AZ EN RU

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında Şərur Sənaye Məhəlləsinin özünəməxsus rolu olacaq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə iyun ayının 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. İxracyönlü sənaye sahəsində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, istehsal olunmuş sənaye məhsullarının keyfiyyətinin yüksələcəyi, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunan Dövlət Proqramında sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun və Şərur Sənaye Məhəlləsinin fəaliyyət istiqamətlərinin təmin edilməsi də nəzərdə tutulub. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, həmçinin məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması labüddür.

    Azərbaycanda son 20 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində hüquqi, siyasi və iqtisadi tədbirlərin görülməsi sahibkarlığın fəaliyyəti üçün həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin apardığı regional inkişaf strategiyasında sənaye quruculuğu prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bölgələrdə formalaşan xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan sənaye müəssisələri, texnoparklar və aqroparklar ən müasir standartlar səviyyəsində qurulur. Bu müəssisələrin sayı artdıqca ixracyönümlü “Made in Azerbaijan” brendi ilə dünyaya çıxan məhsula tələbat da artır. 
    Bu gün Naxçıvan Muxtar Respublikasında da mövcud olan iri müəssisələrin, istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndirilir. 
    Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Belə ki, 2015-ci ildə Neftçala, 2016-cı ildə Masallı, 2017-ci ildə isə Hacıqabul və Sabirabad Sənaye məhəllələri yaradılıb.
    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması istiqamətində 4,8 hektar ərazidə Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Həmin Fərmana əsasən ölkəmizin digər regionlarında yaradılan sənaye məhəllələrindən fərqli olaraq Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görür. Verilmiş normativ-hüquqi aktların və müvafiq tapşırıqların səmərəli operativ icrası məqsədilə bir sıra vəzifə və funksiyaların idarəedici təşkilat qismində Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin səmərəli təşkil olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 yanvar tarixli Qərarı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Şərur Sənaye Mərkəzi publik hüquqi şəxs yaradılmışdır. Hazırda sənaye məhəlləsində tikinti işləri aparılır. Burada iqtisadi əsaslandırılmış dörd layihənin yerli sahibkarlara təqdimatı keçirilmiş, digər layihələr üzrə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi tərəfindən araşdırmalar aparılır. Ölkə və MDB təcrübəsinə baxılırsa, adətən, sənaye məhəllələrinin SSRİ dövrünə aid hazırda fəaliyyət göstərməyən zavod və fabriklərin ərazisində yaradıldığı məlum olur. Şərur Sənaye Məhəlləsi də Şərur rayonunda fəaliyyəti dayanmış konserv zavodunun ərazisində qurulur.
    Məhəllənin ərazisində üç mərtəbədən, 24 istehsal sexi, bir konfrans zalı, altı inzibati və beş texniki otaqdan və altı sanitar qovşaqdan ibarət inzibati bina və 3 istehsal korpusu inşa olunmuşdur. 
    İnzibati binada ilkin olaraq bir şirniyyat və bir tekstil malları istehsalı sahələrinin fəaliyyəti nəzərdə tutulur. Gələcəkdə digər kiçik istehsal sahələrinin fəaliyyətə başlaması istiqamətində işlər aparılır.
    On iki blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları və iki mebel müəssisəsi fəaliyyət göstərir. Birinci korpusun ikinci hissəsində yerləşən altı istehsal bloku üçün müxtəlif təyinatlı, o cümlədən qəlyan tütünü, polietilen torbalar, dəmir darvaza qapıları istehsalının həyata keçirilməsi üçün müraciətlər daxil olmuşdur. Qeyd olunan blokların qida sənayesi üçün nəzərdə tutulması ilə əlaqədar olaraq qəlyan tütünü istehsalı üçün iki blok ayrılmış və sahibkar tərəfindən avadanlıqların alınması istiqamətində Türkiyə mənşəli şirkətlə iş aparılır. Digər istehsal bloklarında prioritet hesab edilən qida təyinatlı kiçik istehsal sahələrinin qurulması istiqamətində də iş aparılır. İki hissədən ibarət ikinci korpusda kağız kisə və karton tara müəssisəsinin qurulması başa çatdırılmış, günəbaxan tumlarının paketlənməsi sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Üçüncü korpusda isə bitki yağı istehsalı müəssisələrinin qurulması istiqamətində işlər davam etdirilir. Əlavə olaraq yağ istehsalı sahəsinin ekstraksiya bölməsi üçün bir ədəd yardımçı bina, xammalın saxlanması üçün iki ədəd min tonluq metal konstruksiyalı çən və bir ədəd ağırçəkili tərəzi quraşdırılması nəzərdə tutulur. 
    Hazırda Azərbaycanda sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlərin sayı 25-ə çatmışdır ki, bunun da nəticəsində faktiki olaraq 10 min 200-ə yaxın iş yeri yaradılmışdır. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 582,3 milyon manatdan çox investisiyanın qoyulması və 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 
    Beləliklə, şahid oluruq ki, modern sənayeləşmə Azərbaycanın iqtisadi qüdrətinin artmasına böyük təkan verir. Heydər Əliyev siyasi kursunun davamçısı, müdrik lider, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev illər əvvəl deyirdi: “Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək”. Bu gün sənaye park və məhəllələrimizdə istehsal olunan məhsulların dünyanın müxtəlif ölkələrinə Azərbaycan brendi ilə ixrac olunması illər əvvəl uzaqgörənliklə  vurğulanan bu fikrin əyani sübutudur.

Fariz Əhmədov

Nəşr edilib : 12.07.2023 18:36