AZ EN RU

“Naxçıvan Qaziləri” İctimai Birliyi özündə vətənpərvər oğulları birləşdirir

    Vətənimizin vətənpərvər, qəhrəman, cəsur oğulları vardır. Məhz bu oğulların sayəsində 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Zəfər çaldıq, Qarabağımıza qovuşduq. II Qarabağ müharibəsində Naxçıvandan olan oğullar da iştirak edib, böyük qəhrəmanlıq və şücaət göstəriblər. Canları, qanları bahasına müharibə meydanında döyüşərək şəhidlik zirvəsinə ucalıblar, qazi adını qazanıblar. Dövlətimiz daim şəhid ailələrinin, qazilərin qayğısına qalır. Bir sıra dəstək fondları, ictimai birliklər, xüsusilə “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə daim dəstək göstərir. 

    Muxtar respublikamızda da dövlət siyasətinin davamı olaraq şəhid ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır. Onlarla görüşlər davam etdirilir, sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 
    Qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına qanunla şamil olunan güzəşt və imtiyazlardan istifadədə kömək etmək məqsədilə “Naxçıvan Qaziləri” İctimai Birliyi yaradılıb.  Birlik özündə Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı döyüşmüş və yaralanmış qaziləri birləşdirir. Birlik haqqında daha geniş məlumatı “Naxçıvan Qaziləri” İctimai Birliyinin müavini, ehtiyatda olan baş leytenant, tankçı qazi Əli Əlisoydan alırıq. Müsahibim hazırda Şərur rayonunun Kürkənd məktəbində hərbi rəhbər kimi fəaliyyət göstərir. II Qarabağ müharibəsinin iştirakçısı olan Əli Əlisoy torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və səkkiz dəfə əməliyyat olunub. Qazimizin əməliyyatı xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. 2021-ci ilin avqust ayında ehtiyata buraxılıb. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qazimizə dövlət qayğısı göstərilib, 2021-ci ildə avtomobil, 2022-ci ildə 2 otaqlı mənzillə təmin olunub. 
    Əli Əlisoy şanlı Vətən müharibəsindən danışdı: – 44 günlük Vətən müharibəsi xalqımızın birliyi, ölkə başçısının siyasi iradəsi, qeyrətli Vətən oğulları sayəsində Qələbə ilə nəticələndi. Bu müharibə göstərdi ki, Vətən dara düşəndə onun bir qarışını öz varlığından ailəsindən, doğmalarından üstün tutan insanlarımız – qeyrətli kişi və qadınlarımız vardır. Evin tək oğlu olub şəhidliyi seçən və ya iki qardaş olub ikisi də şəhidlik zirvəsinə ucalananlar vardır. Şanlı Vətən müharibəsi dünyaya bir daha Azərbaycan əsgərinin gücünü göstərdi. 
    Müsahibim “Naxçıvan Qaziləri” İctimai Birliyi haqqında məlumat verdi: – İctimai Birlik bu il aprelin 20-də yaradılıb. Birliyə üzvlük üçün 50-dən artıq müraciət qeydə alınıb. Hazırda Birliyimizin 52 nəfər üzvü vardır. Üzvlüklə bağlı ilkin vəsiqələr paylanılıb, digər vəsiqələri 8 noyabr tarixdə verməyi planlaşdırırıq. Bu üzvlər ilkin olaraq əlilliyi olan qazilərimizdən ibarətdir. Birlik qeydiyyatdan keçməmişdən əvvəl qazilərə qanunla şamil olunmuş imtiyazlardan istifadədə köməklik göstərib. Birliyimizə üzv olmaq üçün sosial şəbəkədən çox müraciət daxil olur, ancaq hər müraciəti qəbul etmirik, araşdırma aparırıq, əgər uyğun deyilsə, götürmürük.
    Qazimiz Birliyin əməkdaşlıq əlaqələrindən danışaraq qeyd etdi ki, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqəsi qurulub və gələcək planlar üzərində işləyirlər: – Birliyə hazırda rahat fəaliyyət göstərməyimiz üçün ofis təqdim olunmayıb. Bizə bu istiqamətdə Naxçıvan Gənclər Fondu dəstək olur. İstəyirik ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər keçirək. Ancaq bildiyiniz kimi, ictimai əsaslarla fəaliyyət göstərdiyi üçün maliyyə çətinliyimiz vardır. İnanırıq ki, gələcəkdə bu məsələ də həllini tapacaqdır. 
    Söhbətimizdən belə bir nəticəyə gəldik ki, “Naxçıvan Qaziləri” İctimai Birliyinin əsas fəaliyyəti dövlətçiliyə dəstək olmaq gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verməklə bərabər, qazilər üçün müəyyən tədbirlər həyata keçirmək, onların problemlərinin həlli yolları üzərində çalışmaqdır. 
    İnanırıq ki, muxtar respublikada bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr, xüsusilə qəbul edilmiş proqramların icrası Birlik üzvlərinin də qarşılarına qoyduqları vəzifələri məqsədyönlü şəkildə həyata keçirmələrinə imkan verəcəkdir. 

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 22.09.2023 19:16