AZ EN RU

Naxçıvan Muxtar Respublikasının memarlıq və şəhərsalma ənənələri

Bəşər övladının mövcud olduğu dövrdən başlayaraq insanlar həyat və fəaliyyəti üçün yaşam yerləri seçmişdir. İlk  insanın məskunlaşdığı təbii mağaralardan başlayaraq günümüzdəki estetik gözəlliyə malik yaşam yerlərinə çevrilmiş məkan mühitini əmələ gətirən bina və qurğular sistemi memarlığın əsasını formalaşdırmışdır. Ümumilikdə, bəşəriyyətin formalaşdırdığı monumental memarlıqla yanaşı tarix boyu ayrı-ayrı xalqlara, dini cərəyanlara və məkan məfkurəsinə uyğun olaraq memarlıq ənənələri də yaranmışdır. Xüsusilə, Azərbaycanda islam dininin yayılması, türk-islam mədəniyyətinin formalaşması, inkişafı  günümüzə kimi gəlib çatmış  tarixi-memarlıq abidələrinin yaradılması ilə səciyyələnmişdir. Memarlığın formalaşmasında eyni zamanda dövrün tələbi, ictimai quruluş, əhalinin məşğuliyyəti və digər amillər də mühüm rol oynamışdır. 19-cu əsrdə elm və sənayenin inkişafı memarlığın yeni təzahürlərinin sənaye, zavod, fabrik, tibb, təhsil, liman, vağzal və sair tikililər, sənaye-nəqliyyat qurğuları yeni memarlıq üslubunun yaranmasına səbəb olmuşdur. Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində Xəzər dənizində dövrün memarlığında özəl yer tutan Neft Daşları şəhərciyinin salınması da Azərbaycanımızın tarixi memarlıq ənənələrinin parlaq nümunələrindəndir.

Azərbaycanın insanın ilk məskunlaşdığı yer kimi tanınan, beş min ildən çox şəhər mədəniyyətinin izlərini özündə daşıyan Nuh yurdu Naxçıvan ərazisi qədim zamanlardan nadir memarlıq nümunələri ilə yaxın şərqdə tanınmış, günümüzə kimi gəlib çatmış qiymətsiz tarixi-memarlıq abidələrinin canlı muzeyinə çevrilmişdir. Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr, saraylar, karvansaralar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilmişdi. Memar Əcəminin XII əsrdə Naxçıvanda ucaltdığı və dövrümüzədək  salamat qalmış Yusif ibn Küseyir türbəsi və Möminə xatun türbəsi dünya memarlığında insan xatirəsini monumental biçimlərlə əbədiləşdirən ən uğurlu örnəklərdəndir. Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan memarlıq məktəbi əmələ gəlmiş və formalaşmışdır. Doğma Naxçıvanımızın qoynunda bəslədiyi, bu günümüzə kimi gəlib çıxmış memarlıq nümunələri xalqımızın yaratdığı memarlıq mədəniyyətinin şah əsərlərindəndir.

Bütün dünyada olduğu kimi 19-cu əsrdə sənayeləşmə Naxçıvan ərazisində də  memarlığın yeni təzahürlərini yaratmışdır. Tarixi dövrün ictimai-siyasi prosesləri bu regionda bütün sahələrdə əsaslı inkişafa mane olmuşdur.

Tarixin dönüş nöqtələri bir çox hallarda xalqın yetişdirdiyi dahi şəxsiyyətlərlə bağlıdır. Naxçıvan Muxtar Respublikasının inkişafı da Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cü ildən başlayaraq bu günümüzə kimi davam edən dövrü əhatə etməkdədir. Ötən müddətdə muxtar respublika iqtisadiyyatının bütün istiqamətlərində müşahidə olunan müsbət dinamika şəhərsalma sahəsini də əhatə etmiş, tikinti sektorunun dayanıqlı təməlinin qoyulmasına və sürətli inkişafına şərait yaratmışdır. Bu sahənin intensiv inkişafı, geniş tikinti potensialının yaradılması, sahə üzrə inkişaf proqramlarının qəbul edilməsi, kadr potensialının yaradılması məhz Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərə təsadüf etməsi dahi şəxsiyyətin əvəzsiz fəaliyyətinin, vətən sevgisinin təzahürləri idi.

Həmin illərdə iqtisadiyyatın inkişafına yönəlmiş  vacib qərarların qəbul edilməsi  sənaye və kənd təsərrüfatının inkişafının intensivləşdirilməsini hədəfləmişdir. Bu qərarlar əsasında ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında müasir sənaye müəssisələrinin tikintisi, sosial-mədəni, xidmət və infrastruktur obyektlərinin tikintisinə yönəldilmişdir. Bununla əlaqədar tikinti sahəsində mövcud vəziyyəti dərindən təhlil etmək məqsədilə 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti məsələlərinə həsr edilmiş xüsusi plenumu keçirilmiş və bu sahədə konkret tədbirlərin keçirilməsini özündə ehtiva edən tədbirlər planı təsdiq edilmişdir. Sosial-iqtisadi göstəricilərin yüksəlməsinin əsas səbəbi həmin dövrdə tikinti kompleksinə dövlət tərəfindən ciddi qayğı və diqqətin artırılması idi.

Əhalinin sosial şəraitinin yaxşılaşdırılmasında mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini bilən Ulu Öndər Heydər Əliyev tərəfindən yeni mənzil tikintisi, mənzil sahələrinin əhali arasında ədalətli bölgüsünün həyata keçirilməsinə xüsusi önəm verirdi. Həmin dövrü təhlil edərkən görürük ki,  qəbul edilən bir çox qərarlar gələcəyə hesablanmışdır. Bugünkü müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin elə həmin illərdən əsasını qoyduğu uzaqgörən fəaliyyətin uğurlu nəticələridir. Azərbaycanın müstəqil dövlət quruculuğunun memarı Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də ölkəmizin ərazisi başdan-başa quruculuq meydanına çevrilmişdir. Şəhərsalmanın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verir, milli memarlıq formalarından, milli naxışlardan səmərəli istifadə etməyi tövsiyyə edirdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür."

Şəhərsalma sahəsində uğurların qazanılması eyni zamanda bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkil olunmasından asılıdır ki, bunun da əsasını qanunvericilik bazasının formalaşdırılması, şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi təmin edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və müvafiq olaraq digər beynəlxalq normaları özündə ehtiva edən normativ hüquqi aktların qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi bazasını formalaşdırılmışdır. Eyni zamanda ölkə prezidentinin müvafiq fərmanı ilə şəhərsalma sahəsində vahid dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin və qanunvericiliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması şəhərsalmanın planlı aparılmasına və bununla da torpaqlardan səmərəli istifadə və ərazilərin dayanıqlı inkişafına, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsinə, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunmasına, bu sahədə fəaliyyətin hüquqi və iqtisadi tənzimlənməsinə əlverişli mühit yaratmışdır.

Ölkə prezidenti tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas amalı olan insanların sosial-rifah halının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qəbul edilən qərarlar, o cümlədən tikinti icraatında sadələşdirilmiş “Bir pəncərə” prinsipinin təmin olunması, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismara icazənin verilməsi icraatının sadələşdirilməsi haqqında qərarlar mühüm əhəmiyyət kəsb etməklə tikinti sektorunda canlanma yaratmaqla vətəndaşlara dəstək olunmuşdur. Naxçıvan Muxtar Respublikasında şəhərsalma tədbirləri tarixi memarlıq abidələrinin qorunması, bərpası ilə yanaşı aparılmaqdadır. Hələ Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdən irs qoyduğu ənənəyə uyğun olaraq tariximizin canlı nümunəsi olan arxeoloji tapıntılara, abidələrə münasibət dəyişmiş, onların yad təsirlərdən qorunması, mühafızəsi və bərpası işi diqqət mərkəzində saxlanmışdır.

Möhtərəm Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təşkil edilməsi Naxçıvan tarixinin və maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Ümummilli Liderimiz bu elmi müəssisənin təşkili ilə əlaqədar Naxçıvanda keçirdiyi müşavirədə demişdir: "Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi- memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı da göstərilməyibdir, hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir. Lakin bunlar haqqmda tarixi mənbələr və toplular varmı? Hesab edirəm ki, yoxdur... Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir? Bax, bütün bu səbəbdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm".

Ümummilli Liderimizin diqqət və qayğısı nəticəsində Naxçıvan abidələri ikinci ömrünü yaşamağa başlamışdır. Möminə xatun və Qarabağlar memarlıq kompleksi restavrasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Bundan başqa, daşdan düzəldilmiş qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədi ilə Açıq Səma Altmda Muzey yaradılmış, Naxçıvan memarlıq məktəbinin müasir dövrümüzdə ən layiqli davamı olan Hüseyn Cavid məqbərəsi ucaldılmışdır. Gəmiqaya qayaüstü təsvirlərini öyrənmək məqsədi ilə elmi ekspedisiyalar yaradılmış, Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsi həyata keçirilmişdir.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Bu əsaslara dayanaraq Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 5 iyun 2023-cü il tarixli  Sərəncama əsasən  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bütün sahələrdə, o cümlədən şəhərsalma sahəsində qarşıdakı illər üçün geniş inkişaf imkanları yaradır. Proqramda eyni zamanda əhalinin, xüsusilə gənclərin, azgəlirli ailələrin mənzil tələbatının təmin edilməsi üçün  şəhər və rayonlarda güzəştli, sosial mənzillərin, mərkəzlərin tikilməsi əsas prioritetlərdən biridir. Bu illər ərzində proqrama uyğun olaraq ərazi planlaşdırılmasının, o cümlədən Naxçıvan iqtisadi rayonunun ümumi planının və Naxçıvan, Ordubad, Şahbuz şəhərlərinin baş planlarının hazırlanması insanların sağlam və təhlükəsiz yaşayışı, ətraf mühitin mühafizəsi, şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından planlı təşkili, torpaqlardan səmərəli istifadə olunmasına və ən əsası bu işlərə investisiyalar cəlb edilməklə məşgulluğun inkişafına, yeni iş yerlərinin açılması ilə sosial-rifahın daha da artmasına imkan yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinin qeyd olunduğu  2024-cü il tariximizə həm də şəhərsalma və memarlıq ili kimi də yadda qalacaqdır. Naxçıvan Muxtar Respublikasında son dövrdə həyata keçirilən dövlət siyasəti bunu deməyə və gələcəyə inamla baxmağa böyük ümidlər yaradır.

Elçin KAZIMOV

Naxçıvan Muxtar Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin əməkdaşı

Nəşr edilib : 05.03.2024 10:47