AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda respublika konfransı keçirilib

    AMEA İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda respublika konfransı keçirilib. Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, müstəqillik illərində muxtar respublikada tarazlı şəkildə inkişaf etdirilən sahələrdən biri də iqtisadiyyatdır. Bu sahənin dinamik inkişafı qədim diyarda 383 növdə məhsula olan tələbatı yerli istehsal hesabına qarşılamağa imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanda ərzaq təhlükəsizliyi tam təmin olunub, muxtar respublikada nümunəvi sahibkarlar sinfi formalaşıb, onların ideya və layihələrinin həyata keçirilməsi üçün dövlət maliyyə dəstəyi göstərilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan Sahibkarlığın İnkişafı Fondu hər bir sahibkarın iqtisadi inkişafa töhfə verə biləcək layihəsinə maliyyə dəstəyi ayırır. Bundan başqa, son illər Naxçıvanda formalaşan ailə təsərrüfatlarında istehsal olunan məhsullar da muxtar diyarın iqtisadi qüdrətinə təkan verir.
    Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor muxtar respublikanın dayanıqlı və innovativ iqtisadi inkişafı və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını bildirib. 2022-ci ilin muxtar respublikamızda “Sənaye ili” elan edilməsi ilə diyarımızda bu sahənin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğulayan rektor belə bir əlamətdar tarixə təsadüf etməsi ilə əhəmiyyət kəsb edən  konfransın işinə uğurlar arzulayıb.
    AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışıb. Professor bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı “Naxçıvan” Universitetinin təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib.
     İqtisadi inkişafın təmin olunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran professor Nazim İmanov hazırda ölkə başçısının davamlı iqtisadi inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil etdiyini vurğulayıb. 
    Konfransda çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müəssisə fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Prorektor sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, bu baxımdan Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Şərur rayonunda sənaye məhəlləsinin yaradılması muxtar respublikada sənayenin yeni, elm və əməktutumlu sahələrinin yaradılmasına və ixrac potensialının artırılmasına, istehsal prosesinin daha səmərəli hala gətirilməsi üçün əlverişli infrastrukturun qurulmasına, emal sənayesinin şaxələndirilməsinə zəmin yaradır.
    Sonra konfransda elmi məruzələr dinlənilib. AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru Təbriz Əliyev “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişafının təşkilati-iqtisadi imkanları” və Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev “Yeni çağırışlar şəraitində Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının aktual problemləri” mövzularında çıxış ediblər. 
    Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının sualları cavablandırılıb. Sonda AMEA İqtisadiyyat İnstitutu tərəfindən “Naxçıvan” Universitetinə kitab hədiyyə olunub. Konfrans bölmə iclasları ilə davam etdirilib.
    Konfrans iştirakçıları müalicə turizmi obyekti kimi həm də mühüm  iqtisadi əhəmiyyətlilik kəsb edən Duzdağ Fizioterapiya Mərkəzində olublar.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

Nəşr edilib : 14.10.2022 20:44