AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Güləş Federasiyası İranda keçirilən turnirlərdə uğurla təmsil olunub

    Naxçıvan Güləş Federasiyasından qonşu ölkəyə 22 idmançı, 3 məşqçi-müəllim və 3 hakimdən ibarət heyət yola düşüb. İdmançılarımız öncə Xoy şəhərində 29-31 yanvar tarixlərini əhatə edən sərbəst güləş üzrə beynəlxalq turnirdə qüvvələrini sınayıblar. 
    Ümumilikdə, 12 komandanın qatıldığı yarışda Naxçıvan yığmasından Fuad İsgəndərli (26 kiloqram), Ələkbər Əsgərov (29 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Namiq Əlizadə (48 kiloqram), Ayxan Bağırov (51 kiloqram), Daşqın Rəsulov (71 kiloqram), Murad Hətəmli (75 kiloqram), Murad Abdullazadə (80 kiloqram) və Süleyman Məmmədov (92 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinci olublar.
    “Naxçıvan” komandası bu göstəricilərə əsasən yarışın yekun sıralamasında 3-cü yerdə qərarlaşıb.
    Bu yarışın ardınca Poldəşt şəhərinə yollanan yığmamız 4 komandanın iştirakı ilə keçirilən sərbəst güləş üzrə yoldaşlıq turnirində iştirak edib. İdmançılarımızdan Fuad İsgəndərli (26 kiloqram), Ələkbər Əsgərov (29 kiloqram), Turqay Məmmədli (35 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Nazim Qurbanov (44 kiloqram), Turqay Həsənov (46 kiloqram), Namiq Əlizadə (48 kiloqram), Ayxan Bağırov (51 kiloqram), Yəhya Paşayev (55 kiloqram), Onur Əlizadə (60 kiloqram), Nuruağa Əhmədov (82 kiloqram) öz çəki dərəcələri üzrə qalib olublar. İlkar Əlican (57 kiloqram), Dəniz Məmmədli (41 kiloqram) və Daşqın Rəsulov (71 kiloqram) yarışı ikinci sırada tamamlayıblar. Bu nəticələrlə komandamız ümumi sıralamada birinci olub. 
    İdmançılarımıza diplom, komandamıza isə kubok təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.02.2022 20:26