AZ EN RU

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib

Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək muxtariyyətin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” imzaladığı Sərəncamın muxtariyyətin 100 illiyi ərəfəsində muxtar respublika əhalisinə ən böyük ərməğan olduğunu bildirib. Cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda son illər əldə olunan nailiyyətlərdən danışıb. 
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında muxtariyyətin yaranması ərəfəsində regionda ictimai-siyasi vəziyyət, Moskva və Qars müqavilələrinin bir əsr boyunca Naxçıvanın Azərbaycanın tərkibində qalmasında oynadığı rol haqqında geniş məlumat verib. 
Çıxışlardan sonra Naxçıvan Dövlət Televiziyasının Muxtar Respublikanın yaradılmasının 100 illiyinə həsr olunmuş sənədli filminə baxış keçirilib. 
Tədbirin bədii hissəsində isə Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifasında bayram əhvali-ruhiyyəli, vətənpərvərlik ruhunda musiqilər, rəqs nümunələri rayon ictimaiyyətinə təqdim olunub.

Nəşr edilib : 22.02.2024 19:57