AZ EN RU

Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib

    2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktik vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlifixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı, komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb. 2022-ci tədris ilinə hazır­lıq tədbirləri çərçivəsində birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi tədris bazaları və tam təchizatı yoxlanılıb.
    Toplantılar başa çatdıqdan sonra 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.
    Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2021-ci tədris ilində həyata keçirilmiş tədbirləri təhlil edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yola saldığımız 2021-ci il ölkəmizin tarixində bu sahədə də mühüm yeniliklərlə yadda qaldı, Zəfər Gününün birinci ildönümünü təntənə ilə qeyd etdik və qalib xalq olaraq bir daha qürur hissi keçirdik. Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksi və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışını etməsi, burada yaradılan şəraiti və eləcə də Vətən müharibəsi zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının göstərdikləri şücaəti yüksək qiymətləndirməsi 2021-ci ilin yaddaqalan hadisələrindəndir.
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Qarnizonu Qoşunlarının döyüş potensialı, imkan və qabiliyyəti daha da artırılıb, birləşmə və hissələrin müasir silah və texnikalarla təmin olunmasına xüsusi diqqət yetirilib. Ötən il ərzində hərbi infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi və yüksək dağlıq şəraitdə yerləşən hərbi hissələr də daxil olmaqla, yeni hərbi obyektlərin istifadəyə verilməsi müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Ötən il həyata keçirilən tədbirlər sırasında Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının (həkim-uçuş komissiyasının) fəaliyyətə başlaması və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Hərbi həkim ixtisasının yaradılması mühüm yer tutur. 
    Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev ötən ilin iyun ayında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimin keçirildiyini diqqətə çatdırıb. Təlimi izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatının praktik uçuşlarının idarə edilməsini izləyib, Döyüşü İdarəetmə Mərkəzi və Coğrafi Analiz Sisteminin imkanları ilə tanış olub.
    Müşavirədə Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-leytenant Fazil Ağalarov məruzə edərək ötən il Türkiyə Respublikasının Qars şəhərində və Naxçıvanda keçirilmiş birgə təlimlərdə də birləşmə və hissələrin şəxsi heyətinin yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb, “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı” haqqında ətraflı məlumat verib.
    Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini-qərargah rəisi, polkovnik Muxtar Həmzəyev və Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri 2021-ci tədris ilində görülmüş işlər və 2022-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.
    Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya müxtəlif adda medallar təqdim olunub.

Nəriman NƏCƏFOV

Nəşr edilib : 31.01.2022 18:26