AZ EN RU

Naxçıvan: muxtariyyətdən respublikaya

Ulu öndər Heydər Əlİyеv: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabrın 30-da Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır... Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.
    Naxçıvan elə bir strateji ərazidə yerləşmişdir ki, həm qonşu, həm də böyük dövlətlərin həmişə maraq dairəsində olmuşdur. Ona görə də bu diyar çox çətin sınaqlarla qarşılaşmış və mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Xüsusilə XIX əsrin 20-ci illərində ermənilərin bu bölgəyə köçürülməsi yerli azərbaycanlıları faciələrlə qarşılaşdırmış və soyqırımına məruz qoymuşdur.

    Rusiya hadisələri və bunun 
    Cənubi Qafqaza təsiri

    XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılması, siyasi həyatda yeni müstəqil dövlətlərin yaranması Naxçıvan diyarının da taleyində dərin izlər buraxmışdı. Rusiyada çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik meydana gəlmişdi.
    Fevral inqilabı keçmiş Rusiya imperiyasının bütün ərazilərində, o cümlədən Naxçıvanda da tamamilə yeni siyasi şərait yaratdı. 1917-ci il martın 9-da diyarda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə verildi. Bu Komitə Cənubi Qafqazda mülki işləri idarə etmək üçün təsis edilmişdi, ancaq qanunvericilik hüququna malik deyildi. 
    Naxçıvan, Culfa və Ordubad şəhərlərində Müsəlman və Erməni Milli komitələri yaradıldı. Bu komitələr faktiki olaraq yerli idarəetmə funksiyalarını yerinə yetirməyə başladılar. Eyni zamanda onlar öz silahlı qüvvələrini yaratmaq məqsədilə əhali arasında fəal iş aparırdılar.
    1917-ci il noyabrın 11-də qərar qəbul edildi ki, Müəssislər Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək üçün Zaqafqaziya hökuməti yaradılsın. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. 
    Zaqafqaziya Komissarlığının yaradılması ilə Naxçıvanın inzibati idarəçiliyində əsaslı dəyişiklik baş vermədi. Diyarda Zaqafqaziya Komissarlığının müvəkkilliyi fəaliyyət göstərsə də, yerlərdə əsas hakimiyyət yenə də Milli Komitənin əlində idi. Naxçıvan şəhərində isə Qarışıq Komitə fəaliyyət göstərirdi.
    Ərzincan barışı imzalandıqdan sonra (1917, 18 dekabr) rus qoşunları Cənubi Qafqazı, eləcə də Naxçıvanı tərk etdi. Onların malik olduqları silah-sursatı erməni daşnakları ələ keçirdi. 
    Yaranmış şəraitdən istifadə edən ermənilər öz qonşularından torpaqlar qoparmağa çalışırdılar. Ermənilərin bu niyyətlərində Naxçıvan torpaqlarının ələ keçirilməsi ilk planda idi. Bu məqsədlə 1918-ci ilin əvvəllərindən başlayaraq daşnakların silahlı dəstələri Naxçıvana basqınlar etmiş, çox sayda dinc əhalini öldürmüşdü.
    Osmanlı komandanlığı ermənilərin törətdikləri vəhşiliklərin davam etdirildiyini daşnaklara xatırladıb türk ordusunun müsəlmanların öldürüləcəyi təqdirdə, sadəcə, müşahidəçi olmayacağını bildirdi. Türkiyə silahlı qüvvələrinin Qafqaz ordusunun Baş komandanı Mehmet Vehib paşa öz ordusuna hücum əmri verdi. Osmanlı ordusunun bütün cəbhəboyu irəliləməsi fevralın 23-də Zaqafqaziya Seyminin açılmasına kimi davam etdi. 1918-ci il fevralın 23-də Zaqafqaziya Komissarlığının əvəzinə yeni orqan – Zaqafqaziya Seymi yaradıldı. Həmin il aprelin 22-də Zaqafqaziya Seymi müstəqil Zaqafqaziya Federativ Respublikasının yaradılması haqqında qərar qəbul etdi. A.Çxenkelinin başçılığı altında 12 nəfərdən ibarət yeni hökumət yaradıldı.

    Cənubi Qafqazda müstəqil 
    dövlətlərin yaranması

Cənubi Qafqaz bölgəsində baş vermiş hadisələr, son nəticədə, Zaqafqaziya Federasiyasının süqutu və üç müstəqil dövlətin – Azərbaycan, Gürcüstan və Ermənistan (Ararat) respublikalarının yaranması ilə nəticələndi. Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan əhalisində müəyyən ümidlər yaratdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, ermənilərin ərazi iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində ilkin cəhdləri dəf edilmişdi.
    Erməni tərəfin Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti aparmasına baxmayaraq, Azərbaycan Milli Şurası əzəli Azərbaycan şəhərini – İrəvan şəhərinin onlara paytaxt kimi güzəşt edilməsinə razılıq verdi. Azərbaycan hökuməti bu güzəştə getməklə Ermənistanın Azərbaycana qarşı torpaq iddialarından əl çəkəcəyini zənn edirdi. Bu “xeyirxahlıq” erməni tərəfini yeni-yeni ərazi iddiaları irəli sürməkdən çəkindirmədi. Ermənistan hökuməti bütün İrəvan quberniyasını, Qars vilayətini, Tiflis və Yelizavetpol quberniyalarının bir hissəsini özünün ayrılmaz hissəsi elan edərək əhalisinin 62,5 faizi azərbaycanlılar olan Naxçıvana da iddia etdiyini bəyan etdi.
    Osmanlı dövləti nümayəndələri ilə Batumda aparılan danışıqlarda türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət Ermənistan dövlətinin yaradılmasını təsdiqlədi. 1918-ci il       4 iyun tarixdə imzalanmış Batum müqaviləsinin şərtlərinə görə, Ermənistan Respublikası Cənubi Qafqazda 9 min kvadratkilometr ərazisi olan bir dövlət oldu.
    1918-ci ilin may-iyun aylarında ermənilər və A.Ozanyanın başçılığı ilə erməni yaraqlıları Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri diyarda azərbaycanlı əhaliyə divan tutur, yaşayış məntəqələrini dağıdır, etnik təmizləmə siyasəti aparır, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vəhşi vasitələrə əl atır, Naxçıvanın ən yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə yalan məlumatlar yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər.

    Türk hərbi heyətinin Naxçıvana gəlməsi və 
    yeni idarəetmə sisteminin yaradılması

Erməni daşnakları Naxçıvan qəzasının bir sıra kəndlərini və Culfanı işğal edən zaman – 1918-ci il mayın 17-də kapitan Xəlil bəyin başçılığı ilə türk hərbi heyəti Naxçıvana gəldi. O, bölgəyə gəldikdən sonra Naxçıvanı gözlənilən erməni təcavüzündən qorumaq üçün yerli gənclərdən könüllü hərbi dəstələr təşkil etməyə başladı.
    Batum müqaviləsini əsas götürən Osmanlı dövləti qəti tədbirlər görməyə məcbur oldu. Türkiyə hərbi komandanlığı altında olan IX Orduya Naxçıvana kömək etməyi tapşırdı. IX Ordunun tərkibində olan XI Qafqaz diviziyası 1918-ci il iyulun əvvəlində erməni dəstələrini məğlub edərək Naxçıvan şəhərinə yaxınlaşdı. İyul ayının 20-21-də baş vermiş döyüşlərdən sonra şəhər erməni qüvvələrindən təmizləndi, Culfa isə azad edildi.
    Naxçıvan bölgəsi türk qoşunlarının nəzarətinə keçdikdən sonra burada Osmanlı sisteminə uyğun inzibati idarəetmə sistemi yaradılmağa başlandı. Alay komandiri Sürəyya bəy qəza rəisi təyin edildi. Sürəyya bəyin əmri ilə Naxçıvan Milli Komitəsi ləğv edilərək yerində jandarm, ədliyyə və bələdiyyə idarələri yaradıldı. Jandarm komandanlığına Məmməd Əli xan, onun müavini Qəni bəy Vəzirov, Bələdiyyə İdarəsinin rəisi Cəfərqulu xan, üzvləri isə Hacı Abdulla Şeyxov və Tağı Nağdalıyev təyin edildilər. Ədliyyə məhkəməsinə isə Şeyx Kərim Axundzadə, Cabbar Kələntərov, Vəliağa Kəndlinski, Abbasqulu bəy Tahirov və İbrahim paşa Kəngərlinski təyin olundular. Bir müddət sonra ordunun Təbrizə getməsi ilə əlaqədar Sürəyya bəyin yerinə mayor Əli Şəfiq bəy təyin olunmuş, o isə, öz növbəsində, bir sıra inzibati dəyişikliklər etmişdi. Türk komandanlığı Naxçıvanda hərbi vəziyyət elan etdi, yerli əhalidən özünümüdafiə dəstələri təşkil edərək onlara hərbi təlim keçməyə başladı.
    Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövləti oktyabrın 30-da Mudros sazişini imzalamağa məcbur oldu. Müqaviləyə görə, Osmanlı dövləti Azərbaycanı, eləcə də Naxçıvanı ingilislərin himayəsinə verməli idi. Siyasi vəziyyət həddindən artıq çətin və mürəkkəb idi.

    Araz-Türk Cümhuriyyəti

Noyabrın ilk günlərindən osmanlı qüvvələri Naxçıvanı tərk etməyə başladılar. Ordu komandanı Yaqub Şövqü paşanın teleqramında göstərilirdi ki, tərxis olunan ehtiyat zabitlərindən Naxçıvan bölgəsində yaradılan təşkilatda işləmək istəyənlər orada qala bilərlər, ancaq osmanlı forması geyinməsinlər. Alınan əmrə görə, Xəlil bəy və yoldaşlarının bir qrupu Naxçıvanda qalırdı. Türk ordusu Naxçıvandan çıxandan sonra bölgədə      5 zabit və 300 əsgər qaldı.
    1918-ci il noyabrın 18-də Naxçıvan diyarını və ətraf əraziləri erməni daşnaklarının işğalından qorumaq üçün Araz-Türk Cümhuriyyəti yaradıldı. Araz-Türk Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşlar. Araz-Türk Cümhuriyyətinin hakimiyyət strukturu formalaşdırılmış və Əmir bəy Nərimanbəyov hökumətin sədri seçilmişdi. Hökumətin tərkibi hərbi, maliyyə, inzibati, ədliyyə, xarici işlər, şeyxülislam və aşirətlər rəisindən ibarət idi. Xəlil bəy Türkiyə dövlətinin Araz-Türk Cümhuriyyətində hərbi müşaviri idi.
    Araz-Türk Cümhuriyyətində dövlət, parlament və digər idarəçilik orqanları, 20 tabordan ibarət könüllü xalq dəstələri yaradıldı. Araz-Türk Cümhuriyyətinin sahəsi 8696 kvadratkilometr, əhalisi        1 milyon nəfərə çatırdı. Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və başqa ərazilər cümhuriyyətin tərkibində idi. General Veysəl Ünüvar yazmışdır ki, Ordubaddan Sürməliyədək olan torpaqlar da Araz-Türk hökumətinin ərazisinə daxildir. Cümhuriyyətin yaradılması məsələsi Qəmərlidə müzakirə edilmiş, sonra Naxçıvan şəhərində yaradılmışdı və paytaxtı da Naxçıvan şəhəri idi.
    Respublika ərazisində milis idarələri, onların sahə şöbələri, taborlar (batalyonlar), süvari alayı yaradıldı. Araz-Türk Cümhuriyyətinin yaratdığı özünümüdafiə qüvvələri, süvari alayı yerli əhali ilə birlikdə diyarın və əhalinin təhlükəsizliyini, ərazinin qorunmasını, onun erməni işğalına düşməməsi üçün əzmlə mübarizə aparırdı.
    Araz-Türk Cümhuriyyəti fəaliyyəti dövründə (18.11.1918-10.03.1919) Azərbaycan Xalq Cümhuriyyəti, Osmanlı dövləti, Cənubi-Qərbi Qafqaz Respublikası ilə əlaqələr yaratmış, Naxçıvan diyarını qoruyub saxlamışdır.

    İngilis və ABŞ hərbi qüvvələrinin Naxçıvana gəlməsi və 
    ikili siyasətləri

İngilis qüvvələri 1918-ci ilin noyabrında Bakıya, 1919-cu ilin yanvarında Naxçıvana gəldilər. Mudros müqaviləsinin şərtlərinə görə, Cənubi Qafqaz ingilislərin təsir zonasına daxil edilmişdi. Mayor V.Hibbon Naxçıvana gəldi, o, bölgədəki vəziyyəti öyrənmək istəyirdi. Əslində, ingilislərin Naxçıvana gəlməsində bir məqsəd də Araz-Türk Cümhuriyyətinin iqtisadi və siyasi vəziyyəti, silahlı gücü ilə tanışlıq, onun Osmanlı Türkiyəsinin hakim dairələri ilə münasibətlərinin səviyyəsini və xarakterini aydınlaşdırmaqdan ibarət idi. İngilislər burada general-qubernatorluq yaratdılar və diyarı Ermənistanın hakimiyyətinə vermək istəyirdilər. Onlar Naxçıvanı işğal etmək istəyirdilər. Araz-Türk Cümhuriyyətinə Türkiyə tərəfindən yaradılmış qurum kimi baxaraq onu tanımaq istəmədilər.
    Milli Şuranın sədri Cəfərqulu xan 1919-cu il fevralın 26-da general-qubernator F.Lautenə məktub göndərərək bölgənin müsəlmanların iradəsinin əksinə olaraq Ararat (Ermənistan) Respublikasına verilməsinə etiraz edir. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, digər tərəfdən də daşnak Ermənistanının hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər. General Tomson erməni rəhbərlərinə təklif edirdi ki, Qarabağın və Zəngəzurun Azərbaycana verilməsini qəbul edərlərsə, Qars və Naxçıvanın onların nəzarəti altına keçməsinə kömək edəcəkdir.
    1919-cu il iyulun əvvəllərində ingilis qoşunları Naxçıvanı tərk etməyə başlayanda Naxçıvan əhalisi erməni işğalçılarına qarşı mübarizəyə başladı. Ermənilərə qarşı vuruşan könüllülərin sayı 10 min nəfərə çatırdı. İrəvandakı səlahiyyətli nümayəndə M.Təkinski vasitəsilə Azərbaycan hökuməti naxçıvanlılara geniş siyasi, diplomatik və maliyyə yardımı göstərirdi.
    Ermənilərin bölgədəki fəaliyyətinə son qoyulması ilə nəticələnən əsas hərbi hadisələr iyulun son günlərində baş verdi. Naxçıvan şəhəri ətrafında, Şahtaxtı, Yengicə və Noraşen stansiyalarında hərbi cəhətdən üstün olmalarına baxmayaraq, erməni qüvvələri məğlub edildilər, çoxlu silah-sursat, zirehli qatar ələ keçirildi. Xanlıqlar kəndi döyüşsüz alındı, 5 zabit, 95 əsgər əsir alındı, 600 tüfəng qənimət götürüldü. Düşmənin Vedidə möhkəmlənmək cəhdi baş tutmadı, ermənilər burada 4 min canlı qüvvə itirdi.
    Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri N.Yusifbəyli parlamentdəki çıxışlarında Naxçıvanın öz gücü ilə erməniləri məğlub edərək ərazidən qovduqlarını və Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi.
    İngilislərdən sonra ABŞ hərbi qüvvələri də Naxçıvana gəlib burada “bitərəf, neytral zona” yaratmaq istəyirdi. 1919-cu il avqustun 22-də Paris konfransının Ermənistana Ali komissar təyin etdiyi polkovnik V.Haskel Ermənistandakı çıxışında daşnakların bu ərazilərə qarşı irəli sürdükləri iddialarını müdafiə etmişdi. Bakıda AXC rəhbərləri ilə görüşündə isə bölgənin Azərbaycanın idarəçiliyində saxlanacağını bildirmişdi.
    V.Haskelin Naxçıvan və Şərur-Dərələyəz torpaqlarını əhatə edən “bitərəf zona” layihəsi AXC hökuməti tərəfindən qəbul edilmədi. Həmin layihəyə görə, yerli hakimiyyət orqanları Amerika qubernatoruna tabe olmalı idi.
    V.Haskelin layihəsi əsasında Naxçıvanda general-qubernatorluğun yaradılması yerli azərbaycanlı əhalinin də kəskin etirazına səbəb oldu. Onların ABŞ nümayəndəsi ilə görüşməsində Naxçıvan, Şərur, Dərələyəz, Vedibasar və Milistan əhalisinin əksəriyyətinin Azərbaycan türkləri olduğunu, bu ərazilərin iqtisadi, siyasi, mədəni, strateji cəhətdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və öz qanları ilə azadlıq qazandıqlarını nəzərə çatdırmışdı. Bunları nəzərə almayan V.Haskel polkovnik Edmond Dellini ərazinin general-qubernatoru təyin etdi. Naxçıvan rəhbərləri və ictimaiyyətin nümayəndələri bunu qəbul etmədiklərini amerikalı nümayəndələrə çatdırdılar və əhalinin ancaq Azərbaycan hökumətini tanıdığını bildirdilər.
    Beləliklə, Naxçıvan əhalisinin inadlı mübarizəsi və Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində amerikalıların bölgəni “bitərəf zona”ya çevirmək və orada Amerika general-qubernatorluğu yaratmaq yolu ilə Naxçıvanı Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.

    Azərbaycan Xalq Cümhuriyyəti ilə
    əlaqələrin möhkəmlənməsi

Hadisələrin ən mürəkkəb vaxtında  belə Naxçıvan əhalisi və rəhbərləri özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 28 fevral tarixli Qərarı ilə Naxçıvan general-qubernatoru yaratmış və Bəhram xan Naxçıvanskini general-qubernator təyin etmişdi.
    Araz-Türk Cümhuriyyəti AXC ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. AXC qarşılaşdığı çətin vəziyyətə baxmayaraq, Araz-Türk Cümhuriyyətini müdafiə etmək üçün müəyyən tədbirlər görürdü. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu diyar milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır.
    Naxçıvan bölgəsindəki vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti dövlətini və hökumətini ciddi surətdə narahat edirdi. 1919-cu il yanvarın 8-i və 25-də Naxçıvandakı vəziyyət Azərbaycan parlamentində müzakirə edilmiş, yanvarın axırlarında isə İrəvan Müsəlmanların Həmyerlilər Cəmiyyətinin nümayəndəsi Mirabbas Mirbağırov kömək üçün Araz-Türk Cümhuriyyətinə göndərildi. M.Mirbağırovun heyəti 23 və 25 fevralda hökumət üzvləri və nümayəndələrlə görüşdü. Müzakirələr zamanı Naxçıvanı Azərbaycana birləşdirmək barədə akt tərtib edildi. Akt siyasi, hərbi, iqtisadi, maddi və mənəvi məsələlərə aid bənd­lərdən ibarət idi. Aktı hökumət üzvləri, Milli Şura üzvləri və əhalinin nümayəndələri imzaladılar və hökumət möhürü ilə təsdiq edildi.
    M.Mirbağırov Naxçıvan səfərindən maraqlı nəticələr əldə etmiş və bu nəticələri Azərbaycan Nazirlər Şurasına təqdim etmişdi. Təkliflər Azərbaycan hökuməti tərəfindən nəzərə alındı. Azərbaycan hökuməti Naxçıvan bölgəsinin problemləri ilə sistematik məşğul olmağa başladı.
    Martın 16-da Bəhram xan Naxçıvanski­ni general-qubernator vəzifəsində Ə.Haşımbəyov əvəz etdi.
    Erməni işğalına son qoyulduqdan sonra bölgənin idarə edilməsində çox mürəkkəb vəziyyət yaranmışdı. Əslində, hakimiyyət üç qüvvənin: Azərbaycan hökumətinin bölgədəki nümayəndəsi – general-qubernator S.Cəmillinskinin, Türkiyənin hərbi nümayəndəsi Xəlil bəyin və Kalbalı xan və onun tərəfdarlarının əlində idi. Bölgənin ermənilərdən azad edilməsində onlar birgə mübarizə aparsalar da, hakimiyyət bölgüsündə, diyarın idarə edilməsində onlar arasında fikir ayrılıqları var idi. Bu ziddiyyətləri aradan qaldırmaq məqsədilə S.Cəmillinski Xəlil bəyi Naxçıvan qoşunlarının baş komandanı, rütbəsi artırılmış Kalbalı xanı isə onun köməkçisi, eyni zamanda Naxçıvan qoşun dəstəsinin komandiri təyin etmişdi.
    Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrləri olmuş F.Xoyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvan diyarına hərbi və maliyyə köməkliyi göstərir, onun Azərbaycanın ərazisi kimi qorunub saxlanılması üçün siyasi və diplomatik dəstək verirdilər.

    Naxçıvanda hərbi-siyasi vəziyyət
    və diyarın sovetləşməsi

    1920-ci ilin əvvəlində Naxçıvan ərazisində hərbi-siyasi vəziyyət yenidən gərginləşməyə başladı. Erməni daşnakları tərəfindən bütün sərhədboyu Naxçıvan diyarının Vedibasardan Ordubada qədərki ərazilərə hücum üçün hazırlıqlar görülür, nizami silahlı qüvvələr cəmləşdirilirdi. 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün daşnak Ermənistanı yeni cəhd göstərirdi. Naxçıvan rəhbərləri arasında birliyin olmaması vəziyyəti çətinləşdirirdi. Cavid bəyin xahişi, Kazım Qarabəkir paşanın qərarı ilə Naxçıvana Əli Teymur bəyin komandanlığı altında 50 nəfərdən ibarət yeni türk qoşun hissəsi gəldi. Kalbalı xanın, Ədib bəyin, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə yerli hərbi dəstələr erməni quldur dəstələrinə layiqli cavab verdilər və İrəvanın 8 kilometrliyinə çatdılar.
    1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildi və bolşeviklər hakimiyyətə gəlməklə Şimali Azərbaycan sovetləşdirildi. 
    Erməni basqınlarından cana doymuş yerli əhali 1920-ci ilin iyulunda məktubla N.Nərimanova və Q.Orconikidzeyə müraciət etdi. Məktubda deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur, Qırmızı ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.
    1920-ci il iyulun 28-də XI Ordu hissələri Naxçıvan şəhərinə daxil olur. Elə həmin gün bölgədə sovet hakimiyyəti elan olunur və M.Bəktaşi, A.Qədimov, F.Mahmudbəyov və başqalarından ibarət Naxçıvan İnqilab Komitəsi yaradılır.
    1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bəktaşi Azərbaycan SSR XKS-in sədri N.Nərimanova məktubla müraciət edir. Məktubda deyilirdi: “Naxçıvan əhalisinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan SSR-in ayrılmaz hissəsi hesab edir...”

    Sovet Rusiyasının ikili siyasəti

Bu dövrdə Sovet Rusiyası yenə ikili siyasət yeridirdi. Bir tərəfdən erməni daşnak qüvvələri ilə müharibə aparır, digər tərəfdən isə onlarla danışıq aparırdı. Bu danışıqlarda Azərbaycanın iştirakı olmadan onun mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi də müzakirə olunurdu. Bunu bilən N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın­ ­tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”
    Sovet Rusiyası Ermənistanı öz tərəfinə çəkmək, öz nüfuz dairəsinə almaq üçün Azərbaycanın əzəli torpaqları olan Naxçıvan və Zəngəzuru Ermənistana verməyi planlaşdırırdı. Bu yolla həm də Ermənistanı sovetləşdirmək istəyirdi. Sovet Rusiyasının Azərbaycanın bu bölgəsinə dair planlarını İ.Stalinin 1920-ci il noyabrın 9-da Bakıdakı çıxışında dediyi bu sözlər də təsdiqləyir: “Əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada sovet hökuməti yaranarsa vermək olar”.
    İ.Stalinin bu fikri özünü çox gözlətmədi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra Azərbaycan torpaqlarının Ermənistana verilməsi istiqamətində konkret addımlar atılmağa başlandı.
    Ermənistanın bolşeviklərin nəzarəti altına keçməsi ilə əlaqədar Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. HİK-in sədri N.Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: “... Bundan sonra heç bir ərazi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kənd­lilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir”. Bu qərarı AK (b) P Mərkəzi Komitəsi qəbul etmişdi, N.Nərimanov bunu, sadəcə, bəyan etmişdi.

(ardı var)
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Nəşr edilib : 02.02.2024 18:25