AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr olunan tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri polkovnik Şahin Mirzəyev Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü böyük işlərdən, bütün sahələrdə qazanılan uğurlardan danışıb.

Qeyd olunub ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Azərbaycanın zəngin iqtisadi, siyasi, elmi, mədəni və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Bu il sentyabrın 19-da qəhraman Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərdə qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident cənab İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilən xalqımızın daha bir tarixi Zəfəri oldu.

Vurğulanıb ki, Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu.

Tədbirdə Nazirliyin şöbə rəisi mayor Vüqar Məmmədov və  Mülki müdafiə alayının komandiri mayor Şərif Əsədov çıxış ediblər.

Sonda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Nəşr edilib : 17.10.2023 15:09