AZ EN RU

Naxçıvan Muxtar Respublikasının logistik potensialı: mövcud şərait və perspektiv imkanlar

    Sürətlə dəyişən müasir dünya iqtisadiyyatı və qlobal rəqabətin kəskinləşməsi iqtisadi subyektlər qarşısında idarəetmə və təchizat məsələlərində yeni yanaşma və texnologiyaların tətbiqini zəruri edir. Məhdud ehtiyatların, xüsusilə enerji və xammal resurslarının getdikcə bahalaşması, bununla paralel olaraq yaranan qlobal və regional miqyasdakı yeni geosiyasi vəziyyət, həmçinin texnoloji yeniliklərin iqtisadiyyatda sürətli tətbiqi iqtisadi səmərə, sürət və uzunmüddətli rəqabətədavamlılıq kimi qlobal trendləri daha sıx gündəmə gətirir. Sülhsevər xalqlar arasında qloballaşmanın genişlənməsi və eləcə də güclü ölkələr klubuna daha gənc və sürətlə inkişaf edən digər dövlətlərin qatılması da dünyanın artıq beşdən böyük olması faktını göz önünə qoymuş, planetimizi vahid bir iqtisadi sistem halına gətirmişdir. 

    Qloballaşan dünyada iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri ticarət və logistikadır. Tarixi mənada “ticarət” anlayışı çox qədim olsa da, “logistika” nisbətən daha gənc məfhum olub, əsasən, İkinci Dünya müharibəsi illərində döyüşən orduların zəruri təchizatı məsələlərini özündə əks etdirirdi. Tarix ərzində hərbi sahədə yaranmış kəskin zərurət ucbatından tətbiq olunan yeniliklərin daha sonra mülki sahədə daha humanitar məqsədlə istifadəsi təcrübəsindən baxsaq, logistik təminatın da istehsalda və ticarətdə mal-material axınlarının daha məntiqi və rasional idarəolunması baxımından özünü doğrultduğunu görürük. Bu, xüsusən müasir bazar iqtisadiyyatı dövründə, təklifin tələbi üstələdiyi bir zamanda aparılan marketinq tədbirləri ilə yanaşı, təchizat proseslərində effektivliyə nail olunmasının ən ideal yollarından biri kimi də öz əhəmiyyətini göstərir. 
    Tarixən qədim İpək Yolu üzərində mühüm mövqe tutan ölkəmiz öz coğrafi mövqeyinə görə Avropa və Asiyanı, həmçinin Şimal və Cənubu birləşdirən beynəlxalq ticarət yollarının kəsişməsində yerləşir. Eləcə də müasir dövrdə yaşadığımız makroregiondakı Çin-Avropa ticarət, Orta Asiya-Cənubi Qafqaz-Avropa enerji dəhlizləri boyunca yaradılmış ticarət-iqtisadi əlaqələrin miqyasına baxdıqda logistika təminatının nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha görmək olar. Bu mənada, hazırda fəaliyyət göstərən bu dəhlizlərin və Zəngəzur dəhlizi kimi perspektiv ticarət arteriyalarının strateji əhəmiyyəti təkcə beynəlxalq ticarət baxımından deyil, həm də ölkə­lər arasında qarşılıqlı əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri körpüsünün yaradılması ilə izah olunur. Buna görə də ölkəmizin artan gücü, xüsusən Qarabağın düşmən işğalından azad edilməsi ilə meydana gələn yeni reallıq fonunda bu cür əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük perspektivlər yaranmışdır. 
    Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının regionun logistika mərkəzi halına gəlməsi təkcə sahib olduğumuz coğrafi mövqe ilə deyil, eyni zamanda müstəqillik illərində bu sahədə həyata keçirilmiş məqsədyönlü işlərin nəticəsində mümkün olmuşdur. Yüz əlli ildən artıq bir müddətdə torpaqlarımızın sərvətlərini, onun ticarət güzərgahlarını dədə malı kimi mənimsəmiş Rusiyadan qurtularaq özünü müstəqil elan edən ölkəmizin qlobal enerji bazarlarına sərbəst çıxışını təmin edən “Əsrin müqaviləsi”ni imzalamaqla ulu öndər Heydər Əliyev  qlobal bazarlara yeni üzvü – müstəqil Azərbaycan Respublikasını tanıtdı. Azərbaycanın enerji resursları dünya bazarında etibarlı alıcılar tapdıqca ölkəmizin də etibarlı partnyor imici yüksəldi və bununla paralel olaraq, əslində, kimin dost, kimin qeyri-dost olduğu da üzə çıxdı. Azərbaycana qarşı işğalçılıq siyasəti ilə özünü də dünya bazarlarına çıxışdan izolə etmiş Ermənistana havadarlıq edənlərin xəyallarının əksinə olaraq ötən 30 ilə yaxın bir müddətdə ölkəmiz özünün yol, nəqliyyat və ticarət infrastrukturunu tamamilə yeniləyərək dünya standartları səviyyəsində xidmətlər göstərən qovşaq halına gəldi. Belə ki, bu il oktyabrın 13-də Qazaxıstanın Astana şəhərində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd  etdiyi kimi: “Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit, təxminən, 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.”
    Qədim ticarət yollarının əksinə olaraq müasir logistika məntiqi şəkildə bir-birini tamamlayan və yüksək buraxılış qabiliyyətinə malik bir intellektual infrastruktur şəbəkəsidir. Hava və dəniz limanları, avtomobil və dəmir yolu qovşaqları, gömrük məntəqələri, bunlar üzərindəki bütün növ anbar, mühafizə və sosial obyektləri sanki virtual bir zəncirlə bir-birinə bağlanmaqla istehsal olunmuş məhsul və servislərin son istehlakçısına ən sərfəli və ən optimal variantda çatdırılmasına xidmət edir. Bu baxımdan ölkəmizdə və muxtar respublikamızda yaradılmış buraxılış gücü mövcud tələbatdan xeyli artıq olan etibarlı və təhlükəsiz yol-nəqliyyat şəbəkəsi, bir-birinin ardınca açılan hava limanları, gömrük məntəqələri, terminallar və anbar təsərrüfatı istənilən həcmdə işin öhdəsindən gələrək gələcəkdə indikindən dəfələrlə artıq həcmdə ticarətin reallaşmasına kömək edəcək. Ölkəmizdə bərqərar olmuş möhkəm sabitlik və artan investisiya cazibədarlığı da bu potensialın artmasına səbəb olan digər bir mühüm amildir. 
    Logistika fəaliyyəti əməktutumlu sahədir. Belə ki, logistika və ticarət sahəsi bütün sektorların inkişafında bünövrə rolunu yerinə yetirməklə, əlavə dəyərin, yeni iş yerlərinin yaradılmasında və gəlirlərin əldə olunmasında mühüm rol oynayır. Xüsusən özəl sektorun bu sahədəki fəaliyyəti yaranmış bazar imkanlarının dəyərləndirilməsi və dövlətin yaratdığı infrastruktur layihələrinin dəstəklənməsinə kömək edir, daha uzunmüddətli investisiyaları təşviq edir. Bu gün dünya təcrübəsinə baxsaq, praktik olaraq heç bir məhsul istehsal etmədən, sadəcə, nəqliyyat və ticarət qovşaqları yaradaraq sırf logistika fəaliyyəti ilə istehsalçılardan da çox mənfəət əldə edən ölkələri və onların regionlarını görməkdəyik. Bu mənada, iri potensial bazarlara sahib güclü dünya ölkələri ilə yaxın məsafədə, kəsişmə nöqtəsində yerləşən muxtar respublikamızda istər hava, istər dəmir, istəsə də quru yollarla daşına biləcək yüklərin qısa müddətdə ünvanına çatdırılması üçün yaxşı perspektivlər mövcuddur. Bu həm də bir fəaliyyət növü kimi logistika sahəsində çalışacaq minlərlə insana yeni iş yerləri deməkdir. Sahədəki fəaliyyətin çoxaldıcı effekti ilə turizm, təhsil, energetika, sosial-mədəni xidmətlər sahələrinə də təsiri nəticəsində bu iqtisadi potensial daha da arta bilər. 
     Logistika fəaliyyəti elmtutumlu, yüksək texnologiyaların və müasir İKT-nin geniş tətbiq olunduğu informasiyayüklü bir sahədir. Sahənin intellektual idarəetmə məsələləri burada yüksəkixtisaslı kadrların fəaliyyətini zəruri edir. Bu, real bazar situasiyalarının təhlili, qiymətləndirmə, sifariş, təchizat, daşınma, anbarlanma və satış zəncirinə daxil olan bütün təchizat məsələlərində rəqəmsal əməliyyat modelləri ilə düzgün planlaşdırma və optimal qərarlar verilməsini tələb edir. Bu isə logistika fəaliyyəti zamanı dünya təcrübəsinə sahib olan peşəkar milli kadrlara ehtiyac yaradır. Bu mənada, Naxçıvan Dövlət Universitetində İqtisadiyyat fakültəsində yeni açılmış Beynəlxalq ticarət və logistika ixtisası üzrə təhsil alan gənclər yaxın gələcəkdə bu sahədə uğurla fəaliyyət göstərəcəklər. Logistika sahəsinə marağın getdikcə daha da artması, gənclərin bu ixtisasın sirlərinə bələd olması təkcə təchizat-logistika sahəsində deyil, ümumiyyətlə, qloballaşma karvanına qoşulumuş ölkəmizin gələcək inkişafına öz töhfəsini verəcəkdir. 

Əli CABBAROV

Nəşr edilib : 01.11.2022 18:24