AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

sədrinin 2023-cü il 29 noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, Naxçıvan Muxtar Respublikasının büdcəsi (bundan sonra - dövlət  büdcəsi) layihəsini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.0. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. muxtar respublikada maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətinin həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir;

2.0.2. dövlət büdcəsinin layihəsinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir;

2.0.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;

2.0.4. Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə tədbirlər görür;

2.0.5. Naxçıvan Muxtar Respublikasında audit fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təkliflər verir;

2.0.6. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;

2.0.7. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir;

2.0.8. Naxçıvan Muxtar Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır;

2.0.9. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

2.0.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Nazirliyin vəzifələri

3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

3.0.1. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublika iqtisadiyyatının mövcud vəziyyətini təhlil etmək və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər vermək;

3.0.2. maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyəti sahəsində dövlət siyasətinin hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.0.3. dövlət büdcəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsini və sonrakı üç il üçün büdcə göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək;

3.0.4. müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və aidiyyəti təşkilatlara göndərmək;

3.0.5. dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin, normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satınalınması üzrə yaradılan tender komissiyalarının işində iştirak etmək;

3.0.6. müəyyən olunmuş qaydada, lakin büdcə proqnozlarından, dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirmək və həmin maliyyə əməliyyatlarının uçotunu təşkil etmək;

3.0.7. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrası ilə əlaqədar maliyyə təminatını həyata keçirmək;

3.0.8. zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq;

3.0.9. büdcə xərcləri üzrə müəyyən olunmuş limitdən artıq borc yaradan təşkilatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.10. dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə nəzarəti həyata keçirmək;

3.0.11. dövlət büdcəsinin icrası haqqında aylıq, rüblük və illik hesabatları tərtib etmək və onları müvafiq dövlət orqanlarına təqdim etmək;

3.0.12. dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirmək;

3.0.13. dövlət büdcəsinin icrası prosesində, zərurət yarandıqda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında dəyişikliklər etmək;

3.0.14. dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.15. büdcə gəlirlərinin proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi, habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün zəruri tədbirlər həyata keçirmək;

3.0.16. qanunvericilikdə müəyyən edilmiş hallarda digər ciddi hesabat blanklarının, habelə ciddi hesabat sənədi kimi tətbiq edilən blankların mərkəzləşdirilmiş qaydada sifarişini, təqdim edilməsini və uçotunun aparılmasını təmin etmək;

3.0.17. Naxçıvan Muxtar Respublikasında təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən xüsusi seriya və nömrəyə malik ilkin uçot sənədi olan ciddi hesabat blanklarının forma və rekvizitlərinin işlənib hazırlanmasını və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin etmək;

3.0.18. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək;

3.0.19. dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı xərclər smetasının tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən etmək;

3.0.20. büdcə təşkilatlarında, onların tabeliyində fəaliyyət göstərən qeyri-büdcə qurumlarında, büdcədənkənar dövlət fondlarında, habelə həmin təşkilatların tabeliyində fəaliyyət göstərən təsərrüfathesablı müəssisələrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək;

3.0.21. yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün Agent-bankların seçilməsi barədə təkliflər vermək;

3.0.22. qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda, məqsədli büdcə və büdcədənkənar dövlət fondlarında təftiş və yoxlamalar aparmaq;

3.0.23. dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkarlandığı hallarda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərmək;

3.0.24. Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta işinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək;

3.0.25. qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirmək;

3.0.26. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək;

3.0.27. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;

3.0.28. dövlət investisiya proqramlarının layihələrinin növbəti il üzrə dövlət büdcəsinin layihəsinə, habelə sonrakı üç il üzrə büdcə göstəricilərinə uyğunluğuna və həmin proqram layihələrinin maliyyə təminatına dair rəy vermək;

3.0.29. investisiya fəaliyyəti, investisiyaların qoyulması və təşviqi sahəsində, o cümlədən kreditlərin, maliyyə və texniki yardımların (qrantların) və sair formada maliyyə vəsaitlərinin cəlb edilməsində, dövlət investisiya proqramlarının hazırlanması və həyata keçirilməsində, habelə həmin proqramların icrası üçün nəzərdə tutulan vəsaitlərin konkret layihələr üzrə bölgüsündə iştirak etmək;

3.0.30. dövlət proqramlarının layihələrinin, həmçinin dövlət büdcəsinin vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilən digər layihələrin maliyyə ekspertizasını həyata keçirmək, təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulan qurumların yaradılmasına, dövlət büdcəsindən maliyyələşən qurumların strukturunun, əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsinə və ştat vahidlərinin müəyyən edilməsinə rəy və təkliflər vermək;

3.0.31. iqtisadiyyata investisiyaların cəlb edilməsi, kreditlərin                  (o cümlədən, dövlət zəmanəti ilə alınmış kreditlərin), qrantların, maliyyə (texniki) yardımlarının alınması ilə bağlı, habelə investisiya layihələri üzrə danışıqlarda iştirak etmək;

3.0.32. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsi nəzərdə tutulan investisiya və innovasiya proqramlarının hazırlanmasında iştirak etmək, ayrılan vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;

3.0.33. dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda vəzifə (tarif) maaşlarının düzgün tətbiqinə nəzarət etmək, dövlət orqanlarının strukturunun təkmilləşdirilməsi və ştat vahidlərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

3.0.34. büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.0.35. dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən məqsədli büdcə və büdcədənkənar dövlət fondlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək;

3.0.36. peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək;

3.0.37. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda muxtar respublikada mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.38. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək;

3.0.39. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.0.40. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş, qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrin operativ uçotunun aparılmasını təşkil etmək;

3.0.41. qanunvericiliyə uyğun olaraq qiymət-tarif siyasətinin həyata keçirilməsi üçün qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların (iş və xidmətlərin) qiymətlərinin və tariflərinin tənzimləmə qaydalarının hazırlanmasında iştirak etmək;

3.0.42. dövlət büdcəsinin layihəsinin tərtibi, təsdiq edilmiş göstəricilərə uyğun olaraq büdcə xərclərinin bölgüsü, dövlət büdcəsinin kassa icrası, dövlət maliyyə nəzarəti, mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarının tərtibi sahələrində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

3.0.43. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;

3.0.44. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

3.0.45. maliyyə orqanları işçilərinin peşə hazırlığı, əlavə təhsili, habelə maliyyə orqanları üçün mütəxəssislərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirmək;

3.0.46. maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanmasını həyata keçirmək;

3.0.47. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsində iştirak etmək;

3.0.48. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.49. Nazirliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

3.0.50. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

3.0.51. Nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək, onun strukturuna daxil olan qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.52. Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq etmək, həmin vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək;

3.0.53. tabeliyində olan qurumlarda dövlət qulluğu keçmə və əmək münasibətləri məsələlərini tənzimləyən tədbirlər görmək;

3.0.54. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.55. digər icra hakimiyyəti orqanlarının dövlət büdcəsi, mühasibat uçotunun təşkili və aparılması, dövlət maliyyə nəzarəti sahələri ilə bağlı fəaliyyətini əlaqələndirmək;

3.0.56. Nazirliyin fəaliyyət sahələrinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunması üçün tədbirlər görmək və ona nəzarət etmək;

3.0.57. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

4. Nazirliyin hüquqları

4.0. Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində və qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsinin, sonrakı üç il üçün büdcə göstəricilərinin tərtibi üçün lazım olan əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarından, zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından almaq;

4.0.2. büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq;

4.0.3. ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları aşkar olunduqda, kredit resursundan artıq xərcə yol verildikdə, əvvəl ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların vaxtında və düzgün təqdim edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini xəbərdar etməklə müəssisələrin, idarələrin və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini (müdafiə olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə bərpa etdirmək;

4.0.4. dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılmış və təyinatı üzrə istifadə olunmayan vəsaitləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən, idarələrdən, təşkilatlardan və bələdiyyələrdən geri almaq üçün tədbirlər görmək;

4.0.5. dövlət büdcəsinin mədaxil hissəsini təmin edən müvafiq icra hakimiyyəti orqanlarından mütəmadi olaraq rəsmi məlumatlar, hesablanmış vergilər və qeyri-vergi daxilolmaları barədə hesabatlar, gəlirlər üzrə proqnozların yerinə yetirilməsi barədə arayışlar almaq, dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən aşağı olduqda səbəbini araşdırmaq, müvafiq arayışlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

4.0.6. dövlət orqanlarından, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən dövlət büdcəsinin və məqsədli büdcə fondlarının icrası, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən və dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərdən istifadə haqqında statistik və digər hesabat göstəriciləri almaq;

4.0.7. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsi gəlirlərinin artırılması imkanlarının araşdırılması məqsədilə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və bu təhlil üçün tələb olunan məlumat və sənədləri həmin müəssisələrdən sorğu etmək və almaq;

4.0.8. müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin etmək;

4.0.9. maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

4.0.10. aparılan nəzarət yoxlamalarının nəticələri üzrə müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

4.0.11. maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı dövlət vəsaitlərinin xərclənməsində cinayət əlamətləri olan qanun pozuntusu aşkar olunduğu halda nəzarət obyektlərindən ilkin sənədləri götürmək üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına təqdimatlar vermək;

4.0.12. icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ hüquqi aktların təsdiq edilməsinə razılıq vermək;

4.0.13. ciddi hesabat blanklarının istifadəsinə nəzarəti həyata keçirmək;

4.0.14. iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının layihələrini aidiyyəti orqanlarla birlikdə razılaşdırmaq və onların gəlir və xərclər smetalarının icrasına nəzarətin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

4.0.15. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

4.0.16. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.17. Nazirliyin səlahiyyətlərinə aid olan normativ aktların layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.18. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə sahəsi üzrə elmi tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.19. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.20. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən təsdiq edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin işçilərinin ümumi say tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.4. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Konstitusiyasının 139-cu maddəsinin I hissəsinin 5-ci bəndinə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndinə və 5-ci maddəsinin I hissəsinin 7-ci bəndinə əsasən vəzifəyə təyin və vəzifədən azad olunan nazir rəhbərlik edir.

5.5. Maliyyə nazirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan bir müavini vardır.

5.6. Nazir müavini ona nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.7. Nazirliyin strukturuna daxil olan qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səlahiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.

5.8. Nazir:

5.8.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.8.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

5.8.4. Nazirliyin strukturunda olan qurumların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

5.8.5. maliyyə, büdcə, mühasibat uçotu və audit sahələrində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ hüquqi aktların layihələrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

5.8.6. müavinin və Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.8.7. Nazirliyin aparatında çalışan dövlət qulluqçularını, Nazirliyin strukturuna daxil olan orqanların rəhbərlərini, onların müavinlərini, struktur bölmələrinin rəhbərlərini, habelə Nazirliyin yerli bölmələrinin, tabeliyində olan digər qurumların (Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.8.8. Nazirliyin aparatının fəaliyyətinə dair qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

5.8.9. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.8.10. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar ilə münasibətlərdə Nazirliyi təmsil edir;

5.8.11. Nazirliyin işçilərinin ümumi say tərkibi və strukturu barədə təkliflər verir;

5.8.12. Nazirliyin aparatının və tabeliyində olan qurumların funksional təyinatını və işçilərin say həddi daxilində say tərkibini müəyyən edir, zərurət olduqda onlarda dəyişikliklər aparır;

5.8.13. korrupsiyaya qarşı tədbir görür;

5.8.14. dövlət büdcəsindən Nazirliyə ayrılmış maliyyə vəsaitini idarə edir, tabeliyindəki qurumlar arasında bölüşdürür, o cümlədən ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla mükafatlar verir;

5.8.15. Nazirlik sisteminə işə götürülən işçilərlə əmək müqaviləsinin bağlanılması və xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;

5.8.16. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir və hüquqlardan istifadə edir.

5.9. Nazirlikdə Naxçıvan Muxtar Respublikasının maliyyə nazirindən (kollegiya sədri), onun müavinindən, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə digər mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.10. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.11. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

5.12. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir.

5.14. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.15. Zəruri hallarda Nazirliyin kollegiyasının iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər.

5.16. Büdcə proqnozlaşdırılmasının, muxtar respublika iqtisadiyyatının maliyyələşdirilməsinin, mühasibat uçotu və maliyyə hesabatlarının, nəzarət-təftiş işinin təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Nazirliyin Elmi-Metodiki Şurası yaradıla bilər. Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir

Nəşr edilib : 29.11.2023 14:47