AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə “Qədim diyarımız Naxçıvan kitablarda” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  2023-cü il dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.

Tədbirdə Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev və Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məsmə Kərimli mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, muxtar respublikada son 33 ildə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin adı ilə sıx bağlıdır.

Sonda “Naxçıvan Muxtar Respublikası 100 il” başlıqlı sərgiyə baxış olmuşdur.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 09.01.2024 11:42