AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

Bu barədə  AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, həmin Sərəncamda AMEA-ya müvafiq dövlət qurumları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Naxçıvan tarixən Azərbaycanın həm də mühüm elm və təhsil mərkəzlərindən biri olub, Azərbaycana çox sayda görkəmli ziyalı, elm və mədəniyyət xadimləri bəxş edib. Tarixi ənənələrə uyğun olaraq müasir günümüzdə də Naxçıvanda elm və təhsil özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır və hazırda Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşmişdir.

“Bütün digər sosial-iqtisadi sahələrdə olduğu kimi, Naxçıvanda elmin inkişafında da Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Bu baxımdan Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA-nın Naxçıvan bölməsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının bir tərəfdən böyük elmi-mədəni, digər tərəfdən isə strateji-siyasi əhəmiyyəti vardır. Bölmə fəaliyyət göstərdiyi müddət ərzində Naxçıvanın qədim tarixinin, zəngin mədəni mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi, Naxçıvanda mövcud olan təbii sərvətlərin tədqiq olunaraq müxtəlif istehsal sahələrində tətbiqi, informasiya-telekommunikasiya texnologiyalarının bölgədə tətbiqinin diqqət mərkəzində saxlanılması, regionun özünəməxsus fauna və florasının öyrənilməsi, xüsusilə də dərman bitkiləri tədqiqi və s. istiqamətlərdə uğurla fəaliyyət göstərmişdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

İclasda Rəyasət Heyəti tərəfindən Naxçıvanın tarixinin, mədəniyyətinin, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının tədqiqi və təbliği məsələlərinə dair, eləcə də Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında və blokadadan çıxarılmasında Heydər Əliyevin tarixi xidmətləri, Naxçıvanda elmin inkişafı strategiyası, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər planının hazırlanması qərara alınıb.

Nəşr edilib : 10.01.2024 13:15