AZ EN RU

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub

Aprelin 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nazirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

Görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyəti, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında dünya bazarlarına çıxarılır.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev İqtisadi Zonaların İnkişafı Agentliyi ilə əməkdaşlığın, xüsusilə sənaye sahəsində əlaqələrin genişlənməsində, Naxçıvanda yeni yaradılacaq  Sənaye Parkının tənzimlənməsi zamanı burdakı təcrübədən, mütəxəssislərinin bilik və bacarıqlarından yararlanmaq niyyətində olduğunu bildirib. 

Rezidentlərin qeydiyyat proseduru, prioritet sahələr və enerji təchizatı barədə suallar cavablandırılıb. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisi və burada fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.04.2023 15:00