AZ EN RU

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi

(xülasə)

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi istiqamətində həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş müasir hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. 
2023-cü il xalqımız və dövlətimiz üçün bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilərək əbədiləşdirilməsi, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, Azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə öz müsbət töhfəsini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yeni idarəçilik institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi hüquq institutlarına, o cümlədən Ombudsman təsisatına inamı artırmışdır. Belə ki, 2023-cü ildə Müvəkkilin icraatına daxil olan müraciətlərin sayı ötən illə müqayisədə 2.8 dəfə artmışdır.
Öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Ombudsmanın ünvanına 2023-cü il ərzində 274 müraciət daxil olmuşdur. Bu müraciətlər Ombudsmana yazılı (o cümlədən elektron) qaydada göndərilmiş, həmçinin Aparatda vətəndaş qəbulu, Ombudsmanın muxtar respublikanın şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisəsinə, istintaq təcridxanasına, müvəqqəti saxlama yerinə, hərbi hissələrə, sosial xidmət mərkəzlərinə, internat məktəbinə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə həyata keçirilmiş başçəkmələr zamanı təqdim edilmişdir.
Hesabat dövründə Ombudsmanın muxtar respublikanın şəhər və rayonlarında sakinlərlə görüşü keçirilmiş, görüş zamanı müraciət edənlərə hüquqları izah olunmuş, icraata qəbul olunmuş 53 müraciət qanunvericiliyin tələbləri çərçivəsində araşdırılmışdır. 
Daxil olmuş müraciətlərin hüquqi kateqoriyasına görə ən çoxunu, yəni 24 faizini sosial təminat, 19 faizini əmək, 14 faizini hüquq və azadlıqların məhkəmə təminatı, 12 faizini isə mülkiyyət hüququ ilə bağlı müraciətlər təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətin Ombudsmanın səlahiyyətlərinə aid olmaması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, şikayətin anonim olması, şikayətdə üçüncü şəxs qismində müraciət edənin etibarnaməsinin olmaması, ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 il müddətinə verilməməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 43 müraciətə baxılmasından imtina edilmişdir. 231 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 59-u tam, 16-sı qismən təmin edilmişdir ki, bu da Ombudsmanın fəaliyyəti dövründə ötən illər üzrə ən yüksək göstəricidir. 14 müraciət nəzarətdə saxlanılmış, 109 müraciətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmiş, 22 müraciət üzrə hüquqi məsləhət verilmiş, 1 müraciət aidiyyəti üzrə göndərilmiş, 10 müraciət üzrə isə icraat davam etmişdir.
2023-cü il ərzində Ombudsman tərəfindən baxılmış müraciətlərin 28,6 faizi tam, 7,8 faizi isə qismən təmin edilmiş, 2023-cü il ərzində baxılan müraciətlərin təmin edilmə vəziyyəti 2022-ci illə müqayisədə 19,6 faiz artmışdır.
Ombudsman və onun tapşırığına əsasən Preventiv qrupun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən İstintaq Təcridxanasına, Müvəqqəti Saxlama Yerinə, Qanunsuz Miqrantların Saxlanma Mərkəzinə, şəhər və rayon polis idarə, şöbə və bölmələrinin saxlama yerinə keçirilmiş başçəkmələr zamanı azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər araşdırılmış, saxlamanın əsasları, qanuniliyi, müddət və şərtləri, saxlanılan şəxslərin hüquqlarının təmini  ilə  bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması məsələləri aydınlaşdırılmışdır.
Ombudsman və onun Preventiv qrupu (PQ) tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşdirmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 76 başçəkmə həyata keçirilmişdir.
Başçəkmələr zamanı Ombudsmanın icraatına yazılı və şifahi formada 23 müraciət daxil olmuş, müraciət edənlərə operativ şəkildə hüquqları izah olunmuş, araşdırma tələb edən müraciətlər baxılmaq üçün icraata qəbul olunmuş, qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar aparılmış və nəticəsi barədə müraciət edənlərə yazılı məlumatlar verilmişdir. Başçəkmələrdə müraciət edənlərin 43,5 faizinin pozulmuş hüquqları bərpa edilmiş, qalanlarında hüquq pozuntusu aşkar edilməmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Müvəqqəti Saxlama Yerində, polis idarə, şöbə və bölmələrinin bəzilərində sanitariya-gigiyena qaydalarına əməl olunmadığı, istifadəyə yararsız dərman preparatlarının mövcudluğu, yumşaq inventarların istifadəyə yararsız və natəmiz olduğu, bəzi müəssisələrin müvəqqəti saxlama yerlərində şəraitin uzunmüddətli saxlanılma (24 saatdan artıq) üçün əlverişli olmadığı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin bəzi müəssisələrində saxlama şəraitinin digər aspektləri – işıqlandırma, havalandırma, sanitariya şəraiti, masa və oturacaqlar, habelə fərdi çarpayı və yataq ləvazimatları ilə təchizat məsələləri ilə bağlı çatışmazlıqların aşkarlandığı, Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta internat məktəbində tərbiyə olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər istisna olmaqla müəssisədə gecələyən digər uşaqlara geyim, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventarın verilmədiyi, uşaqlarla aparılmış söhbətlər zamanı onların məktəbin gecə dayəsinin pis rəftar halından narazı olduğu, həmçinin məktəbin istilik sistemində nasazlıqların olduğu, Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinin inzibati binasında havalandırmanın bəzi otaqlarda normal olmadığı, ventilyasiyanın, o cümlədən sanitar qovşaqlardan birinin işləmədiyi, pasiyentlərin qida təmini məsələlərində çatışmazlıqların olduğu, onların yumşaq inventarlarla təmin edilmədiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinin yeməkxanasının soyuq olduğu və gigiyena vasitələri ilə təmin olunmadığı, o cümlədən ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitin qənaətbəxş olmadığı müşahidə edilmişdir. 
Ombudsman tərəfindən aidiyyəti dövlət orqanlarına qeyd olunan halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tövsiyə olunmuş, verilmiş təklif və tövsiyələrdən sonra pozuntuların əksəriyyəti aradan qaldırılmışdır.
Qeyd etmək lazımdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarəti həyata keçirən Ombudsman bu hüququn təmini, müdafiəsi və təbliği sahəsində geniş fəaliyyət həyata keçirməklə informasiya əldə etmək hüququnun daha səmərəli təmininə, informasiya cəmiyyətinin qurulmasına və açıq hökumətin təşviqinə istiqamətlənmiş islahatlara dəstək verir.
İstər informasiya əldə etmək hüququnun təmin edilməsinə dair müraciətlər, istərsə də Ombudsmanın ünvanına daxil olmuş informasiya sorğuları “Naxçıvan Muxtar Respublikasının İnsan Hüququları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada baxılaraq cavablandırılmışdır.
İnformasiya sahibi olan dövlət orqanları və bələdiyyələr, vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlı Ombudsmanın ünvanına 1 müraciət daxil olmuş, şikayət üzrə araşdırma aparılmış, pozuntu halının aradan qaldırılması və vətəndaşın informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlər həyata keçirilərək vətəndaşın hüququ təmin edilmişdir.
Muxtar respublikada bir çox dövlət qurumlarının rəsmi internet səhifələrindəki onlayn müraciət bölmələrinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yenilənməsinə ehtiyac vardır. Bu baxımdan informasiya sorğularının onlayn qaydada verilməsinin təmin edilməsi məqsədilə dövlət qurumlarının rəsmi internet səhifələrində mövcud olan onlayn müraciət bölmələrində “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ayrıca “informasiya sorğusu”  yarımbölməsinin əlavə edilməsi zəruridir. 
İnformasiya əldə etmək hüququnun təbliği, bu hüquqla bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Kəngərli və Şahbuz Rayon İcra hakimiyyətlərində maarifləndirmə tədbirləri həyata keçirilmiş, informasiya sahibi olan dövlət orqanlarının, bələdiyyələrin və vəzifəli şəxslərin həmin Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə iştirakçılara məlumat verilmişdir. Ümumilikdə, informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi məqsədilə keçirilmiş tədbirlərdə 287 nəfər iştirak etmişdir.
Qanunvericiliyin tələblərini nəzərə alaraq Ombudsman informasiya sahibləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, xüsusilə verilən  informasiya sorğularına qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verilməsinin zəruriliyini vurğulayaraq müvafiq dövlət orqanlarına tövsiyə məktubları ünvanlamışdır.
Ombudsman əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də maarifləndirmə işinin təşkili istiqamətində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığı davam etdirmişdir.
Əmək hüququ ilə bağlı Ombudsmana ünvanlanan müraciətlərdə, əsas etibarilə münasib işlə təmin olunma, qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmə, müəssisənin ləğvi və ya ştatların ixtisarı ilə işdən azad olunmuş şəxslərin başqa işlə təmin olunması ilə bağlı hallar öz əksini tapmışdır. Müraciətlərin araşdırılması zamanı pozulmuş əmək hüquqlarının bərpası məqsədilə Ombudsman tərəfindən səlahiyyətləri daxilində tədbirlər görülmüşdür.
Sosial təminat hüququ ilə bağlı daxil olan müraciətlərin bir qismi pensiya hüququnun təmin edilməsi, ünvanlı dövlət sosial yardımının verilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişin müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi ilə əlaqədar olmuşdur. Pensiyaların  və ya müavinətlərin təyin edilməsi və ya yenidən hesablanması, ünvanlı dövlət sosial yardımının verilməsi, o cümlədən əlilliyin qiymətləndirilməsi ilə bağlı olan bu müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Ölkəmizdə əhalinin sağlamlığının qorunması hüququnun səmərəli təmini məqsədilə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada da tibb müəssisələrinin kadr və maddi-texniki bazası əsaslı surətdə müasirləşdirilərək möhkəmləndirilməkdədir. Sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər üzrə araşdırmalar aparılmış, hüquqların pozulması halları müəyyən edildiyi təqdirdə onların bərpası üzrə zəruri tədbirlər görülmüşdür.
Sağlamlıq hüququnun müdafiəsi ilə bağlı müraciət edən şəxslər əsas etibarilə aztəminatlı ailələrdən olan şəxslərdir. Bu müraciətlərdə, əsasən, müayinə və müalicənin təşkili, imtiyazlı qrupdan olan şəxslərin pulsuz dərman preparatarları ilə təmin edilməsi ilə bağlı problemlər öz əksini tapmışdır. Ombudsmanın aidiyyəti üzrə müraciətlərindən sonra bir sıra şəxslərin müvafiq tibbi yardımla təmin edilməsi, habelə müayinə və müalicənin təşkili məqsədilə tibb müəssisələrinə göndərilməsi təmin edilmişdir.
Təhsil hüququ insanın əsas sosial-mədəni hüquqlarından biridir. Təhsil yalnız bir hüquq kimi deyil, eyni zamanda digər insan hüquqlarının tam və effektiv həyata keçirilməsi üçün də vasitə kimi görülür, hər bir insanın inkişafına və ləyaqətinin dərk olunmasına, insan hüquqlarına və əsas azadlıqlara hörmətin möhkəmləndirilməsinə, eyni zamanda hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmasına imkan yaradır.
Təhsil hüququnun təmin edilməsi ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində pozuntu halları aşkar edilmiş, problemlərin təhlili aparılmış və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr verilmişdir.
Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin bir qismi vətəndaşların mənzil, mülkiyyət hüquqlarının pozulması ilə bağlı olmuşdur.
Mülkiyyət hüququnun pozulması ilə əlaqədar 2023-cü il ərzində Müvəkkilə daxil olmuş şikayətlərdə hüquq pozuntusu baş verdiyi vaxtdan 1 ildən artıq müddət keçdiyindən, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq həmin müraciətlərə baxılmaqdan imtina edilmiş və vətəndaşlara vurulmuş zərərin ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
Muxtar respublikada müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsinin və rifah halının yaxşılaşdırılması Ombudsman tərəfindən diqqətdə saxlanılmış, bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və hərtərəfli dövlət qayğısı göstərilmiş, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunmuş, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilmişdir. Həmçinin Ombudsman aparatının əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunmuş, ailələrin qayğıları, hüquq və azadlıqların təmini istiqamətində digər məsələləri dinlənilmişdir.
    Tutulmuş, həbs edilmiş və ya məhkum olunmuş şəxslərin və onların ailə üzvlərinin müraciətlərinin araşdırılması zamanı həmin şəxslərin işgəncəyə və qeyri-insani rəftara məruz qalması məsələləri, sağlamlığının qorunması, müraciət etmək, ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması, hüquqi yardım almaq və qanunla müəyyən edilmiş digər hüquqlarının təmin olunması diqqətdə saxlanılmışdır.
Qeyd etmək lazımdır ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 25 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 1 nəfər məhkumun cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmişdir. Əfv məsələləri ilə bağlı icraata daxil olmuş müraciətlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 may tarixli Sərəncamı ilə 1 nəfər məhkum barəsində əfvetmə tətbiq olunmuşdur. Ümumilikdə, 2023-cü il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 27 məhkum barəsində humanist tədbirlər tətbiq edilmişdir. 
Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqətdə saxlanılmışdır. Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilmiş, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilmiş, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılmışdır. 2023-cü il ərzində, ümumilikdə, 109 cəza çəkməkdən azad edilmiş şəxs barəsində sosial adaptasiya tədbirləri tətbiq edilmişdir ki, bunlardan 106 şəxsə birdəfəlik pul müavinəti, 3 şəxs isə özünüməşğulluq proqramına cəlb olunmuşdur. 
Hərbi qulluqçular və onların ailə üzvlərindən Ombudsmana daxil olmuş müraciətlərdə, əsasən, məhrum olduqları hərbi rütbənin bərpa edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmətdə olduğuna dair arayış və digər zəruri sənədlərin verilməsi, sığorta ödənişinin ödənilməsi, habelə hərbi qulluqçuların, ehtiyatda və istefada olan hərbi qulluqçuların və onların ailə üzvlərinin bəzi sosial problemləri, o cümlədən mənzil təminatı ilə bağlı məsələlər öz əksini tapmışdır.
Gender bərabərliyinin təbliği və təmin olunması, habelə qadın hüquqlarının müdafiəsi məsələləri Ombudsmanın diqqət mərkəzində olmuş, bu istiqamətdə hüquq pozuntularının qarşısının alınmasında səmərəli fəaliyyət təşkil olunmuşdur.
Qadınlar tərəfindən Ombudsmanın ünvanına daxil olan müraciətlərin əksəriyyəti əmək, məşğulluq və sosial təminat məsələləri ilə bağlı olmuş, qadınların öz məşğulluğunu təmin etmələri üçün onlara münasib işlər təklif olunaraq müvafiq köməklik göstərilmişdir.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə, əsasən, alimentin ödənilməsi və ünsiyyət hüququnun təmini ilə bağlı məhkəmə qərarlarının icrası, sağlamlıq və təhsil hüququ, müəssisəyə yerləşdirmə və bu kimi digər məsələlər öz əksini tapmışdır. Uşaq hüquqlarının etibarlı və səmərəli müdafiəsi, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının effektiv təmini məqsədilə araşdırmalar aparılmış, müvafiq dövlət qurumlarına müraciətlər edilmiş, problemlərin həlli istiqamətində zəruri addımlar atılmış, bir sıra hallarda müsbət nəticələr əldə edilmişdir.
Ahıl vətəndaşların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyasının beynəlxalq standartlar səviyyəsində qurulması Ombudsman tərəfindən davamlı araşdırılmış, onlara göstərilən tibbi-sosial xidmətlərin, asudə vaxtlarının təşkili və digər hüquqların təmin olunması vəziyyəti nəzarətdə saxlanılmış, Ahıllar Evinə başçəkmələr həyata keçirilmiş, orada olan şəxslərlə fərdi və konfidensial söhbət aparılmış, müəssisə rəhbərinə və əməkdaşlarına hüquqi məsləhətlər və tövsiyələr verilmişdir.
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə əlilliyin qiymətləndirilməsi, əlilliyə görə müavinətin təyin edilməsi, müayinə və müalicənin aparılmasında köməyin göstərilməsi, tibb müəssisələrinə və reabilitasiya mərkəzlərinə göndərişlərin verilməsi, dərman preparatları və köməkçi vasitələrlə təminat məsələləri öz əksini tapmışdır. Bu qəbildən olan müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilmiş və problemlərin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. 
Miqrantların hüquqlarının təmin olunması məsələləri Ombudsmanın diqqət mərkəzində olmuş, bu istiqamətdə hüquq pozuntularının qarşısının alınması məqsədilə mütəmadi olaraq başçəkmələr həyata keçirilmiş, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti araşdırılmışdır.
Ombudsmanın təşkilatçılığı və dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrinin iştirakı ilə insan hüquqlarının müxtəlif istiqamətlərinə dair hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmiş, eyni zamanda təsisat əməkdaşları digər qurumlar tərəfindən keçirilmiş tədbirlərdə məruzəçi qismində iştirak etmişlər.
Hesabat dövründə Ombudsman tərəfindən, xüsusilə həssas qrupdan olan şəhid ailələri, müharibə veteranları, uşaqlar, əlillər, qadınlar, ahıllar və miqrantlarla görüşlər keçirilmiş, onlara digər hüquqlarla yanaşı, Ombudsmana müraciət etmək hüquqları izah edilmişdir.
Bundan başqa, 2023-cü ildə Ombudsman hərbi qulluqçularla görüşmüş, hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilmiş, hüquqi maarifləndirici söhbət aparılmışdır.
2023-cü ildə Ombudsman və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri arasında görüş keçirilmiş, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.
2023-cü ildə Ombudsman aparatında gənclərin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin könüllü tələbələri ilə Ombudsmanın görüşü keçirilmişdir. 
Ombudsman tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, ümumilikdə, 104 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 6214 nəfər iştirak etmişdir.
Ombudsman təsisatı tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların hüquqi müdafiəsi” adlı məlumat kitabçası və “Mənim hüquqlarım” adlı vəsait hazırlanaraq kitabxanalara paylanılmışdır.
Ombudsman insan hüquq və azadlıqlarının səmərəli təmin olunması və etibarlı müdafiəsi məqsədilə aşağıdakıları təklif edir:
- Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlama şəraitinin yaxşılaşdırılmasını, təmir-bərpa istiqamətində işlərin davam etdirilməsini, müvafiq müəssisələrdə görüş otaqlarının yaradılmasını;
- Polis tərəfindən tutulmuş şəxslərlə bağlı qanunvericiliyin tələblərinə uyğun saxlama müddətlərinə riayət edilməsinə nəzarətin gücləndirilməsini, qeydiyyat kitablarının tərtibi sahəsində nöqsanların aradan qaldırılmasını, hər bir tutulmuş şəxsin qeydə alınması zamanı həbsdə saxlamanın bütün aspektlərini və görülən bütün tədbirləri əks etdirən əhatəli qeydiyyatın aparılmasını;
- Cəzaçəkmə müəssisələrində cəzanın insan ləyaqətinə hörmət edən şəraitdə çəkilməsi üçün saxlama şəraitinin, sanitariya-gigiyena şəraitinin yaxşılaşdırılmasını; 
- Məhkumların istənilən vaxt həkimə müraciət etmək imkanının təmin edilməsi, o cümlədən keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi üçün cəzaçəkmə müəssisələrində həkim saylarının artırılmasını;
- Məhkumların əməyə cəlb olunması və məşğulluğunun artırılmasını, onların islahı prosesinə diqqətin artırılmasını;
- Dövlət müəssisələrində yaşayan uşaqların zəruri vasitələrlə təmin edilməsini, uşaqların və ahılların asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlərin genişləndirilməsini; 
- Məişət zorakılığından zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsinin təmin olunmasını; 
Çətin həyat şəraitində olan, o cümlədən məişət zorakılığından zərərçəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə təmin edilməsi məqsədilə yardım mərkəzlərinin, sığınacaq evlərinin, psixoloji dəstək mərkəzlərinin yaradılmasını;
- Ahıl şəxslərin sosial-hüquqi müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ardıcıl və davamlı tədbirlərin görülməsini;
- Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsini;
- İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini;
- İnformasiya sahibi olan dövlət orqanları və bələdiyyələrdə informasiya məsələləri üzrə xidmətlərin göstərilməsi məqsədilə vəzifəli şəxslərin müəyyən edilməsini, o cümlədən rəsmi internet səhifələrində “informasiya sorğusu” bölməsinin yaradılmasını;
- İnsan hüquqlarının müdafiəsinin daha səmərəli və operativ təmin edilməsi məqsədilə Ombudsman təsisatında “Çağrı mərkəzi” xidmətinin təşkil edilməsini.
Ombudsmana etimad göstərərək müraciət edən şəxslərə, həmçinin insan hüquq və azadlıqlarının təmin və müdafiəsi istiqamətində əməkdaşlıq edən dövlət orqanlarına və vətəndaş cəmiyyəti institutlarına, eyni zamanda ilk dəfə olaraq muxtar respublika Ombudsmanın məruzəsini müzakirədən öncə ictimaiyyətə açdığına görə Ali Məclisə təşəkkür edirəm.

Günay Rzayeva
Naxçıvan Muxtar Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 

Nəşr edilib : 05.04.2024 18:16