AZ EN RU

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksək səviyyədə bank və ödəniş xidmətləri göstərilir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edildiyi vaxtdan bu günədək nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müasir ödəniş texnologiyalarından istifadə edilməklə əhaliyə bir sıra məsafəli bank xidmətləri göstərilmişdir.

    2022-ci ilin yanvar-iyun ayları ərzində özəl sektorda işçilərin əməkhaqlarının ödəniş kartları ilə həyata keçirilməsi məqsədilə nağdsız formada ödənişlərin əhəmiyyəti ilə bağlı yerində maarifləndirmə işləri davam etdirilmiş, publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində tədbirlərin icrası ilə əlaqədar yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmışdır. 
    Həmçinin təhsil müəssisələrində rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi üçün maarifləndirici görüşlər keçirilmiş, nağdsız qaydada əməliyyatların aparılmasının əhəmiyyəti izah olunmuş, o cümlədən ödəniş kartları və ödəniş xidmətləri sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində seminarlar keçirilmişdir. 
    Qeyd olunan tədbirlərin icrasını statistik rəqəmlərdə də müşahidə etmək üçün muxtar respublikada fəaliyyət göstərən banklar və onlar tərəfindən cari ilin ötən dövrü ərzində göstərilən xidmətlərin müqayisəli təhlilinə baxaq.
    1 iyul 2022-ci il tarixə muxtar respublika ərazisində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və onun 6 filialı, “Kapital Bank” ASC-nin 8 filialı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Naxçıvan filialı, “Azər-Türk Bank” ASC-nin Naxçıvan filialı, “Bank Respublika” ASC-nin Naxçıvan filialı, “Rabitəbank” ASC-nin Naxçıvan şöbəsi, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının   Naxçıvan filialı, “Finca Azerbaijan”nın Naxçıvan filialı və “Bərəkət” Kredit İttifaqı fəaliyyət göstərir. 
    Həmin tarixə 213 min 329 bank müştərisi mövcud olmuşdur ki, bunlardan da 2 min 126-sı hüquqi şəxs, 211 min 203-ü fiziki şəxs, 22 min 858-i isə fərdi sahibkarların payına düşmüşdür. 18 yaşdan yuxarı əhalinin, təxminən, 73 faizi bank müştərisidir.
    Vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasında “Naxçıvanpoçt” publik hüquqi şəxs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərir. Belə ki, Naxçıvan şəhərində 1 mərkəzi, hər bir rayonda 1 filialı olmaqla,             7 poçt filialı və 192 poçt bölməsi ilə fəaliyyət göstərən publik hüquqi şəxs ənənəvi poçt xidmətlərindən başqa sürətli pul köçürmələri sisteminə qoşularaq ölkədaxili pul köçürmələrini də həyata keçirir.
    Muxtar respublikada bank rəqabətliliyinin daha da artırılması, əhalinin bank məhsullarına çıxış imkanlarının daha da inkişaf etdirilməsi və xidmətlərin əhatəliliyinin genişləndirilməsi məqsədilə ötən müddət ərzində real sektorun, o cümlədən kiçik və orta biznesin maliyyə resursları ilə təminatı baxımından yeni fəaliyyətə başlamış “Bank Respublika” ASC-nin Naxçıvan filialının xidməti də qeyd olunmalıdır.
    Adıçəkilən proqramda nəzərdə tutulmuş mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi məqsədilə muxtar respublikada MilliÖn Naxçıvan Regional Xidmət Mərkəzinin fəaliyyəti təmin edilmiş və 1 iyul 2022-ci il tarixinə əhalinin daha çox üz tutduğu məkanlarda 57 ədəd olmaqla, MilliÖn ödəniş terminalları quraşdırılmışdır.
    Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bəhs olunan dövrdə cəmi 292 min 689 ödəniş kartı emissiya edilmişdir ki, bunun 86,8 faizini debet kartlar, 13,2 faizini isə kredit kartları təşkil etmişdir. Ödəniş kartlarının 30,4 faizi pensiya və sosial müavinət, 33,8 faizi isə əməkhaqqı kartlarının payına düşmüşdür. 
    Ödəniş kartlarının 90 faizi “Kapital Bank” ASC və “Naxçıvanbank” ASC tərəfindən emissiya edilmişdir. Muxtar respublikada hər 100 nəfər əhaliyə 63 ödəniş kartı düşür. Əhalinin bank və maliyyə xidmətlərindən daha asan şəkildə istifadə imkanlarının yaradılması məqsədilə bankların kart emissiyası üzrə fəaliyyətinin aktivləşdirilməsi və ödəniş kartı istifadəçilərinin sayının artırılması Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əsas hədəflərindən biri olmuşdur.
    Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 8-i cashin (kart hesabına vəsaitin mədaxili) və 6-sı exchange (valyutadəyişmə) funksiyalı olmaqla, 118 bankomat quraşdırılmışdır. Həmin bankomatların 63-ü Naxçıvan şəhərinin, 16-sı Şərur rayonunun, 6-sı Babək, 8-i Ordubad, 10-u Culfa, 5-i Şahbuz, 6-sı Kəngərli və 4-ü Sədərək rayonlarının payına düşmüşdür. Muxtar respublikanın rayonlarında bankomat şəbəkəsinin genişləndirilməsi məqsədilə yeni bankomatların gətirilməsi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
    Ötən dövr ərzində muxtar respublikada quraşdırılmış bankomatların mütəmadi olaraq monitorinqi həyata keçirilmiş, yararsızların dəyişdirilməsi, texniki nasazlığı olan bankomatların işləkliyinin təmin olunması, avadanlıqların təmizliyinin diqqətdə saxlanılması ilə bağlı aidiyyəti banklara tapşırıqlar verilmiş, nöqsanların əksəriyyəti aradan qaldırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
    Bəhs olunan dövrdə muxtar respublikada pensiyaçıların ümumi sayı 44 min nəfər olmuşdur. 2022-ci ilin birinci yarım ili ərzində verilmiş pensiyanın məbləği 99 milyon manat təşkil etmişdir. Pensiya alanların 52 faizi öz pensiyalarını “Kapital Bank” ASC, 14 faizi “Naxçıvanbank” ASC, 30 faizi isə “Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən təqdim olunmuş ödəniş kartları vasitəsilə əldə etmişlər. Pensiya alanların 4 faizi isə poçt xidməti vasitəsilə sosial ödənişləri almışlar. Muxtar respublikada pensiyaların 96 faizi ödəniş kartları vasitəsilə paylanılmışdır. 
    Cari ilin ilk 6 ayı ərzində muxtar respublikada sosial müavinət alanların ümumi sayı 28 min nəfər olmuşdur. Həmin dövrdə verilmiş sosial müavinətlərin məbləği xidmət haqqı ilə birlikdə, 25 milyon manat təşkil etmişdir. Sosial müavinət alanların 87 faizi öz sosial müavinətlərini “Kapital Bank” ASC, 11 faizi “Naxçıvanbank” ASC tərəfindən təqdim edilmiş ödəniş kartları vasitəsilə əldə etmişlər. Sosial müavinət alanların 2 faizi isə poçt xidmətləri vasitəsilə sosial ödənişləri əldə etmişlər. Muxtar respublikada sosial müavinətlərin 98 faizi ödəniş kartları vasitəsilə paylanılmışdır.
    Ortaaylıq pensiyanın məbləğinin 375 manat olduğunu nəzərə alsaq, ayın ilk 11 günü ərzində bir bankomatdan, təxminən, 628 pensiyaçı və sosial müavinət əldə edən şəxs öz sosial ödənişlərini əldə etmişlər. 
    Muxtar respublikada 1 iyul 2022-ci il tarixə 99 min 156 əməkhaqqı kartı mövcud olmuşdur ki, bunun da 58,6 faizi “Kapital Bank” ASC tərəfindən emissiya edilmişdir. Dövlət sektorunda əməkhaqlarının 100 faizi və qeyri-dövlət sektorunda isə əməkhaqlarının 95,6 faizi ödəniş kartları vasitəsilə paylanılmışdır.
    1 iyul 2022-ci il tarixə muxtar respublikada 909-u təmassız olmaqla, ümumilikdə, 1590 POS-terminal quraşdırılmışdır. Naxçıvan şəhəri üzrə hər 10 min nəfərə düşən POS-terminalların sayı, təqribən, 80 olduğu halda, Sədərək rayonunda bu göstərici 13 ədəd təşkil etmişdir. Eyni zamanda POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlərin həcminə nəzər salsaq, ən yüksək göstərici 16 milyon 768 min 37 manat olmaqla, Naxçıvan şəhərində, ən aşağı rəqəm isə 400 min 642 manat olmaqla, Şahbuz rayonunda müşahidə edilmişdir.
    Bir POS-terminala düşən əməliyyatın ortaaylıq həcmi yanacaqdoldurma məntəqələrində, mehmanxana və istirahət mərkəzlərində, məişət avadanlıqları və texnologiya sahələrində daha çox olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların əksər hissəsində dövriyyə 1000 manatdan çox təşkil etmişdir. Təsərrüfat subyektlərinin 76,3 faizində POS-terminallar quraşdırılmış, digər təsərrüfat subyektlərində isə bu proses mərhələli şəkildə davam etdirilməkdədir.
    1 iyul 2022-ci il tarixə muxtar respublikada ödəniş kartları ilə aparılan əməliyyatların həcmi (ölkəxarici əməliyyatlar nəzərə alınmaqla) 443,5 milyon manat olmuşdur ki, bunun da 12,2 faizi nağdsız əməliyyatların payına düşmüşdür. Ödəniş kartları ilə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart infrastrukturunun formalaşdırılması və təkmilləşdirilməsi, eyni zamanda bu istiqamətdə əhalinin maarifləndirilməsi və kart ödənişləri üzrə əhalinin inam və etibarının artırılması sahəsində işlər davam etdirilmişdir.
    Proqram qəbul olunduğu tarixdən başlayaraq müvafiq illər üzrə həm POS-terminal, həm də internet və digər ödəniş vasitələrilə aparılmış əməliyyatların həcminə nəzər salsaq, görərik ki, 2019-cu illə müqayisədə 2020-ci ildə 96,2 faiz, 2020-ci illə müqayisədə isə 2021-ci ildə 33,2 faiz artım olmuşdur. Bu artım da, əsasən, Naxçıvan şəhərinin, Şərur, Ordubad və Culfa rayonlarının payına düşmüşdür. Həmçinin cari ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə nağdsız dövriyyənin həcmi 1,5 dəfədən çox artaraq 86 milyon 206 min manat olmuşdur. Aparılan nağdsız ödənişlərin 23 milyon 48 min manatı POS-terminallar vasitəsilə, 63 milyon 158 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilmişdir. 
    Muxtar respublikada fəaliyyət göstərən bank sektoru tərəfindən rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsinin icrası istiqamətində ötən dövr ərzində əldə edilmiş nəticələr qarşıya qoyulmuş tapşırıqların Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən uğurla icra olunduğunu deməyə əsas verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsi

Nəşr edilib : 24.08.2022 18:55