AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında Anım Günü ilə əlaqədar tədbir keçirilib

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında Anım Günü ilə əlaqədar “Şəhidlərimiz ən ali qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin məzarları üstünə tər qərənfillər düzüblər.

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında davam etdirilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri Rauf Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Rauf Əliyev vurğulayıb ki, Azərbaycan Respublikası 1993-cü ildən Vətən müharibəsinədək olan dövrdə çox böyük inkişaf yolu keçib, iqtisadiyyatını gücləndirib, ordusunu dünyanın qüdrətli orduları sırasına yüksəldib, transmilli layihələr həyata keçirib, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Ermənistan isə bütün regional layihələrdən kənarda saxlanılıb, iqtisadiyyatı, ordusu çöküb, əhalisi səfil vəziyyətə düşüb. Bunu yaxşı bilən erməni himayədarları müharibənin başlandığı ilk gündən ölkəmizə ciddi təyziq göstərməyə, sürətlə irəliləyən ordumuzun əks-hücumunudayandırmağa çalışdılar. Ancaq Prezident cənab İlham Əliyevin sarsılmaz qətiyyəti, beynəlxalq aləmdə qazandığı böyük nüfuzu və çevik diplomatiyası sayəsində heç bir nəticə əldə edə bilmədilər.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz şücaəti ilə 30 illik erməni işğalına son qoyuldu. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı,canı və qanı bahasına əldə edildi. Şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvü Sara Əzimova qeyd edib ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq 44 gündə yalnız irəli getdi. Ermənistan Ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməlinin qoyulduğunu xatırladan Sara Əzimova bildirib ki, bu ili sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri yenə Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutka ərzində düşmən aldığı ağır zərbələrdən sonra tərk-silah olunmağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.

Tədbirdə çıxış edən Televiziya və Radio Şurasının əməkdaşları Zilhiccə Abdullayeva  və Elçin Əliyev qeyd ediblər ki, xalqımız şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaq. Şəhid adını qazanmış Azərbaycanın igid övladları xalqımızın qəhrəmanlıq tarixində əbədiyyətə qovuşub.

Nəşr edilib : 27.09.2023 15:27