AZ EN RU

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2023-2024-cü tədris ili üzrə Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün aprelin 3-dən mayın 15-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin IV sinfini bitirən qızlar qeydiyyatdan keçib. Ümumilikdə imtahanda 299 şagird iştirak edib.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnlərinin hər birindən 30, ingilis dili fənnindən isə 10 sual olmaqla, ümumilikdə 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt ayrılıb. 

Test formatında keçirilən imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə V sinifdə təhsil alacaqlar. 

Qeyd edək ki, müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyində yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, burada təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır. Liseyi bitirən məzunlar buraxılış və qəbul imtahanlarında da yüksək nəticə əldə edirlər. 2022-2023-cü tədris ili üçün liseyi bitirən 52 məzundan 44 ali, 5-i isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunub. Onlardan 10 nəfəri 500-700 intervalında bal toplayıb. 2023-2024-cü tədris ili üçün isə Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanlarında 50 məzundan 21-i 200-300 intervalında bal toplayıb.

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.05.2023 19:00