AZ EN RU

“Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafında innovasiyaların rolu” mövzusunda respublika elmi konfransı təşkil olunub

    Naxçıvan Dövlət Universitetində keçirilən konfransı açıq elan edən ali təhsil ocağının rektoru Elbrus İsayev 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunmasının əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, muxtar respublikanın əldə etdiyi sosial-iqtisadi uğurları həm də ölkəmizin məqsədyönlü regional inkişafı və davamlı milli iqtisadi quruculuq prosesləri fonunda strateji əhəmiyyətli göstərici olaraq dəyərləndirmək olar. Diqqətə çatdırılıb ki, hazırkı mərhələdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edən amillərdəndir ki, universitet ərazisində yaradılan Texnopark layihəsi buna bariz nümunədir.
    İqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafı və innovasiya fəaliyyət subyektlərinin formalaşması” mövzusunda çıxış edib. Qeyd olunub ki, iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini  və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. 
    Konfransa onlayn qoşulan UNEC-in iqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev davamlı inkişafa təsir edən amil və şərtlər və rəqəmsal iqtisadiyyat haqqında danışıb. Rəqəmsal iqtisadiyyatın qiymətləndirilmə meyarları, indikatorları və strukturu haqqında danışan professor Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün görülən işlərin mühüm müsbət nəticələrini və əsas indikator olaraq tranzaksiya xərclərini şərh edib, rəqəmsal mühitdə rəqabət və tənzimləmə məsələlərinə toxunub.
    Sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Naxçıvan Muxtar Respublikasında turizm sənayesinin inkişafında konfort standartlarının tətbiqi” mövzusunda çıxışı dinlənilib. Qeyd edilib ki, bu sahədə tətbiq edilən standartlaşma müəyyən olunan norma, qaydalar əsasında göstərilən turizm və rekreasiya servislərinin, həyata keçirilən işlərin turistlərin sağlamlığına və ətraf ekoloji mühitə göstərdiyi təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
    Konfrans bölmə iclasları ilə davam edib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 27.04.2022 20:32