AZ EN RU

Naxçıvan şahmatçıları üçün uğurlu tur

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının 5-ci turu arxada qalıb.
     Liderlər sırasında yer alan beynəlxalq usta Pərviz Qasımov (2379) qrossmeyster Aydın Süleymanlı (2530) ilə görüşdə “sülh”ə imza atıb. Beynəlxalq usta Toğrul Həsənzadə (2292) də eyni nəticəni təkrarlayıb. FIDE ustası Xəzər Babazadə (2427) ilə görüşdə heç-heçə qeydə alınıb. Qrossmeyster Urfan Sevdimalıyev (2359) FIDE ustası Fərid Mustafayevi (2322), FIDE ustası Sadiq Məmmədov (2220) FIDE ustası Elmar Atakişiyevi (2240) sınağa çəkib. Hər iki görüş şahmatçılarımızın qələbəsi ilə yekunlaşıb. Bu turda beynəlxalq usta Talıb Babayev (2256) FIDE ustası Zaur Bayramovla (2357) görüşdə “ağ-qara” taxtanı məğlub tərk edib.
    Turnir cədvəlində eyni xala malik olan qrossmeyster Vasif Durarbəyli (2615) beynəlxalq usta Əhməd Əhmədzadəni (2467), beynəlxalq usta Murad İbrahimli (2418) qrossmeyster Nicat Məmmədovu (2604) məğlub edib.
    Qrossmeyster Misrətdin İsgəndərovla (2566) beynəlxalq usta İsmayıl Şahəliyevin (2380) qarşılaşmasında Misrətdin, qrossmeyster Eltac Səfərli (2597) ilə qrossmeyster Fərid Abbasovun qarşılaşmasında (2527) isə Eltac qələbəni bayram edib. 
    Bu turda beynəlxalq usta Məhəmməd Muradlı (2528) FIDE ustası Elvin Bayramovu (2280) üstələyib. FIDE ustası Vüqar Manafov (2299) FIDE ustası Uğur İlyaslı (2310) ilə heç-heçəyə razılaşıb. FIDE ustası Atilla Eynullayev (2324) isə FIDE ustası Şiroğlan Talıbov (2307) üzərində qələbə qazanıb.
    Turnir cədvəlinə hazırda 4 xalla Vasif Durarbəyli və Murad İbrahimli başçılıq edirlər.
    Qeyd edək ki,  birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda  ölkə çempionunu müəyyən edəcəklər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.02.2022 21:37