AZ EN RU

Naxçıvan Muxtar Respublikasının su təminatının yaxşılaşdırılması üçün işlər davam etdirilir

Muxtar respublikada 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq aprel ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, 2024-cü ilin aprel ayının sonunda su anbarlarında 248,83 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə aprel ayı ərzində 37,27 milyon kubmetr su verilib, bunun müqabilində 30131 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin aprel ayı ərzində 3,88 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 34,04 kilometr beton və torpaq kanallar, 30,93 kilometr ara arxlar, 3,9 kilometr kollektor lildən təmizlənib, 3,95 kilometr içməli su, 0,04 kilometr suvarma boru, 0,13 kilometr kaptaj xətti çəkilib, 2,57 kilometr mövcud içməli su xətlərində, 0,04 kilometr kanalizasiya xətlərində, 0,68 kilometr suvarma boru xətlərində, 0,09 kilometr kaptajlarda və təzyiqli boru xətlərinin 1,8 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib.  Həmçinin torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda 0,7 kilometr, Muğanlı kollektorunda 0,8 kilometr, Axaməd kollektorunda 0,9 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda isə 1,5 kilometr olmaqla, ümumilikdə, 3,9 kilometr kollektor lildən təmizlənib. Beləliklə, görülən işlər nəticəsində Şərur rayonunun 29 hektar, Naxçıvan şəhərinin isə 30 hektar olmaqla, ümumilikdə, 59 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 metr uzunluğunda yeni sugətirici boru xətti, Ordubad rayonunda isə Gilançay hövzəsində yeni tikilmiş kaptajdan Sabirkəndə 3200 metr uzunluğunda yeni sugətirici boru xətti çəkilib. Həmçinin Culfa rayonunda Əbrəqunus kənd kaptajının uzunluğu 30 metr artırılıb, Ordubad rayonunda Gilənçay hövzəsində 100 metr yeni kaptaj tikilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Zeyvə-1”, “Zeyvə-2” və “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Hacıvar”, “Badaşqan” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,98 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərinin 0,1 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1” nasos xəttinin 0,09 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,05 kilometr hissəsində, Naxçıvan şəhərində “Azərbaycan”, “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,5 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin aprel ayı ərzində 3 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 330 metr kürə təmizlənmiş, 13 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3 ədədinə yeni nasos quraşdırılmaqla, 64 ədədi əsaslı təmir olunub.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 21 evin içməli su xəttinə, 320 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 16.05.2024 15:22