AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi naxçıvanlıların Bakıda ən çox üz tutduğu ünvandır


    Bakıda yaşayan və ya paytaxtımıza səfər edən naxçıvanlıların hər hansı bir problemlə qarşılaşdığı anda böyük inam və qürurla üz tutduğu bir ünvan var: 30 ildir ki, Naxçıvan Muxtar Respublikasını paytaxtımızda layiqincə təmsil edən Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi. Bu gün nümayəndəliyin yaradılmasından 30 il keçir. Nümayəndəlik ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli Qərarı ilə yaradılıb. 

    Daimi Nümayəndəlik Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin olunması işini həyata keçirir. Paytaxt Bakıda muxtar respublika ilə bağlı məsələlərdə yaxından iştirak edir. Bundan əlavə, muxtar respublikanın elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə ölkənin müvafiq qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı insanları arasında əlaqələrin yaradılması və genişləndirilməsi, muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də öhdəliklər sırasındadır. Eyni zamanda Naxçıvandan Bakı şəhərinə ezam edilmiş şəxslərə xidməti tapşırıqların yerinə yetirilməsində, onların burada rahat şəkildə görüşlərinin təmin olunmasına, fəaliyyətinə köməklik göstərilir. Bakıda təhsil alan naxçıvanlı tələbələrin problem və qayğıları ilə maraqlanılır, təhsillərini müvəffəqiyyətlə davam etdirmələrinə nəzarət diqqətdə saxlanılır. Həmçinin təhsilini yüksək səviyyədə başa vuran gənc­lərimizin müvafiq işlə təmin edilməsi, onların istəkləri nəzərə alınmaqla, Naxçıvanda işlə təmin olunmasına da müvafiq dəstək göstərilir.
    Daimi Nümayəndəliyin ən önəmli, əsas vəzifələrindən biri də öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xüsusilə xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirlikləri, müvafiq qurumları ilə əməkdaşlıq etmək və xarici ölkə səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərinə yaxından köməklik göstərməkdir.
    Ötən gün Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla telefon əlaqəsi saxlayıb bu əlamətdar gün münasibətilə təbriklərimizi çatdırdıq. Bəxtiyar müəllimlə səmimi söhbət zamanı bir daha vurğuladı ki, Daimi Nümayəndəliyin fəaliyyəti geniş spektrlidir, ötən 30 il ərzində nəinki Azərbaycan Respublikasında və hətta onun hüdudlarından kənarda, Ali Məclis Sədrinin rəhbərliyi ilə günü-gündən inkişaf edən, yüksələn doğma Naxçıvanımızı şərəflə təmsil edib. Həmsöhbətim dedi:
    – Ötən 30 il ərzində ölkəmizdə və xarici ölkələrdə keçirilən bir çox mühüm rəsmi, mədəni tədbirlərdə iştirak edib, muxtar respublikamızın qazandığı nailiyyətləri qürurla təbliğ etmişik. Ölkəmizdə Naxçıvan Muxtar Respublikası ilə yaxından-uzaqdan bağlı olan hər hansı bir tədbir keçirilirsə, ilk növbədə, Daimi Nümayəndəlik burada Naxçıvanı təmsil edir. Bu bizi çox sevindirir ki, Daimi Nümayəndəliyin bir çox sahədə səmərəli fəaliyyəti, uğurlu bir təmsilçilik nümunəsi formalaşdırılıb, Azərbaycanın yüksək dövlət orqanları və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun diqqət mərkəzinə çevrilib.
    Son illərin yaddaqalan tədbirləri barədə ilk başda onu qeyd edim ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə muxtariyyətin hüquqi əsaslarını təmin edən Qars müqaviləsinin 100 illiyinin keçirilməsi hər bir naxçıvanlı üçün ən yaddaqalan hadisə oldu. Qars müqaviləsi Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş toxunulmazlığının əsasıdır. Bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş və beynəlxalq hüquqla qorunmaqdadır. Ermənistan Respublikasının Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına tamamilə ziddir. Həm Moskva, həm də Qars müqavilələri bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Ali Məclis Sədrinin dediyi kimi, Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Ötən il oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində birəsrlik tarixi boyunca mühüm siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Eyni zamanda bu münasibətlə keçirilən digər tədbirlərdə iştirak etdik. Bundan başqa, təbii ki, Vətən müharibəsindəki Böyük Qələbəmiz nümayəndəliyin fəaliyyəti dövründə heç vaxt unudulmayacaq ən qürurlu hadisədir. Sevinirik, qürurlanırıq ki, 44 günlük müharibə nəticəsində Qarabağda zəfər dastanı yazan qəhrəmanlarımız sırasında Naxçıvanın qeyrətli oğulları da var. Şəhidlər verdik, amma bir qarış torpağımızı belə, düşmən tapdağı altında buraxmadıq. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Bu mənada, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində bir qrup Vətən müharibəsi şəhidinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimini ən yaddaqalan, qürurlu tariximizdən biri kimi xatırlayıram. Həmin tədbirdə şəhid ailələri ilə görüşdə də qeyd etdiyimiz kimi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğu üçün onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 1 iyun tarixdə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzaladığı Sərəncama əsasən ötən il  Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında əsas baza rolunu oynamış bu mətbuat orqanının yubileyi də tanınmış ziyalıların iştirakı ilə Daimi Nümayəndəlikdə yüksək səviyyədə qeyd olunub. 
    Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü böyük təntənə ilə qeyd edilir. Bu tarix bizim üçün həm də çox qürurludur. Çünki bütün soydaşlarımızı vahid amal uğrunda həmrəyliyə səsləyən bu ideya da məhz doğma Naxçıvanımızdan yüksələrək dünya azərbaycanlılarını əhatə edir. 1991-ci il dekabrın 16-da ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bizim şanlı tariximizin qürurlu bir səhifəsidir. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Buna görə də bu əlamətdar günün hər il təmsil etdiyimiz qurumda qeyd edilməsini bir azərbaycanlı olaraq vətəndaşlıq borcu hesab edirik. 
    Müsahibim vurğuladı ki, Daimi Nümayəndəlik təkcə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu qazanmış Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin edilməsini həyata keçirən təşkilat kimi deyil, eyni zamanda muxtar respublikanın xarici iqtisadi əlaqələrinin qurulmasında da yaxından iştirak edir. Naxçıvanımızı Azərbaycanın paytaxtında layiqincə təmsil etmək böyük şərəfdir. Çalışırıq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşımıza qoyduğu tapşırıqları layiqincə yerinə yetirək, eyni zamanda bu gün Heydər Əliyev ideyaları ilə irəliləyən,  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilən müqəddəs yolun məhz onun rəhbərliyi altında Naxçıvanda dönmədən həyata keçirildiyini, uğurlu siyasətin real nəticələrini xalqımıza, vətəndaşlarımıza, eyni zamanda beynəlxalq aləmə layiqincə, olduğu kimi çatdıraq. 
    Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf və həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın diqqət mərkəzinə çevrilib. Daimi Nümayəndəliyin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birbaşa münasibətlərinin yaranması və eyni zamanda səfirlərin Daimi Nümayəndəliyə tez-tez gəlişi Naxçıvana olan diqqət və xüsusi marağı açıq şəkildə göstərir. Ötən 30 il ərzində Daimi Nümayəndəliyə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin yüzlərlə səfiri gəlib, fəaliyyətimizlə tanış olub, Naxçıvanı tanıyıb. Bu səfirlərin böyük əksəriyyəti sonradan Naxçıvan Muxtar Respublikasına rəsmi səfərlər edib, diyarımızda bu gün həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın nailiyyətlərinin canlı şahidi olub və bir çox hallarda mətbuata bu barədə öz fikirlərini bildiriblər. Bununla yanaşı, Daimi Nümayəndəlik bir çox ölkələrin milli bayram və əlamətdar günlərlə bağlı təşkil edilmiş rəsmi qəbullarda da təmsil olunub. Xarici ölkə səfirlərinin Daimi Nümayəndəliyin timsalında Naxçıvana olan marağını, münasibətini, muxtar respublikaya tez-tez səfərlərini, orada həyata keçirilən işlərlə yaxından tanışlığını diqqət mərkəzinə gətirsək, fəxrlə deyə bilərik ki, bu gün Naxçıvanın real inkişaf mənzərəsini beynəlxalq aləmə çatdıra bilirik. Təbiidir ki, bütün bunlar bizi həm sevindirir, həm də fəaliyyətimizə əlavə stimul verir.
    Daimi Nümayəndəliyin rəhbəri onu da diqqətə çatdırdı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş böyük bir siyasət bu gün Naxçıvanda dönmədən, uğurla həyata keçirilir. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin vaxtilə düşündüyü formada inkişaf edir və bu işdə flaqman sayıla biləcək Naxçıvan Muxtar Respublikası buna əyani sübutdur. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində inkişaf göz qabağındadır. Burada insanların firavan həyatı, yaşayışı yüksək səviyyədə təmin edilib, vətəndaş məmnunluğuna tam nail olunub. Bu qədim diyar bir çox sahələrdə vətəndaş məmnunluğuna gətirib çıxaran cəmiyyətin qurulmasında nümunə rolunu oynayır. Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvana müxtəlif vaxtlarda səfərləri zamanı bu diyarın nail olduğu inkişafı yüksək qiymətləndirməsi bizim üçün əsas göstəricidir. 
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat və sosial-mədəni quruculuqda əldə edilmiş nailiyyətlərin təbliği və buna yönəlik tədbirlərin, sərgilərin, ekspozisiyaların, mühazirələrin təşkil olunması, müasir filmlərin nümayişi, yaradıcı kollektivlərin çıxışlarının təklifinə və təşkilinə köməklik göstərmək də Daimi Nümayəndəliyin fəaliyyət sahələrinə daxildir. Muxtar respublikada həyatın bütün sahələrində əldə olunmuş nailiyyətləri, uğurları, bəzi hallarda tam statistik məlumatları mətbuata təqdim edir, beləliklə, Azərbaycan ictimaiyyətinin, eyni zamanda xarici ölkələrin Bakıdakı səfirliklərinin müəyyən mənada marağına səbəb olan faktları açıqlayırıq.
    Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin ölkəmizin paytaxtında yaşayan naxçıvanlılar üçün hansı məsələlərin həllində vasitəçi olması ilə bağlı sualımızı Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov belə cavablandırdı: 
    – Daimi Nümayəndəlik Bakı şəhərində yaşayan naxçıvanlılar üçün dayaqdır, ümid yeridir, – desək, doğru olar. Çünki bizə müraciət edənlərin hər biri ilə yaxından maraqlanırıq. Daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək bizim vəzifələrimiz sırasındadır. Xüsusilə də elektron müraciətlərə baxılması, müvafiq qaydalara uyğun tədbirlərin görülməsi prosesi tərəfimizdən həyata keçirilir. Bu mənada, vurğulayım ki, son illər Daimi Nümayəndəlikdə Bakı şəhərində və respublikamızın digər bölgələrində yaşayan, Naxçıvanda daimi qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi işi təşkil olunub. Bu da çox sevindirici haldır. Həyata keçirilən bu kampaniya vətəndaşlar tərəfindən çox böyük rəğbət və sevinc hissi ilə qarşılanır. Əvvəllər insanlar uzaq məsafə qət edərək şəxsiyyət vəsiqəsi əldə etmək və ya dəyişdirmək üçün Naxçıvana getməli olurdular. Bu gün artıq o problem də öz həllini tapıb. Bakıda və digər rayonlarda yaşayan Naxçıvan sakinləri artıq çox rahat şəkildə müraciət edərək Daimi Nümayəndəlikdə qeyd olunmuş vaxtlarda şəxsiyyət vəsiqələri ilə bağlı məsələlərini həll edə bilirlər. 
    Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Vətən müharibəsində parlaq qələbə çalan Ordumuz bizi torpaqlarımıza qovuşdurmaqla həm də Naxçıvanın ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqələrinin bərpasına böyük töhfə vermiş oldu. İndi artıq reallaşması üzərində konkret işlər görülən Zəngəzur dəhlizi açıldıqdan sonra doğma Naxçıvanımız regionda və dünya miqyasında mühüm bir tranzit mərkəzə çevriləcək. Naxçıvan Muxtar Respublikası daha böyük inkişaf mərhələsinə qədəm qoyacaq. Bütün bunlarla yanaşı, naxçıvanlılar üçün ölkəmizin digər bölgələrinə gediş-gəliş məsələləri artıq daha rahat olacaq. İndiki vəziyyətdə isə bu gediş-gəlişin əsas vasitəsi hava nəqliyyatıdır. Bilet əldə etmək sarıdan bəzən çətinliklə üzləşən həmyerlilərimiz bizə müraciətlər ünvanlayır. Bu müraciətlərin hər birinə operativ cavab verir və problemin həlli istiqamətində köməklik göstəririk.
    Biz də “Şərq qapısı” qəzetinin kollektivi və çoxsaylı oxucularımız adından Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin kollektivinə təbriklərimizi çatdıraraq şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 23.02.2022 19:18