AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Departamentin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirib ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 17 noyabr 1990-cı ildə hələ sovet rejimi dağılmamışdan 11 ay qabaq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet sosialist" sözlərinin çıxarılması böyük tarixi hadisədir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin dönməz iradəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın  Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsi ölkəmizdə müstəqil dövlətçiliyə misilsiz tarixi xidmətin ifadəsidir.

Məruzəçi çıxış zamanı muxtar respublikanın 100 illiyi ilə bağlı məlumatları slayd vasitəsilə könüllülərin diqqətinə çatdırmış və ətraflı məlumat vermişdir.

Tədbirin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 29.03.2024 16:38