AZ EN RU

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müsahibə yolu ilə 11 ümumtəhsil müəssisəsinə məktəb direktoru təyin olunub

        Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
    Direktor vəzifəsi üzrə namizədlərin müəyyən oluması iki formada təşkil edilib:
    1. Yerdəyişmə qaydalarına uyğun olaraq hazırda direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini,  məktəbdənkənar və sinifdənxaric tərbiyə  üzrə təşkilatçı vəzifələrində çalışan namizədlərin müsahibəyə cəlb edilməsi,
    2. Məktəbin növbədənkənar pedaqoji şura iclasında pedaqoji heyətin rəyi əsasında seçilən 2-3 namizədin müsahibəyə cəlb edilməsi. 
    Namizədlər yaradılmış komissiya tərəfindən qanunvericilik üzrə nəzəri, peşə üzrə texniki biliklər və idarəetmə bacarıqları olmaqla müsahibə olunub. Müsahibədə, ümumilikdə, 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndirilib və yekun orta balı 2,5 və daha yüksək olan  namizədlər  vəzifəyə uyğun hesab edilib. Ümumilikdə, müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb. Direktor təyin olunan məktəblər:
    Heydər Əliyev adına tam orta məktəb 
    Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb 
    Naxçıvan şəhər 7 nömrəli tam orta məktəb 
    Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb 
    Şərur rayonu, Qaraburc kənd tam orta məktəb
    Şərur rayonu, Yuxarı Yaycı kənd tam orta məktəb
    Babək rayonu, Qahab kənd tam orta məktəb
    Babək rayonu, Göynük kənd tam orta məktəb
    Culfa rayonu, Camaldın kənd tam orta məktəb 
    Kəngərli rayonu, Böyükdüz kənd tam orta məktəb
    Şahbuz rayonu, Biçənək kənd tam orta məktəb.
    Yeni təyin olunan direktorlarla dekabrın 1-də görüş keçirilib. Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov yeni təyin olunan direktorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən tədris ili ərzində vakant olan direktor,  direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.12.2023 14:36