AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən aldığımız məlumata görə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində, eləcədə ictimai-siyasi, elmi-mədəni həyatında rolunu diqqətə çatdırır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda “Naxçıvan: muxtariyyətdən respublikaya” mövzusunda məruzə edib.

Akademik məruzəsində zərurətdən doğan muxtariyyət statusunun verilmə səbəblərindən, tarixi önəmindən söz açıb. Ulu Öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran bölmə sədri bildirib ki, bu status Naxçıvana Moskva və Qars beynəlxalq müqavilələri, 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.

Akademik məruzəsində muxtariyyətin növləri barədə məlumat verib, habelə bu statusun Naxçıvana nə üçün lazım olması faktını əhatəli şərh edib.

İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə imzaladığı sərəncam muxtar respublika üçün xüsusi tarixi əhəmiyyət kəsb edir.

Akademik daha sonra konfrans iştirakçılarının suallarını cavablandırıb.

Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış edib.

Maraq doğuran məsələlərin müzakirəsindən sonra konfransa yekun vurulub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 29.01.2024 17:28