AZ EN RU

Naxçivan Muxtar Respublikasinin Sosial-Iqtisadi Inkişafinda Yeni Mərhələ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş 4 dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Yeni Dövlət proqramında əsas göstərildiyi kimi, Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsirlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasının da inkişafını hər zaman xüsusi diqqətdə saxlamış, yüksək qayğı göstərmişdir.

Dövlət Proqramının əsas məqsədi davamlı iqtisadi artımı təmin etmək, vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi yüksəlişinə nail olmaqdır. Muxtar respublikanın hərtərəfli inkişafını nəzərdə tutan yeni proqramın icrası mühüm əhəmiyyətə malikdir. Qeyd etməliyik ki, son bir əsrdə bu regionun inkişaf etdirilməsinə dair indiki miqyasda dövlət proqramı qəbul edilməyib. Bu, regionun geosiyasi və tarixi-coğrafi şəraiti, habelə təbii resursları və iqtisadi imkanları nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının hərtərəfli müasir inkişafına və perspektivlərinə hesablanmış mühüm əhəmiyyətə malik sanballı dövlət proqramıdır.

Dövlət Proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə əlverişli icra mexanizmi müəyyən edilib ki, bunlar da 8 bölmə üzrə verilmişdir. Dövlət Proqramı məhz yeni mərhələdə qarşıda duran vəzifələrin reallaşdırılması məqsədilə hazırlanmışdır. Proqram Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri və 7 rayonu (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur) əhatə edir. Proqramda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə nail olunması üçün məqsədlər və əsas istiqamətlər müəyyən edilmişdir. Beynəlxalq təcrübə və bunun təhlili əsas götürülərək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran əsas məqsəd ən yaxşı təcrübələrin tətbiqi ilə əldə olunan iqtisadi və sosial nailiyyətlərin səmərəsinin artırılmasıdır.

Dövlət Proqramında mövcud vəziyyətin təhlili əhatəli və hərtərəfli olaraq təqdim edilir. Bu, Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımından çox vacibdir. Burada yalnız qlobal trendlər deyil, eyni zamanda mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib. Yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün əsaslı imkanlar yaradacaq. Bu Naxçıvana da xarici və yerli sərmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesini sürətləndirəcək.

Dövlət Proqramının 3-cü bölməsində əldə olunmuş naliyyətlər göstərilir və mövcud çağırışlar irəli sürülür. “Ölkədən regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü tədbirlər nəticəsində görülmüş işlər infrastruktur layihələrin həyata keçirilməsinə, Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yolların inşasına, sosial infrastruktur obyektlərinin tikintisinə, yeni müəssisələrin yaradılmasına və iş yerlərinin açılmasına səbəb olmuşdur” kimi nailiyyətlər qeyd olunur.

Nailiyyətlər göstərilməklə yanaşı, Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi üçün qeyd olunan bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur: rəqabət mühitinin sağlamlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, vahid reyestrin formalaşdırılması, bank və sığorta filialları şəbəkəsinin genişləndirilməsi, istehsal və xidmət sahələrinin özəlləşdirilməsi, dövlət xidmətlərinin muxtar respublikada tam tətbiq olunması, “Asan xidmət”, “Dost” və digər mərkəzlərin fəaliyyətə başlaması və bu xidmətlərə əlçatanlığın artırılması; əlvan metallar hesabına hasilat sənayesinin inkişaf etdirilməsi; yeni sənaye sahələrinin və sənaye zonasının yaradılması; elektrik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə yeni enerji stansiyalarının tikintisi və avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması və s.

Naxçıvan günəş enerjisi baxımından çox böyük potensiala malikdir. Bu potensialdan səmərəli istifadə etmək üçün Naxçıvanın xüsusi inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya əsasən, muxtar respublikada külək və günəş enerjisi üzrə 1500 meqavaltlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması nəzərdə tutulub. Bu enerjinin ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracı nəzərdə tutulur. Qeyd etməliyik ki, “Total Energies”, “Nobel Energy Managenment” və başqa bu kimi şirkətlər Naxçıvanda günəş və külək enerjisi istehsalında maraqlıdırlar. Bu isə onu göstərir ki, yaxın vaxtlarda Naxçıvanın “yaşıl enerji” şəbəkəsi xeyli genişləndiriləcək. Nəticədə, Naxçıvan “yaşıl enerji”nin istehsalı və istehlakı ilə bərabər, ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək

Türkiyə sərhədinədək 18 kilometrlik magistral boru kəmərinin çəkilməsi ilə Naxçıvan Muxtar Respublikasının Türkiyənin qaz şəbəkəsi ilə əlaqələndirilməsi təmin ediləcək. Kənd təsərrüfatının inkişafında suvarma suyunun əhəmiyyətini nəzərə alaraq muxtar respublikada suvarma şəbəkələrinin yenilənməsi, müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi də həlli vacib olan məsələlər sırasına daxildir. Çünki, meliorasiya və su təsərrüfatının hərtərəfli inkişafı sosial-iqtisadi fəaliyyətin başlıca istiqamətlərindən birini təşkil edir. Proqramda bu istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur.

Muxtar respublikada duz yataqları, mineral və müalicəvi sular, tarixi və dini abidələrin olması turizm infrastrukturunun qurulması və genişləndirilməsini zəruri edir. Naxçıvanda qış və kənd turizminin inkişafı üçün də lazımi imkanlar mövcuddur. Ağbulaq qış turizmi üçün unikal məkandır. Əshabi-Kəhf kimi müqəddəs ziyarətgahın burada olması dini turizmə marağı həmişə artırmışdır.

Dövlət Proqramında əsas hədəf göstəricilərinin və prioritet istiqamətlərin müəyyənləşdirilməsində Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr təhlilindən istifadə edilmişdir. “Güclü tərəflər”in verdiyi üstünlük və  “İmkanlar”ın yaratdığı fürsətlərdən bəhrələnərək “Zəif tərəflər” inkişaf etdiriləcək və “Təhlükələr”in mümkün neqativ təsirləri minimuma endiriləcəkdir.

Proqramda sənayenin inkişafı, sənaye məhsullarının istehsalı və ixracı ilə də prioritetlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin 13 sentyabr 2019-cu il tarixli fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Qarşıdakı illərdə Sənaye Məhəllələrinin yaradılmasına diqqət artırılacaq, sənaye parkı istehsal olunan sənaye məhsullarının respublikadan kənara ixrac edilməsini stimullaşdıracaq, rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq. Naxçıvanda iri müəssisələrin istehsal etdikləri məhsulların həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxarılmasının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Muxtar respublikada iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması nəzərdə tutulmuşdur: “Bu, həmin sahədəki prosedurların sadələşdirilməsi vasitəsilə həyata keçiriləcək. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunacaq”. Biznes mühitinin formalaşdırılması ilə əlaqədar bu yaxınlarda muxtar respublikada “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” adlı konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışı zamanı qeyd etmişdir ki, “Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfiqlər açılır”. Tarixi İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda azad iqtisadi zonanın yaradılması, ticarət və logistika imkanlarının genişlənməsi ilə bağlı vəzifələrin nəzərdə tutulması bilavasitə Zəngəzur dəhlizi açıldıqdan sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının əhalisi ilə muxtar respublika əhalisi arasında ticarət və qarşılıqlı səfərlər üçün imkanlar yaranacaq.

Dövlət Proqramında əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, mənzil fondunun inkişafı və əhalinin güzəştli şərtlərlə mənzilə əlçatanlığının təmin edilməsi kimi sosial sahələrə də böyük əhəmiyyət verilir. Təhsilin, təhsil müəssisələrinin inkişafı, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüləcəkdir. Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması, ali təhsilin keyfiyyətinin artırılması, yeni məzmunlu proqramların tətbiqi üzrə layihələr həyata keçiriləcəkdir.

Proqramda əsas hədəf göstəriciləri kimi, dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması irəli sürülmüşdür.

Proqramda nəzərdə tutulan tədbirlər genişmiqyaslı və çoxşaxəlidir. Bunların hamısı davamlı iqtisadi artımın təmin edilməsinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Məqsəd həm də muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyanı təmin etməkdən ibarətdir.

Qeyd olunan Dövlət Proqramının təsdiq edilməsi Azərbaycanın ayrılmaz bir hissəsi olan bu ulu diyarın sakinlərinə dövlət qayğısının əyani ifadəsidir. Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək üçün muxtar respublika sakinləri onlara göstərilən diqqətə layiq olmaq üçün qüvvələrini səfərbər edəcək, səylərini birləşdirməklə müəyyən edilən tədbirlərin uğurlu həllinə nail olmaq üçün əzmlə çalışacaqlar.

İsmayıl HACIYEV

AMEA Naxçıvan Bölməsinin

sədri, akademik

Nəşr edilib : 23.06.2023 12:41