektrik sistemləri, partalar yenilənmiş, divar və tavanlar təmir olunmuş, kimya və biologiya laboratoriyaları yaradılmış, 2 elektron lövhə quraşdırılmış, tibb otağı, idman zalı və hərbi kabinə yenidən qurulmuşdur. Hazırda üçmərtəbəli 276 şagird yerlik məktəbdə 15 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kompüter, direktor, psixoloq, müəllimlər, tibb otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və idman zalı yerləşir. Təhsil ocağında 24 kompüter və 4 elektron lövhə quraşdırılmışdır. Məktəbin kitabxana fondunda 6562 kitab vardır.

STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Elektron dövriyyə və mühəndislik dəsti ilə radio”, “Çaylarda su səviyyəsini ölçən cihaz” və “Sənayedə avtomatik ip sarıyan mexanizm” layihələrini təqdim etmişlər.

Müəllim Nübar Sadiqova yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Hüseyn Cavid-140” mövzusunda keçilən interaktiv dərsi izləmişdir.

Birinci sinif şagirdi Kəmalə Qurbanlı ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləmişdir.

Hərbi kabinənin lazımi vəsaitlərlə təchizatı hərbi hazırlıq və hərbi-vətənpərvərlik işinin təşkilində mühüm əhəmiyyət daşıyır. Hərbi rəhbər Novruz Novruzov bildirmişdir ki, məktəbin 2 məzunu Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir. Ötən dövrdə hərbi idman oyunlarında fəal iştirak edilmiş, muxtar respublika və ölkə birinciliklərində nailiyyətlər qazanılmışdır.

Naxçıvanda Distant Təhsil Mərkəzi

istifadəyə verilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır. Qəbul olunmuş Dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açmışdır. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır.

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların məktəbin pedaqoji işçiləri vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsini təmin etməkdən ibarətdir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir və tədris məktəbin müəllimləri tərəfindən ibtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə aparılır. Bu da gələcəkdə onlara öz təhsillərini distant olaraq ali təhsil pilləsində davam etdirmək imkanı verəcəkdir.

Mərkəz üçün 9 sinif otağı və direktor müavini otağı ayrılmış, hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılmışdır. Muxtar respublika üzrə I-IX siniflər üzrə 24 şagird distant təhsilə cəlb olunmuş, şagirdlərin evlərinə internet xətti çəkilmiş, hər bir şagirdə 1 kompüter olmaqla, ümumilikdə, 24 kompüter, məktəbli forması, dərs ləvazimatları və dərslik verilmişdir.

Müəllimlərdən Sərfinaz Quliyeva və Aynur Orucova, valideyn Nuriyyə Adıgözəlova yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri distant tədris prosesi ilə maraqlanmış, şagirdlərlə söhbət etmişdir. Distant təhsil alan Sənan Adıgözəlov və Hüseyn Əliyev videobağlantı vasitəsilə ümummilli liderimiz Heydər Əliyevə və üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söyləmişlər.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və distant təhsil üzrə direktor müavini Aynur İmamquliyeva Distant Təhsil Mərkəzinin və müvafiq kateqoriyadan olan uşaqların təhsilə cəlbinin əhəmiyyətindən danışmışlar.

Sonra pedaqoji kollektivlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin müəllimi Günay Əliyeva çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzdində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, tədrisin yaradılan şəraitə uyğun qurulmasının əhəmiyyətini vurğulamışdır.

Məktəb binasının həyətində də abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 19.10.2022 18:38