AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Yaşa və öyrən – Naxçıvan” adlı bilik yarışı keçirilib

Yanvarın 11-də Gənclər Mərkəzində Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Yaşa və öyrən – Naxçıvan” adlı intellektual bilik yarışı keçirilib.

Yarışdan öncə nazirliyin Gənclər birliklərinin sədri Jalə İbrahimova bildirib ki, artıq ənənə halını alan “Yaşa və öyrən” intellektual bilik yarışı 2019-cu ildən etibarən keçirilməyə başlanıb. 2019-2022-ci illər ərzində bilik yarışının “Yaşa və öyrən”, “Yaşa və öyrən – Onlayn”, “Yaşa və öyrən-Dostluq”, “Yaşa və öyrən II” və son olaraq “Yaşa və öyrən – Xəzaniyyə” adı altında 5 müxtəlif növü keçirilib. Vurğulanıb ki, bu yarış da məhz onların davamıdır və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən bilik yarışı gənclər təşkilatlarının üzvlərinin hazırlıq səviyyəsinin artırılması, cəld və analitik düşünmə bacarığının inkişaf etdirilməsi, intellektual yarışlarda iştirak səriştələrinin və gənclərin müasir dünyagörüşünün, habelə gənclər arasında yoldaşlıq münasibətlərinin və komanda ruhunun formalaşdırması yolu ilə sosial çevrələrinin genişləndirilməsi məqsədini daşıyır. Bilik yarışı Naxçıvan, Azərbaycan və dünyanın mədəniyyət, incəsənət, folklor, ədəbiyyat, tarix, musiqi, film və başqa sahələri əhatə edən suallar əsasında keçirilir.

Yarışda Naxçıvan, Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarının, həmçinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzin və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının hər birində 5 nəfər olmaqla 1 komandası iştirak etmişdir. 3 turdan ibarət olan yarışın sonunda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasını təmsil edən komanda 1-ci, Kəngərli rayonunu təmsil edən komanda 2-ci və Babək rayonunu təmsil edən komanda 3-cü yerin qalibi olmuşdur.

Qaliblər nazirliyin diplomları ilə təltif edilib.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.01.2024 18:05