AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası-100 il: uğurlar və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, institutun direktoru professor Kərim Şükürov Naxçıvanın ölkənin tarixində rolunu diqqətə çatdırıb. O qeyd edib ki, Naxçıvan Azərbaycanın tarixində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan əsrlər boyu yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Daha sonra professor İkram Ağasiyev “1920-1924-cu illərdə “Naxçıvan məsələsi” və Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 1920-ci ilin iyun ayında Naxçıvan əhalisini Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bölgədə Veysəl Ünüvarın başçılığı ilə türk qoşun hissələri yerləşmişdi. Həmin ilin iyulunda XI Ordu qüvvələri Naxçıvana göndərilmiş və burada bolşevik hakimiyyəti qurulmuşdu. 1920-ci il dekabrın 2-də Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişlə Naxçıvan məsələsi yeni bir mərhələyə qədəm qoyur. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəmə gəldi. Nəticədə, 1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi imzalandı. Müqavilənin hazırlanması zamanı Türkiyə Naxçıvan məsələsinə böyük əhəmiyyət verdi. Atatürk Naxçıvanı “Türk qapısı” adlandırırdı, çünki Naxçıvan Azərbaycanla Türkiyə arasında ən yaxın məsafə idi. Moskva müqaviləsinin 3-cü maddəsinə görə, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədlər daxilində, Azərbaycanın himayəsi altında, Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verirdilər, bu şərtlə ki, Azərbaycan bu ərazini üçüncü dövlətə güzəştə getməyəcək. Beləliklə, Naxçıvan məsələsinin Azərbaycanın xeyrinə həll olunmasında Türkiyə böyük rol oynadı. Rusiya Naxçıvanı Azərbaycanın tərkib hissəsi hesab etdikdən sonra Türkiyə qoşununu Naxçıvandan çıxardı. Naxçıvan məsələsi 1921-ci il sentyabr-oktyabr aylarında Qars şəhərində Türkiyə, RSFSR, Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) nümayəndələrinin iştirakı ilə keçirilən konfransda da müzakirə olundu və 1921-ci il oktyabrın 13-də Türkiyə, Azərbaycan SSR, Gürcüstan SSR, RSFSR və Ermənistan SSR tərəfindən bağlanmış Qars müqaviləsində yer aldı. Qars müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvan Azərbaycan ərazisi kimi təsdiqləndi. Naxçıvanın sərhədləri və gələcək statusu qəti müəyyən edildi. Beləliklə, Ermənistanın Naxçıvanı özünə birləşdirmək cəhdlərinin qarşısı alındı.

Konfransda “Naxçıvan 1919-cu ilin yayında: Azərbaycanın hərbi-siyasi tarixinin dönüş mərhələsi”, “XI Qızıl Ordunun Naxçıvanı işğal etməsi və bolşevik terrorunun başlanması”, “1920-ci illərdə Naxçıvan MSSR-in Ermənistan SSR-lə sərhədləri”, “1920-1930-cu illərdə Naxçıvan MSSR-də hüquq mühafizə orqanlarının fəaliyyətində hüquqa zidd aspektlər”, “Naxçıvan MSSR-in yaranmasının geosiyasi aspektləri”, “1945-1950-ci illərdə AMEA Naxçıvan bölməsinin fəaliyyəti”, “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı haqqında (XX əsrin sonu – XXI əvvəllərdə)”, “Naxçıvan II Qarabağ-Vətən müharibəsində”, “1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiya olunun azərbaycanlıların Naxçıvan MSSR-də məskunlaşdırılması”, “Naxçıvan MSSR-in II Dünya müharibəsində iştirakı məsələsi Azərbaycan sovet tarixşünaslığında” adlı məruzələr dinlənilib.

Nəşr edilib : 08.02.2024 14:55