AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçiriləcək

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, imtahan bütün binalarda saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli;

-İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 3 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 42 nəzarətçi müəllim, 5 buraxılış rejimi əməkdaşı ayrılıb.

Nəşr edilib : 07.09.2023 18:04