AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisinin açılışı olub

    Açılış mərasimində əvvəlcə Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli şəhid ailələrini, qaziləri salamlayaraq ictimai birliyin fəaliyyətinə uğurlar arzulayıb. 
    Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzü, bu ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatında suverenliyimizi bərpa etdik. Ali Baş Komandanın rəhbərliyi ilə 30 il ərzində həllini gözləyən böyük bir problem ortadan qaldırıldı. Müharibədə  şəhid verən  ailələrin, sağlamlığını itirən qazilərin problemlərini həll etmək istiqamətində davamlı işlər görülür. Onların qarşılaşdığı  çətinliklər dövlət qurumları tərəfindən həll edilir. Təsadüfi deyil ki, respublikamızın bütün rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Şəhid ailələrinə, qazilərimizə  diqqət göstərmək, onların problemlərini həll etmək bizim işimizin əsas hissəsini təşkil edir. 
    Qeyd olunub ki, “Naxçıvan Qaziləri”  İctimai Birliyinin rahat fəaliyyət göstərməsi  üçün  iş şəraitinin yaradılması dövlət orqanlarının da bu sahədəki  işinə müsbət təsirini göstərəcək. Onların köməkliyi ilə qazilərin və şəhid ailələrinin çətinlikləri dövlət qurumlarına çatdırılacaq və həll ediləcək.  
    Vurğulanıb ki, ötən ay Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qazi və şəhid ailələri ilə görüşü olub. Həmin görüşdə qaldırılan məsələlərlə bağlı müvafiq göstərişlər verilib. 
    Tədbirdə Vətən müharibəsi şəhidləri Ramazan Göydağlının və Zülal Mədətlinin ataları, Emin Sadiqovun və Şükür Hacıyevin anaları çıxış edərək  ofisin açılması münasibətilə təbriklərini çatdırıb, birliyin işinə uğurlar arzulayıblar.
    “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov bildirib ki, bu ilin aprel ayından fəaliyyətə başlayan birlik ana Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış hərbçiləri, şəhid ailələrini, müharibə veteranlarını öz ətrafında birləşdirir. Məqsəd qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etməkdən ibarətdir.
    Birliyin sədr müavini, Vətən müharibəsi qazisi Əli Əlisoy birliyin yaradılmasına dəstək göstərən səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə, ofisin fəaliyyətə başlamasına köməklik göstərən dövlət qurumlarına, şirkətlərə qazilər adından təşəkkürünü bildirib. 
    Sonra açılışı bildirən lent kəsilib, iştirakçılar ofisdə yaradılan şəraitlə tanış olub, şəhidlərimizin fotolarından və onların qəhrəmanlıqlarından bəhs edən kitablardan ibarət sərgiyə baxıblar.

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 13.12.2023 17:44