AZ EN RU

Naxçıvan şahmatçısı Avropa çempionu olub

Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin Avropa çempionatı keçirilib. Avropa Şahmat Birliyi (ECU) və Albaniya Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionata 25 ölkədən 208 şahmatçı qatılıb. Qitə yarışında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə yığma komandasının üzvləri, Naxçıvan şahmatçıları, eləcə də çempionata müstəqil olaraq qoşulan təmsilçilərimiz iştirak ediblər.

Ölkəmizi təmsil edən şahmatçılar 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Bununla Azərbaycan komandası ümumi medal sıralamasında 3-cü yeri tutub.

Yarışda iştirak edən 5 Naxçıvanlı şahmatçıdan ikisi ilk üçlüyə düşə bilib. Həmin idmançılarımızdan biri qızıl, digəri gümüş medal qazanıb. Belə ki, 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov 9 oyuna 7,5 xal toplayaraq çempionluq sevinci yaşayıb. Mirsaleh Seyidli isə 13 yaşadək oğlan şahmatçılar arasında 7 xalla ikinci olub. Digər Şahmatçılarımızdan Seyid Hüseyn (U17 oğlanlar) dördüncü, Nazlı Hümbətova isə (U17 qızlar) beşinci sırada qərarlaşıb.

Məlumat üçün bildirək ki, Naxçıvan şahmatçıları arasında sonuncu dəfə belə bir yüksək nəticəyə 2013-cü ildə nail olunmuşdu. Rauf Murtuzov Serbiyanın Novi Sad şəhərində qitə çempionu olmağı bacarmışdı.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.05.2023 16:37