AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində "Heydər Əliyev İli"nə həsr olunan “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri polkovnik Şahin Mirzəyev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Qeyd olunub ki, Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənib. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlət çevrilişlərinin qarşısı alınıb, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov və daxili xidmət mayoru Turan Şahhüseynov milli dövlət quruculuğuna hədsiz töhfələr vermiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Dahi Rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycan regionun lideri olmaqla bərabər, həm də beynəlxalq məkanda qüdrətli dövlət kimi nüfuz qazanıb.

Sonda Ümummilli Liderin mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.10.2023 17:14