AZ EN RU

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf konsepsiyası uğurla reallaşdırılır

Ölkəmiz, o cümlədən Naxçıvan Muxtar Respublikası müstəqillik illərində çətin, mürəkkəb, eyni zamanda şərəfli bir yol qət edib. Bu illər ərzində bütün sahələr üzrə uğurlu islahatlar aparılıb, mühüm əhəmiyyətə malik infrastruktur layihələrinin reallaşdırılması istiqamətində qətiyyətlik nümayiş etdirilib, qarşıya çıxan çətin maneələr uğurla aradan qaldırılıb. Çəkilən ağır zəhmət, görülən iş nəticəsiz qalmayıb - həyata keçirilən iqtisadi inkişaf strategiyasının bəhrəsi olaraq nadir inkişaf modeli yaradılıb.

Güclü iqtisadiyyat, qüdrətli ordu və vətənpərvər gənclik

Ötən müddətdə biz dəfələrlə şahidi olduq ki, qlobal miqyasda dərinləşən iqtisadi və maliyyə böhranları zamanı ölkəmizdə, o cümlədən muxtar respublikamızda heç bir problem qeydə alınmadı. Bəzən dünyada böhranların kəskinləşdiyi bir vaxtda da iqtisadiyyatımız kənar dağıdıcı təsirlər qarşısında inkişafını dayandırmadı. Əksinə, həmin vaxtlarda yeni-yeni uğurlar əldə edildi. Bu, ulu öndər Heydər Əliyev yolunun uğuru, onun tərəfindən müəyyənləşdirilən strateji inkişaf konsepsiyasının ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir. Biz bu uğurları bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində görürük. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə, bundan əvvəl və sonra qazandığımız zəfərlər – Günnüt, Aprel döyüşləri, “Qisas” əməliyyatı və sentyabrın 12-13-də erməni təxribatının qarşısının alınması ilə əlaqədar aparılan hərbi əməliyyatlar ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bütün bunlara isə biz öncə iqtisadi gücümüzü, bununla yanaşı, hərbi qüdrətimizi artırmaqla nail olmuşuq.

Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə deyib: “İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, ordumuzu gücləndirək. Biz ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq”.

Ölkəmizin digər bir uğuru isə, sözün həqiqi mənasında, vətənpərvər gəncliyin yetişməsidir. Elə bir gənclik ki, ölkəsini, dövlətini, bayrağını hər şeydən uca tutur, gözünü qırpmadan canını Vətəninə fəda edir. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi isə daim yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunəsi gənc nəsil üçün nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”. Avqustun 5-də Kəlbəcər rayonunda yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində hərbi qulluqçumuz, leytenant Babək Əliyev şəhidlik zirvəsinə yüksəlib. Avqustun 6-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.

Muxtar respublikada şəhid ailələrinə, müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir

Muxtar respublikada şəhid ailələrinə, müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Ötən müddətdə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılıb. Görülən tədbirlərin davamı olaraq avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib. Muxtar respublika rəhbəri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilib. Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunub.

Şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki yeni yaşayış binalarında yerləşir.

İstedadlı gənclər mükafatlandırılır

Muxtar respublikada gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin, fiziki və mənəvi sağlamlıqlarının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı da diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına stimul verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 18 iyul tarixli Sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayevanın və STEAM təhsili üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb

Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılıb, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb.

Ayrılmış torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modultipli evin tikintisi yekunlaşdırılıb ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır. Hər ev üçün ayrılmış torpaq sahəsi çəpərlənib və abadlaşdırılıb, su, kanalizasiya, elektrik xətləri çəkilib və digər lazımi infrastruktur yaradılıb. Artıq ərazidə 28 ailə bağ təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ev və torpaq sahəsi ilə təmin olunub. Ailələr onlar üçün ayrılmış torpaq sahələrində yaşıllaşdırma işləri aparıb, müxtəlif meyvə ağacları, bostan və tərəvəz bitkiləri əkiblər.

Avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirib, mənzil sahiblərinin hər birinə xoş istirahət və rahat həyat arzulayıb.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olub, ərazinin layihələndirilməsi və yeni bağ evlərinin tikilməsi, boş ərazilərdə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü

yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

Muxtar respublikada ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət uğurla davam etdirilir. Naxçıvanın etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlər görülüb. Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilib, maddi-texniki baza gücləndirilib, xidmət və yaşayış kompleksləri inşa olunub.

Avqustun 22-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri sərhədçi ailələrini yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara rahat həyat arzulayıb, sərhədçi uşaqlarına hədiyyələr təqdim edib.

Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış binası hər biri 2 otaqlı olmaqla, 8 mənzildən ibarətdir. Mənzillər mebel dəstləri, televizor, soyuducu, paltaryuyan və mərkəzləşmiş istilik sistemi ilə təmin olunub. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilib.

Sonra şəxsi heyətlə görüş olub. Ali Məclisin Sədri sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə diviziyanın şəxsi heyətini və sərhədçi ailələrini təbrik edib, gələcək xidmətdə uğurlar arzulayıb.

Muxtar respublika rəhbəri sərhədçilərlə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib. Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili, ərazidə meyvə ağaclarının artırılması barədə müvafiq tapşırıqlar verib.

Kənd tam orta məktəblərinin inşası və ya yenidən qurulması diqqətdə saxlanılır

Bu gün Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.

Avqustun 22-də Ali Məclisin Sədri Şərur rayonunun Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxıb. Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulub. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilib. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Naxçıvan təhsili yeni-yeni uğurlara imza atır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”.

Reallıqdır ki, təhsildə müasir texnologiyalara əsaslanan istənilən ölkələr və ya təhsil müəssisələri yüksək səviyyəli gənc kadrların yetişməsi istiqamətində daim uğurlar qazanırlar. Muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilməsi burada müasir dövrün tələblərinə cavab verən intellektual potensialın formalaşmasına şərait yaradıb. Təhsilə göstərilən diqqət isə həm bu günümüzə, həm də gələcəyimizə göstərilən diqqətdir. Çünki təhsil elə strateji bir sahədir ki, bununla, bütövlükdə, milli yüksəlişə nail olmaq mümkündür.

Muxtar respublikada bu istiqamətdə yeni-yeni uğurlar əldə edilib. Belə ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülüb. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərib. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplayıb.

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Ali Məclisin Sədri ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib, gələcək təhsildə gənclərə uğurlar arzulayıb.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara mükafat təqdim olunub.

Əsas istiqamət iqtisadiyyatın dinamik inkişafı və sakinlərin rifahının daha da yüksəldilməsidir

Bu gün muxtar respublikanın yüksəlişini özündə təcəssüm etdirən sosial-iqtisadi modelin əsas istiqaməti iqtisadiyyatın dinamik inkişafına və sakinlərin rifahının yaxşılaşmasına yönəlib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində muxtar respublikanın genişmiqyaslı uğurları ardıcıl xarakter alıb. Ötən ayın nəticələri bir daha deməyə əsas verir ki, sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı layihələr, quruculuq işləri bütün sahələrdə səmərəli nəticələr göstərməkdədir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 16.09.2022 19:08