AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

4.3. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla təsdiq etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 06 mart 2024-cü il

Nəşr edilib : 06.03.2024 11:08