AZ EN RU

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar və struktur dəyişiklikləri müsbət nəticələrini göstərir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasında da ümumi inkişafa xidmət edən əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin, istehsal sahələrinin və müxtəlif təyinatlı obyektlərin qurulması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının diqqət və qayğısı nəticəsində muxtar respublikada 2023-cü ilin ilk 4 ayında iqtisadi sabitliyə nail olunub, müdafiə, ərzaq və enerji təhlükəsizliyinə diqqət artırılıb, sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib.

Muxtar respublikada sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş Dövlət proqramlarının icrasının gücləndirilməsi, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanması, iqtisadi sahədə həyata keçirilən tədbirlərin yeni iqtisadi çağırışlara uyğun olaraq sahibkarlıq fəaliyyətinin, investisiya imkanlarının genişlənməsinə şəraitin yaradılması və digər yönlərdə görülən işlər barədə suallarımızı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədova ünvanladıq.  

Səbuhi müəllim, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət dəstəyi, verilən kreditlər sahibkarlığın formalaşmasına, kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilməsinə stimul yaradır. Naxçıvanda bu sahədə vəziyyət necədir? Yeni dövlət idarəçiliyi modelinin tətbiqindən ötən bir neçə ayda həyata keçirilən islahatlar barədə məlumat verməyinizi istərdik.

 – Çox sağ olun, yeni dövlət idarəçiliyi modelinin tətbiqindən sonra həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr həqiqətən də geniş ictimaiyyəti düşündürən aktual məslədir, güman edirəm ki, qəzetimizin bu təşəbbüsü də əhalini kifayət qədər məlumatlandırmaq baxımından öz effektini verəcək. 2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 66 milyon 885 min manat kredit verilib. Verilmiş kreditlərin 4 milyon 410 min manatı və ya 6,6 faizi sənayenin, 6 milyon 493 min manatı – 9,7 faizi ticarətin, 4 milyon 434 min manatı və ya 6,6 faizi kənd təsərrüfatı, 51 milyon 548 min manatı – 77,1 faizi isə digər sahələrə verilmiş kreditlərin payına düşüb. Cari ilin yanvar-mart ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklar vasitəsilə mal-material və avadanlıq alınması üçün xarici ölkələrə 20 milyon 395 min ABŞ dolları,      4 milyon 717 min avroməbləğində vəsait köçürülüb.

– Bəs, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı, pərakəndə ticarət dövriyyəsi, xidmət sektoru sahəsində artım müşahidə olunurmu?  

– Əlbəttə, özü də mən deyərdim ki, əhəmiyyətli artım dinamikası izlənilməkdədir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilib və hesabat dövründə 62 sahənin yaradılması başa çatdırılıb. Hazırda sənaye məhəlləsi, duz istehsalı müəssisəsi, spirtli içkilərin istehsalı, oksigen istehsalı, avtomobil təmiri, bitki yağı istehsalı, iplik istehsalı, süd emalı müəssisəsi, unlu-qənnadı məmulatları istehsalı, soyuducu anbar, göbələk emalı sahəsi, heyvandarlıq, quşçuluq, bağçılıq və müxtəlif xidmətlər üzrə 33 sahənin yaradılması davam etdirilməkdədir.

Muxtar respublika ərazisində dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin qanunvericiliyə uyğun satın alınması, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi istiqamətində tədbirlər görülür, bu sahədə işlər qanunvericiliyin tələbləri səviyyəsində təşkil edilib. Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı proseslərin aparılması davam etdirilir. Bu da muxtar respublikanın büdcə xərclərinin azalmasında öz müsbət təsirini göstərəcəkdir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun uğurla davam etdirilir. Gənclərlə bağlı reallaşdırılan tədbirlər sırasında onların ümumi təhsil səviyyəsinin artırılması da xüsusi yer alır. Bu məqsədlə hər il müasir avadanlıqlarla zəngin onlarla tam orta məktəb binaları tikilib istifadəyə verilir. Bəs ölkəmizin ayrılmaz parçası olan muxtar respublikamızda bu istiqamətdə nə kimi işlər görülür?

 – Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi, ölkəmizin hər yerində olduğu kimi, muxtar republikada da gənc nəslin yüksək səviyyədə təhsil alması ilə bağlı tədbirlər həyata keçirilir, bədən tərbiyəsi və idmanın kütləvi hal almasına, gənclərin fiziki inkişafına xüsusi diqqət yetirilir. Cari ilin ilk 4 ayında da bu istiqamətlərdə işlər diqqətdə saxlanılıb. Təhsil imkanların artırılması məqsədilə 198 şagird yerlik Şərur rayon Həmzəli, 414 şagird yerlik Vərməziyar və 378 şagird yerlik Babək rayon Vayxır kənd tam orta məktəbləri istifadəyə verilib. Hazırda 4 təhsil müəssisəsində - Babək rayon Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayon Azadkənd tam orta məktəbi, Babək və Şahbuz rayon məktəbdənkənar təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir.

Ölkəmizdə sosial sahə dövlət siyasətinin əsas prioritetlərindən hesab olunur, ilin müxtəlif vaxtlarında ölkə başçısının verdiyi tapşırıq və sərəncamlara əsasən bu istiqamətdə layihələr reallaşdırılır. Cari ilin ötən dövründə muxtar respublikada insanların rifahının yüksəldilməsinə xidmət edən hansı sosialyönümlü tədbirlər həyata keçirilib?

Bu dövr ərzində ölkə başçısının müvafiq tapşırıq və sərəncamları əsasında, Naxçıvanda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə yönələn tədbirlərin icrası davam etdirilib. Vətən müharibəsində xəsarət alaraq əlillik təyin edilmiş şəxslərdən 12 nəfəri avtomobillərlə təmin olunub, şəhid ailəsi və müharibə əlili olan 8 ailəyə isə mənzillər təqdim edilib. Həmçinin 187 nəfərə 357 ədəd texniki reabilitasiya vasitələri, 66 nəfər sağlamlıq imkanları məhdud şəxsə isə 275 ədəd köməkçi reabilitasiya vasitələri verilib. Muxtar respublikada məşğulluğa dair mövcud reyestrdə 1775 nəfər qeydiyyata alınıb, onlardan 172 nəfərin qeydiyyatı birdəfəlik dayandırılıb, 1031 nəfərə işaxtaran və 572 nəfərə isə işsiz statusu verilib, 308 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Müvafiq dövr ərzində 151 nəfər əlilliyi olan şəxsə maddi köməklik göstərilib, 8 əlilliyi olan şəxs sanatoriya-kurort yollayışı ilə təmin edilib.

Ölkəmizin iqtisadi inkişaf strategiyasında enerji təhlükəsizliyinin etibarlı təminatı başlıca istiqamətlərdən hesab olunur, son illərdə elektrik stansiyaları və ötürücü xətlərin müasir standartlara uyğunluğuna diqqət artırılıb, xüsusilə yaşıl enerjiyə keçid prosesi sürətləndirilib, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilib. Naxçıvanda da bu yöndə həyata keçirilən tədbirlər irimiqyaslıdır və nəticədə muxtar respublika enerji idxalçısından enerji ixracatçısına çevrilib. Cari ilin hesabat dövründə bu sahədə hansı yeniliklər əldə olunub?

 Bildiyiniz kimi, bu gün dünyada mühüm və strateji rola malik olan enerji siyasəti ölkəmizdə də dövlət siyasətinin başlıca prioritetini təşkil edir. 2023-cü ilin ilk 4 ayı ərzində elektrik stansiyalarında, yüksək gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun olaraq əsaslı və cari təmir işləri aparılıb, istehlakçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos yarımstansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qurulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi işləri davam etdirilib.

Səbuhi müəllim, müşahidələrimizə əsasən, deyə bilərik ki, gələcəkdə alternativ enerji mənbələri hesabına muxtar respublikanın öz tələbatını tam ödəməsi əsas hədəfə çevrilib.

– Tamamilə haqlısınız. Bu məqsədlərə çatmaq üçün əsas prioritetlər günəş və külək elektrik stansiyalarının qurulmasıdır. Cari dövrdə Şərur rayonunda gücü 8 MVt olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 meqavat Günəş Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir və cari ilin may ayında stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda tikilməkdə olan su elektrik stansiyalarının layihə gücü 51,6 meqavat təşkil edir. Ümumilikdə, günəş elektrik stansiyalarının layihə gücü 39, su elektrik stansiyalarının layihə gücü isə 68,4 meqavatdır.

Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər ərazisi ilə nəqliyyat əlaqəsi əsasən hava və İran İslam Respublikası ərazisindən keçməklə avtobuslar vasitəsilə təmin olunur. Eyni zamanda hava yolu ilə Türkiyə və Rusiyaya da uçuşlar təşkil edilir. Cari ilin ilk 4 ayında nəqliyyat daşımalarının vəziyyəti necə olub?

– Muxtar respublikada sərnişin daşımalarda, 2023-cü ilin ilk 4 ayı ərzində yerli hava xətləri ilə Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə istiqamətlərində 95 min 139 sərnişin, 1 508 ton baqaj, 495 ton yük, 6,5 ton poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan–İstanbul və Naxçıvan-Moskva istiqamətlərində min 642 sərnişin və 27,6 ton baqaj daşınıb. Naxçıvan-Bakı-Naxçıvan istiqamətindəki avtobus marşrutlarının fasiləsiz şəkildə hərəkəti təmin edilib. Müvafiq marşrutla cari ilin 4 ayı ərzində Naxçıvandan Bakıya 323 reys edilərək, 9737 sərnişin, Bakıdan Naxçıvana isə 325 reys olmaqla, 8928 sərnişin daşınıb.

Qeyd etdiyiniz məlumatlar belə deməyə əsas verir ki,ötən bir neçə ayda muxtar respublikada həyata keçirilən islahatlar sayəsində bir sıra parametrlər üzrə iqtisadi sabitliyə və inkişafa nail olunub, mövcud resurslardan səmərəli istifadə nəticəsində müəyyən makroiqtisadi göstəricilərdə artım müşahidə edilir.Şübhəsiz ki, bütün bunlar vergi prosesinə, maliyyə və büdcə gəlirlərinin artımına da təsirsiz ötüşmür.

– Cari dövrdə aparılan maliyyə və büdcə siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasında vergilərin və sığorta haqlarının vaxtında və tam yığılması təmin olunub, dövlət vergi orqanlarının işinin düzgün qurulması məqsədilə vergi orqanlarının strukturunda əsaslı islahatlar aparılıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilib, yeni ərazi vergi idarələri yaradılıb, muxtar respublikada ilk dəfə olaraq Naxçıvan şəhərində yeni avadanlıqlarla təchiz edilmiş xidmət mərkəzi qurularaq vergi ödəyicilərinin istifadəsinə verilib.

Muxtar respublikada 2023-cü ilin ilk 4 ayında büdcənin gəlirləri, ümumilikdə, 44 milyon 867 min manat proqnoza qarşı 55 milyon 878 min manat icra olunmaqla proqnoza 124,5 faiz əməl olunub. Bu məbləğ 2022-ci ilin analoji 4 ayı ilə müqayisədə 5 milyon 482 min manat çox icra edilib. Yığılan vəsaitin 51 milyon 61 min manatı vergi orqanlarının xətti ilə, 3 milyon 188 min manatı yol vergisi şəklində büdcəyə daxil olub. Vergi orqanları tərəfindən proqnoza 118,3 faiz əməl edilib.

Diqqətinizə çadırım ki, 2023-cü ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 15 milyon 17 min manat və ya 41,7 faiz, məcburi sosial sığorta daxilolmaları üzrə 5 milyon 636 min manat və ya 13,1 faiz, işsizlik sığortası daxilolmaları üzrə 178 min manat və ya 16,7 faiz, icbari tibbi sığorta daxilolmaları üzrə 840 min manat və ya 12,6 faiz artım olub. Onu da deyim ki, bu artım yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin, obyektlərin və nəzarət kassa aparatlarının , əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izləniliməkdədir. Belə ki, yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayında 1056 ödəyici və ya 2,2 dəfə, əlavə dəyər vergisi ödəyicilərinin sayında 174 ödəyici və ya 1,8 dəfə, yeni qeydiyyatdan keçmiş obyektlərin sayında 495 obyekt və ya 2,7 dəfə, yeni qeydiyyata alınmış nəzarət kassa aparatlarının sayında 1631 ədəd və ya 16 dəfə, yeni qeydiyyata alınmış pos-terminalların sayında 281 ədəd və ya 4,6 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyədə 74 milyon 795 min manat və ya 2,8 dəfə artım olub. Həmçinin ilin əvvəli ilə müqayisədə 1 may 2023-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 14 faiz olmaqla 1693 vergi ödəyicisi artıb. 2023-cü ilin ilk 3 ayı ərzində “ƏDVgerial” kompaniyası çərçivəsində 104,5 min manat əlavə dəyər vergisi istehlakçılara geri qaytarılıb.                                 

Muxtar respublikasının sosial-iqtisadi inkişafında heç şübhəsi ki, dövlət büdcəsinin xərclərinin səmərəliliyinin və büdcə daxilolmalarının artırılması da az rol oynamır. Bu istiqamətdə hansı işlər görülüb və nə kimi irəliləyişlər əldə olunub?   – Aktual bir məsələyə toxundunuz və deyim ki, fikrinizlə tamamilə çərikəm. Qeyd edim ki, cari dövrdə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Muxtar respublikada aparılan islahatlar, struktur dəyişiklikləri, görülən tədbirlər müsbət nəticələr verməkdədir. 2023-cü ildə büdcə gəlirlərinin nəzərdə tutulan vəsaitdən 20 faizədək artıq yığılacağı planlaşdırılır. Əməkhaqqı, sosial və digər ödənişlərlə bağlı xərclərin bir hissəsinin həmin vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulur ki, bu da mərkəzi büdcədən ayrılan dotasiyanın həcminin azalmasına gətirib çıxaracaqdır.

2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 179,8 milyon manat proqnoza qarşı 82,8 faiz və ya 148,9 milyon manat məbləğində icra edilib. Beləliklə 30,9 milyon manat məbləğində vəsaitə qənaət edilib. Eyni zamanda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən muxtar respublikanın bəzi qurumları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində baş idarə və ya idarə kimi saxlanılmışdır. Qeyd olunan qurumların növbəti il üçün büdcənin tərtibi prosesində müvafiq normativ hüquqi aktlara əsasən tabe olduqları müvafiq icra hakimiyyəti orqanlarının saxlanması xərclərində nəzərə alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq məktub ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Baş İdarəsinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin, Hesablama Palatasının və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin, Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun, Bioresurslar İnstitutunun, Batabat Astrofizika Rəsədxanasının, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Hərbi Prokurorluğunun saxlanma xərclərinin mərkəzdən həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda büdcə dürüstləşməsi aparılarkən cari ilin 2-ci yarımilində qeyd edilənlərin nəzərə alınması və xərclərin mərkəzə ötürülməsi planlaşdırılır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi və birbaşa tapşırığı ilə ölkəmizin hər yerində maliyyə siyasətinin düzgün, şəffaf aparılması, büdcə gəlirlərindən səmərəli istifadə, israfçılıq, qeyri-qanuni istifadə hallarına yol verilməməsi diqqətdə saxlanılır. Bildiyimiz kimi, hər il gəlir və çıxarlar hesablanmaqla dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiya ayrılır. Büdcə gəlirlərindən, maliyyə vəsaitlərindən düzgün istifadə mexanizminin təkmilləşdirilməsi və beləliklə də ayrılan dostasiyanın azaldılması ilə bağlı görülən işlər barədə məlumat verməyinizi istərdik.

– Naxçıvan Muxtar Respublikası Kabineti 2023-cü ildə büdcə gəlirlərinin maksimum səviyyədə artırılması hesabına muxtar respublikaya ayrılan dotasiyanın həcminin azaldılması üçün ciddi işlər aparmaqla müvafiq tədbirlər həyata keçirməkdədir ki, bunun da ilin sonunadək əhəmiyyətli dərəcədə müsbət nəticələri olacaqdır. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının məkrəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikası büdcəsinə ayrılması nəzərdə tutulan 134,3 milyon manat dotasiya 21,8 faiz və ya 29.3 milyon manat az olmaqla 105 milyon manat məbləğində icra edilib.2023-cü ilin ilk 4 ayında muxtar respublikada büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət daha da gücləndirilib, əməkhaqqı, sosial ödənişlər, digər zəruri xərclərin vaxtında ödənilməsi təmin edilib, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılıb. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları asanlaşıb, real sektorun inkişafına yönləndirilən tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə birlikdə effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşlarla dövlət qurumları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli təmin edilməkdədir. Artıq bu sahədə müsbət dəyişikliklər müşahidə olunmaqdadır.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.05.2023 16:34