AZ EN RU

Naxçıvan növbəti qonaqlarda xoş ovqat yaradıb

Ulu Tanrı hər bir insana özü məsləhət bildiyi qədər ömür verib. Bu ömrü necə yaşamaq isə insanın öz əlindədir. O da var ki, bütün bəşər övladları dünyaya fiziki cəhətdən sağlam gəlmirlər və təbii ki, bunun da müxtəlif obyektiv və subyektiv səbəbləri var...

Keçək mətləbə. Bu günlərdə, daha dəqiq desək, gülün gülü, çiçəyin çiçəyi çağırdığı bahar fəslində qədim diyarımızın qonaqları yenə artmaqdadır. Onlar sırasında Aprel – autizm maarifləndirmə ayı çərçivəsidə Cahan Holdinqin sponsorluğu, “Sevinc” İctimai Birliyi və “Birgə və sağlam”  İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Hava Yollarının dəstəyi ilə 18-19 aprel tarixlərində “Birgə və sağlam” İctimai Birliyinin müəllim və şagird kollektivi, autizmli gənclərdən ibarət “Mavi ürəklər” xor və ritm qrupunun Naxçıvan şəhərinə səfəri olub.

Səfərin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Səfər zamanı Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova və birliyin supervayzerləri tərəfindən seminarlar təşkil edilib və tədbirin bədii hissəsində isə “Mavi ürəklər” xor və ritm qrupunun musiqili konserti baş tutub.

Qeyd edək ki, şagirdlərin əyləncəsini təşkil etmək məqsədilə Naxçıvanın tarixi yerlərinə gəzintilər təşkil olunub.

Qonaqların qədim diyarımızdan aldıqları təəssüratları onların çöhrələrindən hiss etmək çətin deyildi.

                                                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 19.04.2024 17:42