AZ EN RU

Naxçıvan şahmatçılarından 8-də 8!

Türkiyənin Elazığ şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunmuş “Elazığ Belediyyesi Yüzyılın Hamlesiİ Satranç Turnuvası” adlı açıq turnir keçirilib. Muxtar respublikadan yarışa qatılan 8 şahmatçının hər biri mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, Naxçıvan Şahmat Federasiyasının idmançılarından 2-si qızıl, 1-i gümüş, 1-ü bürünc medal qazanıb, digər 4-ü isə müxtəlif pillələrdə mükafatçı olub.  

Ən güclülərin yer aldığı “A” qrupunda Sadiq Qarayev (6 xal)  4-cü, Beynəlxalq usta Toğrul Həsənzadə (5,5 xal) 7-ci, qrossmeyster Urfan Sevdimalıyev (4,5 xal) 13-cü, FIDE ustası Nəsrin Babayeva (2,5 xal) isə qadınlar arasında 3-cü yerin sahibi olub. Hüseyn Qənbərli 6 xallıq nəticə ilə “C” qrupu ikinci sırada tamamlayıb.

Təmsilçilərimizdən Yasin Əzimov son vaxtlardakı uğurlu seriyanı davam etdirərək növbəti nailiyyətinə nail olub. 10 yaşadək şahmatçılar arasında 9 mümkün xaldan cəmi yarım xal az toplayan idmançı bu yaş kateqoriyasında bütün rəqiblərini üstələyib. Mirsaleh Seyidli də qızıl medal sevinci yaşayıb. U14 yaş kateqoriyasında mübarizə aparan Mirsaleh 8,5 xallıq nəticə ilə birinci olub. Ercan Sevdimalı (6 xal) eyni yaş kateqoriyası üzrə 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə 5 ölkədən ümumilikdə 300-dən çox şahmatçı mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.11.2023 19:17