AZ EN RU

Naxçıvan: muxtariyyətdən respublikaya

(əvvəli qəzetin 3 fevral 2024-cü il sayında)

    Gümrü müqaviləsi və Naxçıvan

    “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Naxçıvana, Qarabağa və Zəngəzura, sadəcə olaraq, iddia etməklə kifayətlənməyən ermənilər, bu torpaqlar uğrunda mübarizədə nəinki hərbi həm də siyasi vasitələrdən maksimum istifadə etməyə çalışırdı. Sevr müqaviləsindən (1920, 10 avqust) sonra Antanta dövlətlərinə arxalanan daşnak Ermənistanı İngiltərə, Fransa və İtaliya kimi yeni ərazilər ələ keçirmək məqsədilə 24 sentyabr 1920-ci ildə Türkiyə ilə müharibəyə başlayır. Dinc əhaliyə divan tutmağa üstünlük verən daşnaklar Qarsda, İrəvanda, Şərur-Dərələyəz və başqa bölgələrdə yaşayan türk-müsəlman əhalini öldürməyə başlayırlar. Türk ordusunun əks-hücumu daşnak ordusunun darmadağın olması ilə nəticələnir. Türkiyə ilə müharibə daşnakların planlaşdırdığı kimi uzun sürməsə də, nəticəsi onlar üçün gözlənilməz oldu. Həmin il noyabrın 18-də daşnaklar məğlub oldular. 1920-ci il dekabrın 2-də Gümrüdə Türkiyə ilə Ermənistanın daşnak hökuməti arasında müqavilə imzalandı. Daşnaklar xəyallarında qurduqları “böyük Ermənistan”ın ərazisinin İrəvan və Göyçə gölü rayonu ilə məhdudlaşdığını təsbit etmiş müqaviləyə imza atdılar. Müqavilənin ikinci və on ikinci maddələri bilavasitə Naxçıvanla bağlı idi. Gümrü müqaviləsinin ikinci maddəsində Naxçıvan, Şahtaxtı və Şərur bölgəsində bu yerlərin idarə formasını müəyyən edəcək referendumun keçirilməsinə qədər, Türkiyənin himayəsi altında yerli özünüidarəetmənin yaradıldığı və Ermənistanın bu bölgənin daxili işlərinə qarışa bilməyəcəyi təsbit edilmişdir. İkinci maddədə Naxçıvanın ərazisi də müəyyənləşdirilmişdi. Antanta dövlətlərinin əlaltısı olan Ermənistan üzərində qələbəsindən sonra Türkiyə ilk dəfə Naxçıvanın özünüidarəetmə hüququna nail olmasına kömək etdi.
    On ikinci maddəyə görə isə Türkiyə Şərur-Şahtaxtı-Naxçıvan-Culfa yolu və İran-Maku-Ermənistan tranzit yolunun təhlükəsizliyinə təminat verirdi.
    Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması, Sovet Rusiyasını Ermənistanı sovetləşdirməyə məcbur edir. Nəticədə, Sovet Rusiyası ilə Sovet Ermənistanı dekabrın 2-də Gümrü müqaviləsini imzalayırlar. Səkkiz maddədən ibarət Gümrü sazişinin üçüncü maddəsində göstərilirdi ki, Rusiya sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini – İrəvan quberniyasının Qars vilayəti hissəsinin, Zəngəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin “Sovet Erməni Respublikasının” tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir.
    Q.Orconikidze dekabrın 2-də Azərbaycan torpaqlarının Ermənistana verilməsi barədə Rusiya rəhbərliyinə məlumat verir.    

    Naxçıvan hadisələri

Azərbaycanın müəyyən torpaqlarının Ermənistana verilməsini öyrənən Naxçıvan əhalisi kəskin etirazlarını bildirir və buna yol verməyəcəklərini bəyan edir. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan rəhbərliyi Hərbi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini dekabrın 15-də Naxçıvana göndərdi. 
    B.Şahtaxtinskinin əhali ilə görüşləri və söhbətləri öz nəticəsini verdi. Diyarın əhalisi Azərbaycanın himayəsi altında olmaqla Naxçıvanda müstəqil sovet respublikası yaradılmasını tələb etdi. Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozdu. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanımış və bu ərazi ilə əlaqədar iddialarından imtina etmişdir. 
    Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının qərb hissəsinin Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri edirdi. Ümummilli Lider Heydər Əliyev qeyd edirdi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
    Naxçıvan diyarının əhalisi Azərbaycan SSR-in tərkibində muxtariyyət tələb edirdi. 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtar respublika hüququnda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi. Bu rəy sorğusunun nəticəsi Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında mühüm rol oynadı.

    Moskva müqaviləsi və Naxçıvan

Belə bir fakt da qeyd edilməlidir ki, Türkiyə tərəfinin Naxçıvan məsələsinə münasibətdə tutduğu mövqe bu işdə mühüm əhəmiyyət kəsb etmişdir. Türkiyə ilə Sovet Rusiyası arasında gedən danışıqlarda Naxçıvanın taleyi məsələsi daim Türkiyə nümayəndə heyətinin diqqət mərkəzində olmuşdur.
    Naxçıvan məsələsində N.Nərimanovun sonradan prinsipial mövqe tutması, onun adından B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar, V.Leninə müraciətləri Moskvanın Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə, nəticə etibarilə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilməsinə təsir etdi. Ümumiyyətlə, B.Şahtaxtinskinin Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük xidməti olmuşdur. O, fəaliyyəti dövründə Azərbaycanın müxtəlif problemləri ilə bağlı V.Leninə teleqramlar göndərmiş, təhliledici məktublar yazmış, bu məktublara arayışlar da əlavə etmişdir. 
    Türkiyədən Moskvaya gələn heyət 1921-ci il fevralın 26-da danışıqlara başladı. Türk heyətinə Yusif Kamal bəy başçılıq edirdi. Rus-türk konfransı fevralın 26-dan martın 18-nə qədər davam etdi və həmin gün “Dostluq və qardaşlıq haqqında” sovet-türk müqaviləsi imzalandı. 
    Konfransda müzakirə edilən ən mühüm məsələlərdən biri də Naxçıvan məsələsi idi. Türkiyə tərəfi Naxçıvan məsələsinə böyük əhəmiyyət verirdi. Ermənilər Naxçıvanı işğal etmək istəyəndə Türkiyə Batum müqaviləsinə (1918, 4 iyun) görə onu öz himayəsinə götürmüşdü. Türkiyə tərəfi Moskva danışıqlarında Naxçıvanın Azərbaycanın himayəsində olmasını istəyirdi. Moskva müqaviləsinin 3-cü maddəsində göstərilirdi ki, “Razılığa gələn hər iki tərəf bu müqavilənin I (c) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdır, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
    Moskva müqaviləsi ilə Naxçıvanın ərazisi 6038 kvadratkilometr müəyyən edilmiş və “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində bölgənin sərhədləri arasındakı kimi müəyyən edilirdi: “Ararat stansiyası – Saray Bulaq dağı – Kömürlü dağ – Sayat dağı (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8060) – 8022 yüksəkliyi – Kükü dağı (8282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”.
    N.Nərimanov 1921-ci ilin may ayında keçirilən I Ümum-Azərbaycan Qurultayındakı nitqində deyirdi: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olunur. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.
    Qazanılmış uğurda Azərbaycan diplomatiyasının da böyük rolu var idi. Məhz Naxçıvan məsələsinin həllindəki roluna görə Nəriman Nərimanov Moskva danışıqlarına ezam edilmiş Azərbaycan nümayəndəsi B.Şahtaxtinskiyə yazırdı: “Naxçıvana görə çox sağ ol! Görürsən, sən artıq işin içinə girmisən və işi düzgün aparırsan. Bu məni sevindirir...”

    Qars müqaviləsi və Naxçıvan

Naxçıvanın Azərbaycanın protektoratlığına verilməsindən Sovet Rusiyası və bu prosesdə iştirak edən nümayəndələri peşman olmuşdular.
    B.Leqran G.Çiçerinə yazırdı ki, Naxçıvanda Azərbaycanın protektoratlığının tanınması tamamilə arzuedilməz nəticələrə gətirib çıxaracaq.
    Moskva müqaviləsindən sonra türk diplomatiyasının əsas məqsədlərindən biri Türkiyə hökuməti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müstəqil müqavilə bağlamaq idi. Sovet Rusiyası isə Cənubi Qafqaz respublikalarından tələb edirdi ki, onlar Türkiyə ilə belə müqavilə bağlamasınlar. 
    Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələlərinin və münasibətlərin tənzimlənməsi üçün Qars şəhərində konfrans keçirilməsi razılaşdırıldı. AK (b)P MK-nın Bürosu Türkiyə ilə müqavilə bağlanması üçün Azərbaycan nümayəndə heyətinə rəhbərlik B.Şahtaxtinski təsdiq edildi. Avqustun (1921) son günlərində 13 nəfərlik heyət Qars konfransında iştirak etmək üçün Tiflisə yola düşdü. B.Şahtaxtinski Azərbaycan xalq fəhlə-kəndli nəzarəti komissarı ilə yanaşı, həm də Naxçıvan İnqilab Komitəsinin sədri idi. Naxçıvanın maraqlarını konfransda müdafiə etmək üçün Naxçıvan SSR-in Xalq Komissarları Soveti Tağı Səfiyevi Qarsa ezam etmişdi.
    RK(b)P MK-nın Qafqaz Bürosu Naxçıvanın idarə olumasına müxtəlif yollarla müdaxilə edirdilər. Bunları nəzərə alan Azərbaycan rəhbərliyi B.Şahtaxtinskini hələ Qars konfransının gedişində Naxçıvan XKS-nin sədri seçmişdi və hökumətin tərkibi yeni kadrlarla möhkəmləndirilmişdi.
     Qars konfransı 26 sentyabr-13 oktyabr 1921-ci ildə keçirildi. Türkiyə tərəfinə Kazım Qarabəkir Paşa, Rusiyaya Yakov Qanetski, Ermənistana Aşkanaz Mravyan, Gürcüstan tərəfinə isə Şalva Eliava rəhbərlik edirdi.
     Konfrans Qars şəhərindəki Ordu küçəsində ayrılmış binada keçirildi. Konfransda tərəflər arasında siyasi, iqtisadi və mədəni xarakterli müraciətlər aparıldı.
      Konfrans zamanı Azərbaycana aid ən mühüm məsələlərdən biri Naxçıvanla bağlı olmuşdur. B.Şahtaxtinski konfransda Naxçıvan haqqında məlumat verdi. Naxçıvan məsələsi hüququ cəhətdən Qars müqaviləsində bu redaktədə verildi: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Məsələnin belə qəbul edilməsi ilə Ermənistan Naxçıvan vilayətinin Azərbaycan ərazisi olduğunu tanıyır və müqaviləni imzalamaqla öz üzərinə siyasi-hüquqi öhdəlik götürmüş olurdu. Lakin bu halda Moskva müqaviləsindən fərqli olaraq Azərbaycanın Naxçıvanı “heç bir üçüncü dövlətə güzəştə getməməsi” sənəddə yer almırdı. Lakin müqavilənin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilirdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi.
    Naxçıvan bölgəsinin sahəsi Moskva müqaviləsindəki ilə müqayisədə azaldılmışdı. Bunun nəticəsində Naxçıvanın qərb sərhədləri kiçilmiş, Dəvəli və Arazdəyən Ermənistana verilmişdir.
    Ümumiyyətlə, Naxçıvanın sərhədi Urmiya kəndindən başlayır, Naxçıvan qəzasının şərq inzibati sərhədində qurtarırdı. Sahəsi 5753 kvadratkilometr oldu.
    Qars müqaviləsinin əhəmiyyətli tərəflərindən biri onun müddətsiz imzalanması idi. Ümummilli Lider Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin tarixdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir...”
    Moskva və Qars müqavilələrinə görə, Türkiyənin Naxçıvanın statusunda tərəf ölkə kimi müəyyənləşməsi göstərmişdir ki, ermənilər üçün daha bir iş qalmamışdır.

    Naxçıvanın inzibati idarəçilik 
    sistemindəki dəyişikliklər

Beynəlxalq müqavilələrə aid keçirilən konfranslar dövründə Ermənistan bütün vasitələrdən istifadə edirdi ki, Naxçıvan bölgəsini ələ keçirsin. Hələ 1921-ci ilin yanvarında B.Şahtaxtinski Naxçıvanın fövqəladə komissarı təyin edilmişdi. 
    1921-ci ilin sentyabrında Naxçıvan SSR Xalq Komissarları Soveti təşkil edildi. Həmin ilin sonlarında sovetlərə seçkilər keçirildi, inqilab və yoxsul komitələri ləğv edildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in birinci Sovetlər Qurultayı keçirildi. Qurultay diyarda sovet, təsərrüfat və mədəni quruculuğa dair mühüm qərarlar qəbul etdi. Qurultay Ölkə İnqilab Komitəsini ləğv edib, Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti yaratdı.
    Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da, 30-cu illərin ortalarına qədər rəsmi sənədlərdə Naxçıvan SSR adlandırılmışdır.
    1922-ci il dekabrın 12-də keçirilən Zaqafqaziya Sovetlər Qurultayının Naxçıvanla bağlı Qərarında göstərilirdi: “Naxçıvan Respublikası muxtariyyət hüququ ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edilsin”.
    Aradan, təqribən, bir ay keçməmiş – 1923-cü il yanvarın 18-də RK (b)P Zaqafqaziya Ölkə Komitəsi təklif edir ki, Naxçıvanı muxtar vilayətə, Naxçıvan XKS-ni və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsini Naxçvan Ölkəsinin İcraiyyə Komitəsinə çevirsin.
    1923-cü il fevral ayının 27-də III ÜmumNaxçıvan Sovetlər Qurultayı Naxçıvan Respublikasını Naxçıvan ölkəsinə çevirir və Naxçıvan Ölkə İcraiyyə Komitəsini seçir. İyunun 16-da keçirilən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üçüncü sessiyası bunu təsdiq edir.

    Naxçıvan Muxtar Respublikasının
    yaradılması

Naxçıvanın statusunda, Naxçıvan Muxtar Respublikasının təşkilində dəyişikliklərin edilməsi Türkiyəni ciddi narahat edirdi. Ona görə də Türkiyə hökuməti sovet hökumətinə etiraz etdi. Etiraz qəbul olundu. Nəticədə, 1923-cü il dekabrın 11-də Azərbaycan K (b)P MK Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Ölkəsi Naxçıvan Respublikasına çevrildi. Buna müvafiq olaraq Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin I plenumunun iclası 1924-cü il yanvarın 18-də ölkənin Naxçıvan MSSR-ə çevrilməsi məsələsini müzakirə etdi. Naxçıvan MSSR MİK, XKS və 5 nazirlik yaradıldı. Naxçıvan MSSR inzibati cəhətdən Şərur, Ordubad və Naxçıvan qəzalarına bölündü. MİK-in Rəyasət Heyəti seçildi. B.Talıblı sədr seçildi.
    1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan ölkəsini Naxçıvan MSSR-ə çevirmək haqqında qərar qəbul etdi. Beləliklə, Naxçıvanla bağlı qəti qərar qəbul edildi.
    1924-cü ilin aprelində Naxçıvan MSSR-in Əsasnaməsi, 1926-cı ilin aprelində isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul edildi.
    Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi və Naxçıvan Muxtar Respublikasının təşkili onun özünəməxsus coğrafi mövqeyi və Azərbaycandan ayrı düşməsi ilə bağlı idi.
    Ermənilərin beynəlxalq Moskva və Qars müqavilələrini ləğv etmək və Naxçıvana yiyələnmək cəhdləri
    Moskva və Qars müqavilələrinin ayrı-ayrı maddələri Ermənistanda birmənalı qəbul edilmədi. Xüsusilə Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından şikayətlənən müəyyən qüvvələr müxtəlif yollar axtarmağa başladılar. 1921-ci ilin iyununda Millətlər Liqası Cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayında öz xeyirlərinə qətnamə qəbul etdirdilər.
    Ermənilər Moskva və Qars beynəlxalq müqavilələrinə məhəl qoymayaraq Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını yenə də irəli sürürdülər: “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”.
    Bu beynəlxalq müqavilələr müddətsiz bağlansa da, ermənilər tərəfindən dəfələrlə onların qüvvədən salınmasına cəhdlər edilmişdi. 1989-cu ilin noyabrında daşnak partiyasının Yerevanda keçirdiyi qurultayında bu müqavilələrə yenidən baxılması, hətta onların ləğvi tələb olunmuşdu.
    Ermənistan, erməni daşnakları Rusiyanın bəzi qüvvələrini, Rusiya Dövlət Dumasının bir neçə deputatını bu prosesə cəlb etməklə Moskva müqaviləsinin ləğvinə çalışırdı, bununla əlaqədar Rusiya prezidenti və xarici işlər nazirinə müraciət etmişdilər. Bu müqavilələr pozularsa (bu, qeyri-mümkündür) Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Moskva müqaviləsi ötən müddət ərzində özünün siyasi və tarixi aktuallığını itirməyib, bu müqavilənin ləğvi mümkün deyil. Qars müqaviləsi ilə Cənubi Qafqaz respublikalarının sərhədləri dəqiqləşsə də, Ermənistan Naxçıvana qarşı torpaq iddialarını səsləndirməkdədir. “Qars” beynəlxalq miqyasda təsdiq olunmuş müqavilədir. Bu müqavilə ləğv olunarsa, bu ermənilər üçün acınacaqlı vəziyyət yaradar. Onda Türkiyə Gümrü müqaviləsinə istinad edəcək. Rəsmi Moskvanın isə Qars müqaviləsindən imtina etmək və ya bu məsələyə yenidən baxmaq fikri yoxdur.
    Ermənistan 90-cı illərin əvvəllərində Naxçıvana hücum etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev Qars müqaviləsini Türkiyə gündəminə gətirdi, Ermənistanın təcavüzkar mövqeyi ifşa edildi. 57 dövlət Ermənistanın təcavüzkarlığını pislədi, NATO isə bu barədə xüsusi bəyanat verdi.
    Moskva və Qars müqavilələrinin 100 illiyi dövründə də Ermənistanın təşəbbüsləri heç bir nəticə vermədi.
    Bu müqavilələri Ermənistan dəfələrlə pozmuşdur. Zaqafqaziya MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan diyarının 657 kvadratkilometr sahəsi Ermənistana verilmişdir. 1929-1931-ci illərdə Aldərə, Lehvaz, Astazur, Nüvədi və başqa sahələrin Ermənistana verilməsi nəticəsində Mehri rayonu yaradıldı. 1938-ci ildə Sədərək və Kərki kəndlərinin ətrafındakı torpaqlar itirildi. 80-ci illərin ortalarında Ordubad rayonunun Kotam və Kilit kəndləri torpaqlarının bir hissəsi Ermənistana bağışlandı, 1991-ci ilin yanvarında Kərki kəndi ermənilər tərəfindən işğal olundu. Qeyd etməliyik ki, Ermənistan Respublikası 9 min kvadratkilometr ərazidə yaradılıb, sonradan onun ərazisi Azərbaycan torpaqları hesabına 29,8 min kvadratkilometrə çatıb. Bütün bunlarla kifayətlənməyən ermənilər yeni ərazilər işğal etmək arzusu ilə yaşayırlar. Lakin II Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı erməni xülyalarına son qoydu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi.

    Muxtariyyətin və müstəqilliyin bəhrələri

Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.
    Sovet hakimiyyəti dönəmində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində özünəməxsus inkişaf yolu keçib, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında böyük nailiyyətlər əldə edib. Lakin bunlarla yanaşı, Naxçıvan sovet bolşevik terrorunun, zorakı kollektivləşmənin, 30-cu illər repressiyasının ağır fəsadlarını yaşayıb. Xüsusilə 60-cı illərin ortalarınadək Naxçıvanda vəziyyət daha ağır olub. Amma 70-ci illərin əvvəllərindən başlayaraq Naxçıvan inkişaf etməyə başladı. Naxçıvan MSSR qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyətə malik güclü diyara çevrildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olması, bütün digər regionlar kimi Naxçıvanda da böyük inqilabi inkişafa zəmin yaratdı. Ulu Öndərin apardığı siyasət, milliləşdirmə nəticəsində Naxçıvanın görkəmi tamamilə dəyişdi.
    Amma 80-ci illərin sonlarında respublikada mürəkkəbləşən siyasi vəziyyət fonunda Naxçıvanda da proseslər ürəkaçan səviyyədə deyildi. Sovet imperiyasının süqut etdiyi bir ərəfədə ittifaq rəhbərlərinin ikiüzlü siyasəti, erməniləri müdafiə etmələri, milli münaqişələrə rəvac verirdi. 1990-cı il yanvarın 19-da ermənilər işğal etdikləri ərazilərdən Sədərək qəsəbəsinə təcavüzə başladılar. SSRİ rəhbərlərinin riyakarlığına görə Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxdığını elan etdi. Bu çətin dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşaması, Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci il 3 sentyabrda isə Ali Məclisin sədri seçilməsi və fəaliyyəti Naxçıvan Muxtar Respublikasını xilas etdi. O zaman muxtar respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi. Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da Onun fəaliyyətində Naxçıvan Muxtar Respublikasının inkişafı, təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdən oldu.
    Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu.
    Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı və 1998-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilərək həmin il dekabrın 29-da təsdiq edildi. Ulu Öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. 
    Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
    Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilmişdir. Keçirilən yubileylərin ikisi – 50 və 75 illik yubileylər Ulu Öndərin qərarı və iştirakı ilə keçirilmişdir. 

    Böyük yolun davamı

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs hazırda da davam etdirilir. Biz bunu Naxçıvan Muxtar Respublikasına dövlətin diqqət və qayğısında da görürük. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev öz fəaliyyətində muxtar respublikanın inkişafını, təhlükəsizliyinin təmin olunmasını, “yaşıl enerji zonası”na daxil edilməsini, kommunikasiyaların bərpa edilməsini prioritet olaraq müəyyənləşdirib.
    Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 2009-cu il 9 fevral tarixli Sərəncamı ilə 85 illik, 2014-cü il 14 yanvar tarixli Sərəncamı ilə 90 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. 
    Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur. Sənəddə həmin hissə Konqresdə iştirak edən Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti tərəfindən hazırlanmış və Memoranduma daxil edilmişdir.
    Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa qeyd edilmişdir ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə daxil edilməsi Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.
    İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci il Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilələrin hüquqi qüvvəsinin Avropa Şurası kimi bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamları, muxtar respublikaya 16-dək səfəri, göstərdiyi diqqət və qayğı muxtar respublikanın hərtərəfli, dinamik və dayanıqlı inkişafını təmin etmişdir. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu gün Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və bundan irəli gələn strateji layihələr həyata keçirilir.
    Prezident cənab İlham Əliyevin 2022-ci il dekabrın 22-də “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi haqqında” Fərman imzalaması bu qədim diyarda mühüm hadisəyə çevrildi. Bu tarixi əhəmiyyətli sənəd muxtar respublikada reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində yeni dövrün başlanmasından xəbər verdi. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı olduqca əhatəli və geniş spektrə malikdir. Proqram muxtar respublika iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsini və yeni hədəfləri müəyyənləşdirir. Dövlət Proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Naxçıvanın muxtar respublika olduğu son yüz il ərzində bu regionun inkişaf etdirilməsinə dair indiki miqyasda Dövlət Proqramı heç vaxt qəbul edilməyib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-cü ilin sonunda jurnalistlərə müsahibəsində qeyd etmişdir ki, artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və bir sıra böyük infrastruktur layihələri icra olunacaq.
    2023-cü il də Naxçıvan Muxtar Respublikasında yaddaqalan, şanlı bir tarix oldu. Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyə Cümhuriyyəti Prezidentinin görüşü keçirildi, hökumətlərarası görüşlər oldu. Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə ev sahibliyi etdi.
    Naxçıvan Muxtar Respublikasında baş verən dəyişikliklər “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”kı Sərəncamda da öz əksini tapmışdır: “Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”.
    Naxçıvanın muxtar respublika statusu və Naxçıvan Muxtar Respublikasının yaradılması bu bölgənin 100 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini vermişdir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Nəşr edilib : 24.02.2024 20:55