AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işləyən aid əməkdaşlar üçün “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib. 
    Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, dövlət qurumlarında müasir texnologiyaların tətbiqi və internet resurslarından geniş istifadə informasiya təhlükəsizliyinin təmin olunması və informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadəni aktual edir. Qeyd olunub ki, keçirilən seminar və təlimlər bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradacaq.
    Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”da dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib.
    Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı İnci Şirzadova tərəfindən isə slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verilib.
    Vurğulanıb ki, təhkim olunmuş rabitə vasitələrindən, informasiya daşıyıcılarından, kompüterdən, daxili şəbəkə və internetdən xidməti zərurətdən kənar məqsədlər üçün istifadə etmək, şəxsi məlumatları təhkim olunmuş kompüterə köçürmək, şəxsi istifadədə olan rabitə xətlərini icazəsiz başqa qurğulara birləşdirmək, habelə qanunazidd və zərərli proqram təminatlarından, razılaşdırılmamış VPN xidmətlərindən istifadə yolverilməzdir.
    Qeyd edilib ki, elektron poçt ünvanlarından istifadə edən zaman diqqətli olmalı, xidməti istifadə üçün dövlət qurumlarında tətbiqinə icazə verilmiş və təhlükəsizliyi müəyyən edilmiş elektron poçt ünvanından istifadə olunmalı, bir neçə əməkdaş eyni kompüterdən istifadə etdikdə, hər bir istifadəçi üçün ayrı hesab və fərdi şifrələr təyin edilməli, bütün texniki avadanlıqlar invertarizasiya olunmalı, bütün vacib informasiya sistemlərinin dayanıqlı alternativi olmalıdır. 
     Bildirilib ki, Nümunəvi Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
    Seminarın sonunda dövlət qurumlarını maraqlandıran suallar cavablandırılıb.

  Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
   mətbuat xidməti

Nəşr edilib : 26.04.2022 19:45