AZ EN RU

“Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” beynəlxalq elmi konfransı keçirilib

    “Naxçıvan” Universitetində keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə qonaqlara ulu öndərin mənalı ömür yolu və parlaq siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
   Konfransı “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva açaraq qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
    İqdır Universitetinin rektoru, professor Məhmət Hakkı Alma çıxış edərək bildirib ki, ölkələrarası münasibətlərin düzgün qurulmasında iqtisadiyyatın rolu danılmazdır. İqtisadi əlaqələrin genişləndirilməsi sahəsində ölkələrimiz arasındakı mühüm irəliləyişlərə diqqətçəkən rektor gələcəkdə Naxçıvanda bir çox layihələrin icrası perspektivlərindən də danışıb.
    2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan olunduğunu diqqətə çatdıran Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov qeyd edib ki, məqsəd diyarımızda sənaye sektorunu daha da inkişaf etdirməkdir. Bunun üçün xammal ehtiyatının yaradılması qarşıda duran əsas məsələlərdəndir. Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində görülən işlər sənayenin davamlı inkişafında, iqtisadiyyatın modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, sahibkar­lığın inkişafına göstərilən dövlət dəstəyinin də bariz nümunəsidir.
    Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Sevda Mikayılova, Qazaxıstan Respublikasının Əhməd Yəsəvi Universitetinin müəllimi, dosent Aktolkin Abubakirova müxtəlif mövzularda çıxış ediblər. Qeyd olunub ki, Naxçıvanın yeraltı va yerüstü sərvətlərinin tədqiqi onu deməyə əsas verir ki, burada sənayenin inkişafı müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər. Burada strateji əhəmiyyətə malik sahələrin inkişaf etdirilməsi aqrar sahəyə paralel olaraq sənayenin inkişafına da təkan verir.
    “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu bildirib ki, müasir dövrdə iqtisadiyyatın davamlı inkişafı şəraitində Naxçıvan iqtisadi rayonunda sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindən biri mövcud sənaye sahələrini diversifikasiya proseslərinə cəlb etməkdir. Təkrar istehsal prosesinin genişlənməsi və məhsulların istehsal həcminin artması əlavə iş yerlərinin yaradılmasına, iqtisadi fəal əhalinin məşğulluğunun təmin olunmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə və əməkhaqqının artmasına səbəb olur. Qeyd olunub ki, sənaye komplekslərinin yaradılmasında məqsəd müasir dövrdə müstəqil fəaliyyət göstərən, özünümaliyyələşdirən və xammal təchizatını fasiləsiz yerinə yetirən təsərrüfat subyektlərinin artırılmasını təmin etmək və ölkə iqtisadiyyatının davamlı inkişafına fayda verməkdən ibarətdir. Bu mənada, muxtar respublikada sənaye sahələrinin keyfiyyətcə yeni mərhələyə çatması rəqabətqabiliyyətliliyin artmasına imkan verəcək.
    Sonda beynəlxalq konfransda fəal iştirak edənlərə “Naxçıvan” Universitetinin sertifikat və hədiyyəsi verilib.
    Konfrans bölmə iclasları ilə davam edib.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 29.04.2022 22:07