AZ EN RU

Naxçıvan qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib

      Azərbaycan Respublikasının Prezidenti İlham Əlİyеv: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.


    Ulu Öndər Heydər Əlİyеv: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

 “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Düşünürəm ki, Ulu Öndərin Naxçıvana verdiyi bu qiymət qədim yurdumuz haqqında ən dəqiq və tarixi gerçəklikləri özündə ehtiva edən bir qiymətdir. Tarixin bütün dönəmlərində qoca Şərqin qapısında məğrur dayanan, bir neçə dövlətlə həmsərhəd olan Naxçıvan öz tarixi keçmişi, yeraltı və yerüstü sərvətləri, dahi şəxsiyyətləri ilə tanınıb. Bu gün blokada şəraitində olmasına baxmayaraq, qurub-yaradan, inamla irəli addımlayan qədim yurd yerimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan dövlətçiliyinin intişar tapdığı, son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün çoxlarına asan görünə bilər. Ancaq Azərbaycanın uçuruma sürüklənmək ərəfəsində olduğu bir vaxtda həmin məsələlərin həll olunması böyük cürət tələb edirdi. Naxçıvanın bugünkü mənzərəsinin təməlində məhz o dövrdə atılan addımlar dayanır. Hər gün, hər saat dəyişən məmləkətimiz başdan-ayağa, sözün əsl mənasında, hər sahədə yeni quruculuq donundadır. Çünki qurmaq, yaratmaq naxçıvanlıların həyat idealına çevrilib. 

    Bu da belə deməyə əsas verir ki, gələcəyimiz daha parlaq və işıqlı olacaq. Bu əminliyi yaradan isə ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamıdır. Adıçəkilən dövlət sənədi Naxçıvana hərtərəfli dövlət qayğısı olmaqla muxtar respublikanın tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bir qədər geri qayıdaq.

Əzəli və əbədi Azərbaycan torpağı kimi Naxçıvana həm muxtariyyət statusu verilənə qədər, həm də ondan sonrakı dövrlərdə bu qədim yurd yeri dünyanın maraq dairəsində olub. Buraya diş qıcırdanlar, Naxçıvana torpaq iddiaları ilə yanaşanlar Naxçıvandan, necə deyərlər, əli ətəyindən uzaq vəziyyətə düşüblər. Naxçıvanlılar qədim diyarın hər qarışını mərdliklə qoruyub, ata-baba əmanətini saxlayıblar. Quruluşlar dəyişib, ancaq Naxçıvan bütün quruluşlarda öz tarixi köklərinə sadiq qalaraq Naxçıvanın “nəqşi-cahan”, “dünyanın bəzəyi” olduğunu sübut edib. Görkəm­li dövlət xadimi Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir”. 
Qoçaq və mərd insanların Vətəni olan yurd yerimiz torpaq qeyrətini, torpaq namusunu hər şeydən üstün tutub. Ulu Öndər deyirdi ki, Naxçıvan 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir... Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanlılar Ümummilli Liderin bu tövsiyəsinə həmişə sadiqlik göstəriblər. Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvanın dayandığından məmnunluğunu bildirən görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinə böyük sədaqət və ehtiramı bu gün hər bir sahədə görmək olar.
Şöhrəti özündən çox böyük olan Naxçıvanı 2021-ci il may ayının 10-da buraya növbəti səfərə gələn cənab İlham Əliyev belə xarakterizə edirdi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir”. Belə sürətli inkişafın bəhrəsidir ki, bu gün muxtar respublikanın rayon mərkəzləri, ən ucqar dağ, sərhəd yaşayış məntəqələri qəsəbə timsallıdır və bütün bunlar sosial-iqtisadi inkişafdan soraq verir. Ona görə də dünən Naxçıvanın qonağı olanlar bu gün buradan yüksək təəssüratlarla ayrılırlar. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq isə naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatlı olan turistin sözlərini həmişə xatırlayıram: Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür. O da qeyd olunmalıdır ki, bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması asan məsələ deyil. Bunların təməlində isə doğma yurda sevgi və məhəbbət, insan amilinə, yurd amilinə diqqət dayanır. Beləcə, yurd sevgisindən qaynaqlanaraq keçilən və seçilən yol Naxçıvanı sürətlə inkişafa qovuşdurub.
İctimai-siyasi sabitliyin son dərəcə yüksək səviyyədə təmin olunması naxçıvanlıların daxili zənginliyindən irəli gəlir. Demok­ratiya dərk olunmuş qanundur prinsipinə əməl etmək hər bir sakinin vəzifəsidir. Bu gün Naxçıvana səfər etmək istəyən turistin buranın zəngin və əsrarəngiz təbiəti, tarixi və mədəni abidələri, görkəmli yerləri ilə bərabər, həm də insanlarının səmimiyyəti, qonaqpərvərliyi, qanun-qaydaların aliliyinə hörmət etdikləri barədə də məlumatı var. Odur ki, bu qonaqlı-qaralı diyarın qapıları həmişə onların üzünə açıqdır. Sevindirici hal həm də ondadır ki, buradakı ictimai-siyasi sabitlik bir sıra beynəlxalq idman yarışlarının, elmi-praktik konfransların keçirilməsinə, Naxçıvana dünyanın bir sıra ölkələrindən idmançıların, siyasət xadimlərinin, şeir-sənət adamlarının gəlməsinə, başqa ölkələrlə ticarət əlaqələrinin qurulmasına, möhtəşəm layihələrin reallaşdırılmasına imkan verib. Xidməti vəzifəmizlə əlaqədar olaraq buraya gələn qonaqlarla görüşlərimizdə onların dedikləri qəlbimizdə qürur hissləri doğurur. Naxçıvanda keçirilən bir beynəlxalq konfransa Amerika Birləşmiş Ştatlarından gəlmiş və qəzetimiz üçün müsahibə götürdüyüm Hillari Qopnik və Susanna Fişmanın dediklərini olduğu kimi oxucularımıza da təqdim edirəm: “Buraya gəlməmişdən Naxçıvan haqqında bir qədər məlumatımız vardı. Bu məlumatlar onun tarixi ilə bağlı idi. Naxçıvanla qısa tanışlıq zamanı gördük ki, bu məmləkət həm də intellektual insanların məskunlaşdığı bir məkandır. Hərə öz üzərinə düşən vəzifəni çox dəqiqliklə yerinə yetirir. Naxçıvanlılara göstəriş vermək lazım deyil. Bu sabit həyat tərzi də ondan gəlir”.
Coğrafi mövqeyi baxımından bu gün öz anasından cismən ayrı düşmüş Naxçıvana dahi rəhbər müqəddəs bir yer kimi baxırdı. Naxçıvanlıların ona böyük hörmət, qayğı, məhəbbət göstərmələrini, ən ağır anlarda Onun dayağı olaraq arxasında durmalarını Ümummilli Liderimiz həmişə yüksək dəyərləndirərək deyirdi: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. Bir qədər sonra isə Ulu Öndər deyəcəkdi: “Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir”. Bu gün Naxçıvanda vaxtilə təməli atılmış qurucu­luq konsepsiyası Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə böyük sürətlə davam etdirilir. Elə uğurla yola saldığımız “Heydər Əliyev İli”ndə Naxçıvanda quruculuq tədbirlərinin müxtəlif istiqamətlərdə müvəffəqiyyətlə həyata keçirilməsi həm Ulu Öndər yoluna sədaqətin ifadəsi, həm də Naxçıvanı daha da gözəlləşdirməyə aparan yol kimi tarixə yazıldı. Bunu da vurğulamağa ehtiyac duyuram ki, Naxçıvanda belə tədbirlər yaşayış məntəqələri arasında fərq qoyulmadan reallaşdırılır – paytaxt şəhərindən tutmuş ucqar dağ kəndlərinədək. Bu da insanların məskunlaşmasına, münbit torpaq sahələrimizdən səmərəli istifadəyə, əhalinin məşğulluğunu təmin etməyə, ölkə iqtisadiyyatını gücləndirməyə böyük töhfədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana qayğısı bir qəzet yazısının mövzusu deyil; bu barədə ətraflı danışmaq da çox çətindir. Bu reallığın təməlində isə məhz ölkə başçısının öz qənaəti durur: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”. 
Harada yaşamasından asılı olmayaraq, Vətəndən, ana torpaqdan şirin şey olmadığını deyən Ulu Öndər doğma, canı-varlığı qədər sevdiyi Azərbaycanı özünə qibləgah sayırdı. Və bu qibləgahın özəyində Naxçıvanın dayandığını da tez-tez bəyan edirdi. Moskvada tutduğu vəzifəsindən istefa verəndən sonra Ona qarşı olan təzyiqlərə, təhdidlərə mətanətlə dözən dahi şəxsiyyət Azərbaycana – Naxçıvana qayıtdıqdan sonra burada böyük təntənə yaşandı: “...Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum... Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”. Üç il Naxçıvanda yaşamasını, naxçıvanlılarla işləməsini həyatının ən parlaq, ən şərəfli dövrü hesab edən Ümummilli Lider o illərə qayıdaraq bu qədim yurd yerinin 1991-1993-cü illərdəki Naxçıvandan fərqli, gözəl bir məmləkət olmasından qürurla danışaraq deyirdi ki, naxçıvanlılar bu haqqı qazanıblar. Onlar buna özlərinin dəyanəti, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflıqları ilə nail olublar. Ulu Öndər arzu və istəklərini də dilə gətirərək deyirdi ki, istəyirəm naxçıvanlı gənclər Naxçıvanı inkişaf etdirsinlər, daha da yüksəltsinlər, Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşısınlar.
Arzuya çatmaq insanın şəxsi istəyinə yetişməsidirsə, buna yalnız o insan və ətrafındakılar, ancaq ümummilli maraq daşıyırsa, buna artıq bütün xalq sevinir. Bu gün hər bir naxçıvanlı bilir ki, onun yaşadığı yurd yeri Ulu Öndərin arzuladığı bir məkandır və bununla həm də qürur duyur ki, bu gün Naxçıvanda böyük quruculuq potensialı var və bu potensialdan səmərəli istifadə etməklə yeni Naxçıvan qurulub; Naxçıvan müstəqil Azərbaycan dövlətinin bir hissəsi kimi gözəlliyə qovuşub. 

Naxçıvanda milli ruhun, milli şüurun daşıyıcısı olan Azərbaycançılıq ideologiyası həmişə sədaqətlə yaşadılıb. Bu sadiqlik naxçıvanlılara həyatın bütün sahələrində uğurlar gətirib. Çətinliklərə sinə gərərək qurub-yaradıblar. Dünəni yaşatmaqla bugünkü Naxçıvana sahib olublar. Bugünkü Naxçıvan isə Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam isə Naxçıvana daha böyük uğurlar vəd edir.

Muxtar MƏMMƏDOV 

Nəşr edilib : 07.01.2024 21:42