AZ EN RU

“Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin cari vəziyyəti və strateji istiqamətlər” mövzusunda tədbir keçirilib

    “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının “2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”na uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin müəllim və tələbə kollektivi üçün maarifləndirici tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva tədbirin məqsədinin universitetin müəllim və tələbə heyətinin ödəniş alətlərindən istifadəyə olan marağını daha da artırmaq, nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəlməsinə təkan vermək, onların elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi olduğunu bildirib.
    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev muxtar respublikada 2013-cü ildən rəqəmsal ödənişlərin inkişafı ilə bağlı bu günədək 3 Dövlət proqramının icra olunduğunu, ödəniş alətləri infrastrukturunun genişləndirildiyini, cəmiyyətdə nağdsız ödənişlərə marağın cəlb edilməsi məqsədilə müxtəlif dövrlərə aid dövlət qurumları ilə birgə maarifləndirici tədbirlərin, stimullaşdırıcı kampaniyaların keçirildiyini və nəticə etibarilə, nağdsız dövriyyənin həcminin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.
    Tədbirə videoformatda qoşulan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov ölkə ərazisində ödəniş sistemlərinin sabit, etibarlı, təhlükəsiz fəaliyyətinin təşkili, əlaqələndirilməsi, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla davamlı olaraq inkişaf etdirilməsinin Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. Mərkəzi Bankın aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və bank sektoru ilə birlikdə ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində davamlı olaraq ölkəmiqyaslı layihələr reallaşdırdığını və strateji təşəbbüslər həyata keçirdiyini vurğulayıb.     
    Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Milli ödəniş sisteminin inkişafı və nəzarəti şöbəsinin əməkdaşı Xəyaləddin Tağıyevin, Azərbaycan Banklar Assosiasiyasının ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri, həmçinin “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri və mövcud imkanlar”, “Ödəniş kartları və onlarla əməliyyatlar” mövzularında çıxışları dinlənilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında bank sektorunun cari vəziyyətini xarakterizə edən videoformatda təqdimat izlənilib.
    Sonda universitetin nağdsız ödənişlərin həyata keçirilməsində fərqlənən 2 müəllim və 2 tələbəsinə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hədiyyələr təqdim edilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2022 20:46