AZ EN RU

Naxçıvan Muxtar Respublikasında torpaqların su təminatının yaxşılaşdırılması işləri davam edir

       Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin avqust ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüş, hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin avqust ayının sonuna 77,97 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə avqust ayı ərzində 17,12 milyon kubmetr su verilmiş, bunun müqabilində 14 min 93 hektar torpaq sahəsi suvarılmışdır.
    2023-cü ilin avqust ayı ərzində 9,4 kilometr beton və torpaq kanallar, 16,13 kilometr ara arxlar, 3,2 kilometr kollektor lildən təmizlənmiş, 1,72 kilometr içməli su, 0,2 kilometr kanalizasiya  xətləri çəkilmiş, 5,99 kilometr mövcud içməli su xətlərində, 0,12 kilometr kanalizasiya xətlərində, 2 kilometr suvarma boru xətlərində, 1,41 kilometr təzyiqli boru xətlərində, 0,83 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
    Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
    Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 3,2 kilometr lildən təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 38 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 1,5 kilometr mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. 
    Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Xələc”, “Həmzəli-2”, “Qorçulu”, “Arpaçay-1”, “Arpaçay-2”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,57 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Hacıvar”, “Nehrəm”, “Yarımca” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 kilometr, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,13 kilometr, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Ordubad rayonunda “Əylis-3” nasos stansiyasının təzyiqli boru xəttində 0,2 kilometr, Sədərək rayonunda “Sədərək-0”, “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Kəngərli rayonunda “Şahtaxtı” və Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyalarının hər birinin təzyiqli boru xətlərində isə 0,05 kilometr təmir-bərpa işləri aparılmışdır.
    Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün “Qaraçuq-1” nasos stansiyası ərazisində  Araz Su Anbarından qidalanan  yeni nasos stansiyasının tikintisi davam etdirilmişdir. Nasos stansiyanın döşəməsinə beton verilməsi üçün qəliblərin qurulmasına, elektrik binasının dam örtüyünün vurulmasına, körpülü kranın quraşdırılması üçün müvafiq işlərin görülməsinə başlanılmışdır.
    2023-cü ilin avqust ayı ərzində 5 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 465 metr kürə təmizlənmiş, 14.5 metr saybənd hörülmüşdür.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 9 ədədinə yeni nasos quraşdırılmaqla 85-i təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsində 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir.
    Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 7 su sayğacı, 1 nasos rotoru,  20 nasos hissəsi təmir edilmişdir.
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 129 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2023 19:44