AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsində tədbir keçirilib

Agentliyin əməkdaşları əvvəlcə Dövlət Bayrağı Muzeyində olublar. Ekskursiya zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, muzeyin ekspozisiya zalında sərgilənən eksponatlar arasında üçrəngli Dövlət Bayrağı, 1922-1981-ci illər arasında SSRİ dövründə  qəbul edilmiş Naxçıvan bayraqları, Naxçıvan xanlığının döyüş və Dövlət bayraqları, Kəngərli süvari dəstəsinin döyüş bayrağı, Eldənizlər dövlətinin bayrağının, Naxçıvan Bəy Drujinasının döyüş və fəxri bayraqlarının, Naxçıvan Qəzasının gerbinin, Naxçıvan xanlarının gerbinin fotosurətləri nümayiş olunur. Bununla yanaşı, 1990-cı il 17 noyabr tarixində Naxçıvanda üçrəngli Dövlət bayrağının qəbul olunması haqqında qərarın və qəbul olunan üçrəngli dövlət bayrağının fotosurətləri və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin qərarı oxuyarkən çəkilmiş fotoşəkli, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından Naxçıvan Muxtar Dövlətinin rəmzləri haqqında çıxarışın fotosurəti də muzeyin dəyərli eksponatları arasındadır.

Avtomobil Yolları Dövlət Agentliyində davam edən tədbiri giriş sözü ilə agentliyin idarə heyətinin sədri Bəhruz Əsgərov açıb, muxtariyyətin 100 illik yubileyi münasibəti ilə kollektivi təbrik edib. Bəhruz Əsgərov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 30 dekabr 2023-cü il tarixli Sərəncam xalqımızın əldə etdiyi böyük tarixi nailiyyətin uğurlu nəticəsidir.

          Bəhruz Əsgərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurd yerinə qayğısının ifadəsi idi. Həmçinin Naxçıvan Muxtar Respublikasının 80, 85, 90, 95 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Agentliyin idarə heyətinin sədr müavini Ruslan Ramazanov çıxışında bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan muxtariyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası muxtar diyarımızda silsilə tədbirlərlə yadda qalır. Qeyd etmək yerinə düşər ki, Azərbaycandan ayrı salınmış, geostrateji baxımdan əhəmiyyətli bir bölgədə vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi.

Bildirilib ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Bu illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş edib.

Nəşr edilib : 09.02.2024 14:58