AZ EN RU

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyatı: Dövlət Tənzimlənməsi Və Yeni Hədəflər

Ölkəmiz müasir müstəqillik illərinin olduqca mühüm mərhələlərini keçməkdədir. Əsasları xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən olunan milli iqtisadi quruculuq prosesləri artıq regional və milli səviyyələrdə davamlı və ardıcıl perspektivlərə malik olmasına görə seçilməkdədir. Məhz bu məqsədlə də, 2004-cü ildən etibarən ölkədə icra olunan regional inkişaf üzrə Dövlət proqramları artıq icrasının dördüncü mərhələsində olmaqdadır. Təbii olaraq, bütün bunlar, ölkənin bütün iqtisadi rayonlarında, ö cümlədən də, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın sahə strukturunun daha da təkmilləşməsinə zəmin yarada bilmişdir. Eyni zamanda, etibarlı infrastruktur təsisatlarının yaradılmasında mühüm tərəflərinə görə aktuallıq kəsb etməkdədir.

Qeyd edək ki, təkcə 2004-2008-ci illəri əhatə edən eyni adlı Dövlət Proqramında muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün 57, 2009-2013-cü illər üzrə 46, 2014-2018-ci illər üzrə 57 mərhələdə tədbir həyata keçirilmişdir. Qeyd edək ki, həmin tədbirlər indiki icra müddətində də uğurla davam etməkdədir. Belə ki, həmin göstərici hazırkı 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da 18 mərhələli tədbirlə uğurla icra olunmaqdadır. Göründüyü kimi, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı əsasında muxtar respublikanın sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir və bu istiqamətdə sistemli tənzimləyici tədbirlər həyata keçirilməkdədir. Diqqət etdikdə, aydın olur ki, bəhs olunan Dövlət proqramlarının hər birində ölkənin regional xüsusiyyətləri, ixtisaslaşma göstəriciləri, milli iqtisadiyyatın sahə strukturunun cari, orta və uzaq gələcək üzrə perspektivləri əsasında nəzərə alınmış, bu sahədə, resurs potensialından istifadənin səmərəli yolları müəyyən olunmuş və həyata keçirilməsi mexanizmləri elmi əsaslarla göstərilmişdir. Hazırda məhz həmin Dövlət proqramları səmərəli icrasının iyirminci ilində etibarlı milli iqtisadiyyatın formalaşmasında özünün səmərəliliyinə görə seçilməkdə və daha mütərəqqi perspektivlər vəd edən tənzimləyici mexanizmlər üçün zəmin yaratmaqdadır.

Bu istiqamətdəki dövlət tənzimlənməsinin elmi, iqtisadi və məntiqi nəticəsi olaraq, 5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin imzalamış olduğu sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət proqramı, ölkəmizin yeni iqtisadi reallıqları nəzərə alınmaqla və bu istiqamətdə, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf portensialının və uzunmüddətli iqtisadi perspektivlərinin aktuallığı əsas tutulmaqla, hazırlanmışdır.

Xüsusilə də, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır. 8 bölmədən ibarət olan Dövlət Proqramı, özündə, bir çox aktual məsələlərlə yanaşı, eyni zamanda, muxtar respublikada, əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişaf, turizmin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, infrastruktur təminatının inkişafı, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi və digər müasir iqtisadi və sosial inkişaf mərhələsi üçün olduqca zəruri məsələlər yer almaqdadır.

Yuxarıda göstərilən müddəalar üzrə muxtar respublika iqtisadiyyatının mövcud vəziyyətinin təhlili aparılmış, əldə olunan nailiyyətlər əsaslandırılmış, mövcud çağırışlar nəzərə alınmaqla bir sıra tədbirlərin görülməsi məqsəduyğun hesab olunmuşdur. Həmin sferada, iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması məsələlərinə yanaşma ortaya qoyulmuşdur. Sahibkarlıq fəaliyyətinin və biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təşəkkülü, bank və sığorta sahəsindəki əlçatanlığın gücləndirilməsi və digər məsələlər aktuallığını artırmışdır. Bu məqsədlə, “Lisenziyalar və icazələr portalı”nın fəaliyyətə başlaması, satınalmaların elektron portal vasitəsilə təşkili, sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid reyestrinin formalaşdırılması kimi proseslər də diqqətdə saxlanılmışdır.

Eyni zamanda, “ASAN xidmət”, “DOST” və digər mərkəzlərin fəaliyyətə başlaması və bu istiqamətdə dövlət xidmətlərinə əlçatanlığın təmin olunmasından, təbii ehtiyatlar hesabına hasilat sənayesinin perspektivliliyinin artırılmasından, xammala etibar etmiş olan yeni sənaye sahələrinin yaradılmasından, mövcud olanların fəaliyyətinin daha da gücləndirilməsindən, həmçinin, ayrı-ayrı sahələrdə güzəştlərin tətbiqinin nəzərdə tutulduğu sənaye zonasının yaradılmasından ibarət olan dayanıqlı sosial-iqtisadi inkişaf mühitinin təşəkkülü hədəflənmişdir.

Dövlət proqramında muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində əlaqəli tədbirlərin həyata keçirilməsi, bu sahədə, cari potensialın qorunması və yeni bərpa olunan Günəş enerji stansiyalarının tikintisi və digər bu kimi təsisatların yaradılması nəzərdə tutulmuşdur.

Dövlət proqramının mühüm hədəfllərindən birini də, muxtar respublikanın qaz təchizatının dayanıqlığının gücləndirilməsi kimi amillər təşkil etməkdədir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə sərhədinədək 18 km uzunluğunda magistral boru kəmərinin çəkilməsi ilə Naxçıvan Muxtar Respublikasının Türkiyənin qaz şəbəkəsi ilə əlaqələndirilməsi daha aktual hesab olunmuşdur.

Bununla yanaşı, kənd təsərrüfatının önəmini nəzərə alaraq, mövcud suvarma suyu şəbəkəsinin yenilənməsi nəzərdə tutulmuşdur. Müasir iqtisadi inkişaf baxımından aktuallığını artırmış olan çoxistiqamətli turizm infrasrtukturunun təşəkkülü də diqqəti çəkməkdədir. Eyni zamanda, vergi və gömrük güzəştləri müəyyən olunmaqla, rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi də yeni iqtisadi reallıqlar baxımından aktuallığı ilə seçilməkdədir.

Naxçıvan Muxtar Respublikası əhalisinin fiber-optik və mobil internet xidmətlərinə çıxış səviyyəsinin yüksəldilməsi və dayanıqlığının təmin olunması, kəndlərdə içməli su təminatının artırılması kimi tədbirlərin həyata keçirilməsi səmərəli hesab olunmuşdur. Həmçinin regionlararası iqtisadi-istehsal münasibətlərinin inkişafı məqsədilə, yaranan nəqliyyat xərcləri üçün xüsusi güzəştlər sisteminin formalaşdırılması və bu zaman, nəqliyyat infrastrukturunun etibarlılığının artırılması da strateji mahiyyət kəsb etməkdədir.

Dövlət proqramının sosial sfera üzrə əhəmiyyətli hesab olunacaq məqsədləri içərisində təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər olduqca əhəmiyyətli olacaqdır. Bu istiqamətlər üzrə kadr hazırlığının diqqətdə saxlanılmasına da diqqət göstərilməkdədir.

Bütün bunlarla, Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin olunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.

Burada eyni zamanda, yeni iqtisadi reallıqlar müstəvisində Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələdə əhalinin rifah göstəricilərinə, məşğulluq təminatının gücləndirilməsinə, muxtar respublika əhalisi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi arasında ikitərəfli ticarət münasibətlərinin inkişaf perspektivlərinə də təminat yaradılmış olacaq.

Beləliklə, Dövlət proqramı Naxçıvan Muxtar Respublikasının ölkənin uzunmüddətli milli iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində olduqca mühüm tərəflərinə görə seçilməkdədir. Həmin hüquqi və tarixi sənədin həyata keçirilməsi məqsədilə, 11 maddədən ibarət olan Tədbirlər Planı da təsdiq olunmuşdur. Müvafiq strukturların icrası əsasında nəzərdə tutulmuş olan həmin tədbirlər, 2023-2027-ci illər ərzində muxtar respublika iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevilmiş olacaq.

Cavadxan QASIMOV,

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Nəşr edilib : 07.06.2023 17:44