AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Nizamnaməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 oktyabr tarixli 207-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi (bundan sonra – Birlik) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (bundan sonra – tibb müəssisələri) idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını və qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Birlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Birlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Birlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Birliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Birliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Birlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Birlik Naxçıvan şəhərində yerləşir.

2. Birliyin fəaliyyət istiqamətləri

2.1. Birliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək;

2.1.2. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək;

2.1.3. tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

2.1.4. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək.

3. Birliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Birliyin vəzifələri aşağıdakılardır:

3.1.1. əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallar istisna olmaqla, tibb müəssisələrinə münasibətdə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həyata keçirmək;

3.1.3. tibb müəssisələri vasitəsilə əhaliyə tibbi yardım göstərilməsini təmin etmək, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə tədbirlər görmək;

3.1.4. tibb müəssisələrini fəaliyyətinin təşkili üçün zəruri olan iş, xidmət, mal-material və digər ləvazimatla “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etmək;

3.1.5. tibb müəssisələrində mütərəqqi korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı məsələlərə nəzarət etmək;

3.1.6. tibb müəssisələri şəbəkəsinin optimallaşdırılmasını təmin etmək;

3.1.7. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müəyyən etmək;

3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Birliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin muxtar respublikada yerinə yetirilməsini təmin etmək;

3.1.9. tibb müəssisələrinə münasibətdə əhalinin sağlamlığının qorunması sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.10. elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.11. Birliyin və tibb müəssisələrinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.12. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.14. Birliyə ayrılan dövlət büdcəsi vəsaitindən, icbari tibbi sığorta fondunun vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.16. Birliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.17. tibb müəssisələri əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.18. icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, Birliyin və tibb müəssisələrinin büdcələrini təsdiq etmək;

3.1.19. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.20. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, əhalinin sağlamlığının qorunması sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.21. tibb mütəxəssislərinin hazırlanması və tədris proqramlarının tərtib olunması ilə bağlı təkliflər vermək;

3.1.22. əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə bu reyestrə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) çıxışını təmin etmək;

3.1.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Birliyin aşağıdakı hüquqları vardır:

3.2.1. əhalinin sağlamlığının qorunması sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflər vermək;

3.2.3. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, əhali arasında infeksion və qeyri-infeksion xəstəliklərin dinamikası və xəstələnmə halları barədə məlumatların toplanılmasını və aidiyyəti üzrə təqdim olunmasını təşkil etmək;

3.2.4. tibb müəssisələrinin kadr təminatı ilə bağlı ehtiyaclarını öyrənmək və bu istiqamətdə müvafiq təkliflər vermək;

3.2.5. xarici dövlətlərin əhalinin sağlamlığının qorunması sahəsində təcrübəsini öyrənmək;

3.2.6. tibb müəssisələrinin fəaliyyəti ilə bağlı icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.8. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.12. öz əməkdaşlarını və tibb müəssisələrində çalışan işçiləri dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq müqavilə əsasında ödənişli və ödənişsiz təlimlər təşkil etmək;

3.2.14. bu Nizamnamənin 3.2.13-cü yarımbəndinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.15. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.16. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.17. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Birliyin idarə olunması

4.1. Birlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Birliyin idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra – Şura) və İcraçı direktordur.

4.3. Şura Birliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Şuranın tərkibinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri daxildir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təkliflər vermək və sənədlər (o cümlədən Birliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Birliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Birliyin fəaliyyətinə nəzarət etmək;

4.7.4. Birliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən Birliyin əldə etdiyi vəsait (muxtar respublika büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Birliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Birliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, Birliyin maliyyə planlaşdırmasını və büdcəsini, habelə tabeliyindəki tibb müəssisələrinin büdcələrini təsdiq etmək;

4.7.7. Birliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.10. Birliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.11. Birliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.13. Birlikdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.14. Birliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Birliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.15. tibb müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.16. bu Nizamnamənin 3.1.7-ci yarımbəndində nəzərdə tutulmuş tarifləri təsdiq etmək;

4.7.17. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Birliyin İcraçı direktorunun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.18. Şuranın üzvləri:

4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.18.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.20. Birliyin fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 (iki) müavini vardır.

4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

4.22. İcraçı direktorun vəzifələri aşağıdakılardır:

4.22.1. Birliyin fəaliyyətini təşkil edir;

4.22.2. Birliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.22.3. Birliyin Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.22.4. Şuranın qərarlarını icra edir;

4.22.5. aidiyyəti şəxslə dəyəri Birliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

4.22.6. Birliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.22.7. bu Nizamnamənin 3.1.13-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.22.8. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

4.22.10. Birliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.22.11. Birliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.22.12. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Birliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.22.13. Birliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.22.14. Birliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yalnız rəhbərlərinin, bu Nizamnamənin 4.7.15-ci yarımbəndi nəzərə alınmaqla tibb müəssisələrinə münasibətdə (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.22.15. Birliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.22.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Birliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.22.17. Birliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.22.18. Birliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22.19. Birlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.22.20. Birlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.22.21. özünün, tibb müəssisələrinin və Birliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.22.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.23. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Birliyin nizamnamə fondu, əmlakı

və maliyyə fəaliyyətinin əsasları

5.1. Birliyin nizamnamə fondunun məbləği 10 000 (on min) manatdır.

5.2. Birliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Birlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Birlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Birlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Birliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların (tibb müəssisələri istisna olmaqla) fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Birliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Birliyin işlərinin və xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Birliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Birliyin fəaliyyətinə nəzarəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İcraçı direktor həyata keçirirlər.

6.2. Birliyin fəaliyyətinə dair illik hesabat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edilir.

7. Birlikdə uçot və hesabat

7.1. Birlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Birlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Birlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Birlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Birliyin ləğvi və yenidən təşkili

Birliyin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həyata keçirir.

Nəşr edilib : 20.10.2023 16:19