AZ EN RU

“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı

    AMEA Naxçıvan Bölməsində bu yaxınlarda nəşrdən çıxmış “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent Aytən Cəfərovanın tərtibçisi olduğu kitabda Naxçıvan Muxtar Respublikası ərazisində işlədilən paremioloji vahidlər toplanmışdır. Paremioloji vahidləri toplamağın, sistemləşdirməyin uzunmüddətli axtarış və böyük diqqət tələb etdiyini söyləyən bölmə sədri vurğulayıb ki, kitabdakı örnəklərin bir qismi sırf Naxçıvan bölgəsi üçün xaraterik olub,  məhəlli səciyyə daşıyır. 
    Vurğulanıb ki, yeni kitab Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin kitaba yazdığı ön sözlə başlayır. 
    Çıxışının sonunda İsmayıl Hacıyev Aytən Cəfərovanı yeni kitabının çapdan çıxması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev tədbirdə “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabı haqqında məruzə edib. Məruzəsində Azərbaycanda folklor materiallarının toplanması və nəşri məsələlərindən söz açan alim AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda folklorumuzla bağlı aparılan tədqiqatlara və əldə olunan uğurlara nəzər salıb. 
    İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Naxçıvan folklorşünaslığına dəyərli töhfə” mövzusunda məruzə edib. Məruzəçi Aytən Cəfərovanın özünəxas tədqiqatçılıq bacarığından, folklor nümunələrinin toplanmasındakı əməyindən danışıb. 
    Sonda kitabın müəllifi, dosent Aytən Cəfərova çıxış edərək tədbirin təşkilinə və fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 11.07.2023 20:38