AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyində üzvlük vəsiqələri qazilərə təqdim edilib

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Birliyin sədri, ehtiyatda olan kapitan, Vətən müharibəsi qazisi Cehun Bayramov bildirdi ki, birliyin yaranma səbəbi müharibə ilə əlaqədar əlilliyi təyin olunmuş ehtiyatda olan hərbçilərin problemlərinin dövlət qurumlarına daha tez çatdırılmasını təmin etməkdir. Dövlətimizin və yeri iş adamlarının, dövlət qurumlarının dəstəyi ilə iş şəraitinin yaxşılaşdırılması üçün ofisin yaradılması qazilərin işini asanlaşdırıb.

Qeyd olunub ki, birlik yaranandan bu günə kimi bir çox tədbirlər və görüşlər keçirilib. Yanvar ayında baş tutan xeyriyyə konserti, muxtar respublikanın rayonlarında birliyin şöbələrinin yaradılması, qazilərin qarşılaşdığı çətinliklərlə bağlı  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri ilə keçirilən görüşlər bunlardan bir neçəsidir. “Naxçıvan Qaziləri” İctimai Birliyinin tərkibində Müharibə veteranları ilə işin təşkili şurasının yaradılması da qazanılan uğurlardandır. Vurğulanıb ki, birliyin dəstəyi ilə 40-a yaxın qazi işlə təmin olunub.

Diqqətə çatdırılıb ki, belə bir əlamətdar gündə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümündə birliyə üzv olan qazilərə vəsiqələrin verilməsi həm də rəmzi məna daşıyır. Yüzyaşlı Naxçıvanın gələcəyi üçün öz sağlamlıqları, canlarını fəda edən oğulların rəşadəti sayəsində ömrünün yüzüncü baharını yaşayan doğma yurd Vətən müharibəsindəki qələbədən sonra əzəli torpağımız Zəngəzurdan keçən dəhlizlə öz anasına – Azərbaycana qovuşacaq.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Qəhrəman oğullarımızın rəşadəti sayəsində ordumuz illərdir, işğalda olan torpaqları azad edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Atabəy Məmmədli bildirib ki, dövlətimizin dəstəyi ilə fəaliyyətə başlayan “Naxçıvan Qaziləri” İctimai Birliyi dövlət sturkturları ilə qazilərimiz arasında bir körpü rolunu oyanamaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi bu günə qədər ictimai birliklə əlaqələrini mütəmadi olaraq davam etdirib və bundan sonrakı dönəmdə də bu əlaqələr daha sıx formada davam edəcəkdir.

Sonda birliyin sədr müavini Əli Əlisoy çıxış edib  və üzvlük vəsiqələri təqdim olunub

Sonra  Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı birliyin ofisinə hədiyyə verib. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 09.02.2024 17:17