AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2005-ci il 9 mart tarixli 173-II FR nömrəli Fərmanı ləğv edilsin.

Anar İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 19 mart 2024-cü il

Nəşr edilib : 19.03.2024 15:49